Xəbər verdiyimiz kimi Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyi şəhid General Polad Həşimovun xatirəsini daha da əbədiləşdirmək üçün müsabiqə elan edib. Bizi dəstəkləyən və ilk olaraq yazısını göndərən tanınmış yazıçı Azad Qaradərəli oldu.
Müstəqil.Az tanınmış yazıçının yazısını və müraciətini yayınlayır
“Salam. Mən bu yazını sizin elandan bir gün əvvəl yazmışam. Yəni, məqsədim müsabiqədə iştirak edib yer tutmaq-filan deyil. Sadəcə, sizin müsabiqənizi alqışlamaq və dəstəkləmək üçün bu kiçik hekayəni göndərirəm. Çox xahiş edirəm ki, məni fəxri iştirakçı kimi qeydə alasınız. Qaliblərin isə gənc yazarlar olmasını arzu edirəm. Sayğıyla Azad Qaradərəli.
16.07.2020.”
MƏZARDAN QALXAN NİDA
(General Polad Həşimiovun məzarda monoloqu)
Günəş bizsiz doğursa, qəm etməyin, şəhid qardaşlarım. Bu o demək deyil ki, günəş bizi görmədi – gördü, sadəcə həmişəki kimi gülümsəyə bilmədi. Onun sarı-sarı kədəri qanlı alnımızdan öpdü, yaralı sinəmizi sığalladı, açıq gözlərimizi sığadı. Hamısı yaxşı idi, fəqət gözümüzü sığamasını istəmirdim – baxmaq istəyirdim Vətənimə. Görüm məndən sonra ordumuz qisasımızı aldımı? Günəşsə gözümüzü el adətincə sığadı…
Bizi el adətincə ölmədik ki, el adətincə dəfn edəsiniz. Gözüaçıq basırın bizi. Gözümüz arxada qalıb axı! Qarabağımız düşməndə, Tovuzumuz güllə altında… Nə el adəti… Ohhhh… Yaralarım ağrıdı… Yox, güllə yarası ağrıtmaz məni, ağrı işimin yarımçıq qalmasındandır. Mən Qarabağda vurmağı, sonra vurulmağı arzu etmişdim axı… Qismət olmadı… Gözüm görmür daha, ay Günəş, mən sənə nə deyim? Vaxtsız ölənin gözünü vaxtsız sığayarlarmı?!.
Gözümüz görməsə də, qulağımız eşidir – mən bizim topların səsini ayırd edə bilirəm axı. “Bum!” – bax bu düşmən topudur. Tovuzda Əziz kişinin evinə düşdü, qanına qəltan etdi onu. Hə, hə, nə durmusunuz?! Nə əmr?! Vurun! Mən sizə əmr edirəm!!! Vurun düşməni!!!
“Bum!” “Bum!” “Bum!”
Afərin uşaqlar! Dəqiqi atırsınız. Amma sizdən bir xahişim var: mülkü əhali olan yerə atmayın… Hə, bu, əmrdir! Düşmən postuna, atəş! Atəş! Atəş!
Yaxşı, qışqırdım, yaram qan verdi. Mən getməliyəm… Babalarımız demiş: gedən cismimdir. Ruhumu və bu yaralı ürəyimi sizə vermişəm…
Ayıq-sayıq olun!..
Eşidirsiniz səsini, ən gənc şəhidimizin yarasından qan açıldı, məni çağırır. O zarıyan isə 6 aylıq körpəsinin səsi qulaqlarında qalan, şad ola bilməyən Elşaddır. Hər körpə səsi eşidəndə bağırır, bədənindəki qəlpələr təzədən partlayır, qan aparır onu… Burda da işim çoxdur. Getməliyəm…
Yenə deyirəm: ayıq-sayıq olun!
Gözünüzü dörd açın…
Bu gün bütün Azərbaycan torpağı səngər olmalı!
Hamı səngərə!
AZAD QARADƏRƏLİ
15.07.2020