Təqvimdə 10 oktyabr 2016-cı il idi. ABŞ-ın Miçiqan ştatının Blumfild Hils şəhərində, məşhur soydaşımız Şapur Ənsarinin evində möhtəşəm bir məclis qurulmuşdu. Məclisin əsas qonağı O, idi. Bir çox məşhur İran azərbaycanlıları ilə birlikdə, mən də həmin məclisin qonaqları sırasındaydım. O, ara-sıra mahnı oxuyur, muğamların şöbələri haqqında söhbətlər edir, məclisə xüsusi rəng qatırdı. Yaxşı yadımdadır, hamı ona hehyranlıqla qulaq asırdı. Sanki sehirli bir aləmə düşmüşdülər. Gecənin yarısına kimi bu qonaqlıq davam etdi…
Çox qeyri-adi insandır. Unikal istedada malikdir. Ona meydan verildisə digərlərindən üstünlüynün şahidi olacaqsınız. Hansı məclisə daxil oldusa, orada iştirak edən adamlar arxa plana keçir, diqqət mərkəzində yalnız o, olur. Tərifi xoşlayır. Deyin ki, hələ bu vaxtacan belə qeyri-adi insan görməmisiniz. İnanın ki, O, bunu təbii hal kimi qəbul edib və daha da ilhamlanacaq.
Olduqca məğrur və qürurlu şəxsdir. Zirvədə olmağa, zaman-zaman yüksəlməyə çoxdan öyrəşib. Sənətinin vurğunudur. Bu yolda rahatlığını, şəxsi maraqlarını qurban verməyə həmişə hazırdır…
Haqqında söhbət açdığım Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (həmin kənd indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
1993-cü ildə xalq artisti fəxri adına layiq görülüb. 2008-ci ildə “Şöhrət”, 2017-ci ildə isə “Şərəf” ordenlərilə təltif edilib…
Deyir ki,- “Allah xalqımızı qorusun! Sənətkarların özünə, sənətinə məxsusi simpatiya duyanlar var. Bu, ləzzətli duyğudur. Hətta miqdarı çoxaldıqca “qudurursan”, bezirsən. İnsan belə məxluqdur. Hər şeydən bezir. Lakin bunu sevənlərinə bildirməməlisən. Bəzən ağır konsert proqramından halsız, yorğun çıxıram. Bir uşaq yaxınlaşır ki, şəkil çəkdirmək istəyir. Mütləq çəkdirirəm. Hətta yanımdakılar da etiraz edir. Deyirəm, yox, bu elə bir sevgi, elə doğma istəkdir ki, mütləq qarşılıq verməliyəm. Hərdən deyirəm ki, 40 ildir pəhrizdəyəm. Əlimdə silah sənətin keşiyində durmuşam. 5 dəqiqəlik ifa üçün bəzən 3-4 gün yataqdan çıxmamışam. Xəstə yatağında müalicə alıb, sağalmışam ki, konsert vaxtı səsim sözümə baxsın. Bu zülümlərin tək şahidi Allahdır. O qədər zövqdən, adi yeməkdən, gəzməkdən imtina etmişəm ki, sənətim üçün, qazandığım sevginin əvəzini verə bilim. Bu sevgi məni özümə qarşı hədsiz tələbkar edib. İllərdir öz istəklərimi, rahatlığımı unutmuşam. Bəzi sənətkar dostlara nəzər salıram. Elə sərbəst, elə rahatdırlar ki. Onlar elə bil,- necə oxuyacam, bunu bacaracammı, səsim məni yarıyolda qoymayacaq ki,- özlərinə sual verib, düşünmürlər. Mən belə etinasız ola bilmirəm. Bəzən ifamda xırda bir qüsur sezirəm. Heç kim fərqinə varmasa da günlərlə içimi didirəm ki, niyə məndə alınmadı. Hətta son vaxtlar konsetim gözəl keçəndə, evə zəng vururam ki, şükür Allaha azad oldum!..”
Boş yerə vaxt itirməyi sevmir, bütün işlərdə dəqiqliyi xoşlayır. Kimdənsə minnət götürməyi, kiminsə yanında başıaşağı olmağı, kiməsə zəif adam təsiri bağışlamağı xoşlamır. Ətrafdakılara qarşı çox diqqətlidir, həmsöhbətini səbir və təmkinlə dinləməyə hazırdır. Qarşısında duran şəxsi bir müddət süzür və ya gözlərinin içinə baxıb, onun nə dərəcədə səmimi olub-olmadığını duya bilir.
Özünə qarşı çox tələbkardır. Sadəliyini, dürüstlüyünü qoruyub saxlamağı bacarır.
Rusların belə bir məsəli var, tərcümədə təxminən belə səslənir- “Əvvəlcə nüfuz qazan, sonra nüfuzun sənin üçün işləyəcək.” Heç vaxt nüfuzundan istifadə edib, yanlış addım atmır.
“Ümumiyyətlə, oxumaq istədiyim çox əsər olub. Məsələn, rəhmətlik Şəfiqə Axundovanın “Bu ayrılıq nədən oldu” mahnısı. Dəfələrlə məşq etmişəm, sözlərini əzbərləmişəm. İstədiyim halda, əhvalda oxuya bilmədiyimə, ifamın ruhuma cavab vermədiyinə görə illərdir, elə sakit də qalıb. Türk sənətçiləri də bu əsəri orkestr ilə çox maraqlı ifa ediblər deyə yalnız tar və kamança ilə o eşqi ala bilməmişəm. Yəqin bu səbəbdəndir ki, hələ də gözləyirəm. Belə çox mahnılar var. Bəziləri var ki, çox qəlizdir. Məsələn, Zəki Mürenin bir neçə əsəri var. Çoxdan əzbərləmişəm, özüm üçün zümzümə edirəm, amma studiyaya gedib lentə aldırmaqda tərəddüd edirəm. Bilirsiniz, bizdə musiqi aləti də azdır. Tar, kamança, dəflə həmin orkestr səslənməsinə nail ola bilmərik. Çox mahnı var ki, niyyətlənirəm, amma son nəticə ruhumu oxşamadığı üçün bölüşməyə cürət etmirəm.”- söyləyir.
Ağıllı, səmimi və etibarlıdır. Nəzakətli olsa da, etik qaydalara riayət etsə də, açıq danışmağı da xoşlayır. Onun üçün Haqq hər nəsnədən yüksəkdə durur. Bəli, ilk dəfə ABŞ-ın Miçiqan ştatında üz-üzə gəldiyim xalq artisti Alim Qasımovu belə tanıyıram…
Bu gün avqustun 14-ü bu böyük sənətkarın döğum günüdür, 65 yaşı tamam olur. Tanrı dünya malından heç nəyi ondan əsirgəməyib:- İstedad, ağıllı övlad, ev-eşik, firəvan həyat, yaxşı dolanışıq. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
Elman Eldaroğlu