Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Rakuv” klubu olduqca maraqlı tarixçəyə sahibdir. “Qafqazinfo” xəbər verir ki, 1921-ci ildə yaranan klub hazırkı vəziyyətə gəlmək üçün uzun yol qət edib.
Rakov şəhərində əsası qoyulan bu komanda qeydiyyata düşə bilmədiyi üçün 1925-ci ildə dağılır. Bundan cəmi iki il sonra isə “Robotniczy Klub Sportowy” (İşçi İdman Klubu) adı ilə yenidən fəaliyyətə başlayır.
1928-ci ildə Rakov şəhəri Çenstoxova rayonuna çevrilir. Klub isə Polşa Sosialist Partiyasının himayəsi altında fəaliyyətinə davam edir, sponsor isə şəhərdəki polad zavodu olur. İkinci yaradılışından 10 il sonra “Rakuv” çempionatın A kateqoriyasına yüksələ bilir. Dünya Müharibəsi zamanı futbol yarışları dayandığı üçün çenstoxovalılar da heç bir liqada çıxış etmir. Müharibə bitdikdən sonra fəaliyyətinə yenidən başlayan “Rakuv” 1962-1966-cı illərdə Polşa İkinci Liqasında çıxış edir. 1967-ci ilin iyulunda “Rakuv” ölkə kubokunun finalına çıxır və burada Krakov “Visla”sına 0:2 hesabı ilə uduzur. Cəmi 5 il sonra yenidən kubokda uğurlar qazanılır. Komanda yarımfinala qədər gəlir, burada isə Varşava “Legiya”sı ilə dueldən qalib ayrıla bilmir. 1993-cü ildə “Rakuv” yeniyetmələrdən ibarət komanda ilə Polşa İkinci Liqasında 2-ci yeri turur və 1994-cü ildən Birinci Liqada mübarizə aparmağa başlayır. 4 mövsümlük yüksək liqadan sonra klub 1998-ci ildə komanda 4-cü liqaya qədər düşür.
Aşağı liqalarda keçən 17 illik enişli-yoxuşlu yolların ardından 2016-cı ildə qarşıda olacaq böyük uğurların təməli qoyulur.
Komanda Polşa ikinci divizionuna – Birinci Liqaya qayıdır. Burada çempionluq titulu qazanılır. 2019-2020-ci il mövsümündə “Rakuv” 21 illik fasilədən sonra əsas liqaya – Ekstraklasaya geri dönür. 2020-2021-ci il mövümündə klub çempionatı ikinci yerdə başa vurur və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanır. UEFA Avropa Konfrans Liqasının təsnifatlarında oynayır. Həmin mövsüm komanda ölkə kubokuna da sahib çıxır. 2021-ci ildə “Rakov” Polşa Superkubokunda ölkənin ən titullu klubu Varşava “Legiya”sını penaltilərlə məğlubiyyətə uğradır və mövsümdə ikinci kubokunu qazanır.
Konfrans Liqasında da komanda yaxşı addımlayır Litvanın “Suduva” klubu üzərində qələbədən sonra Rusiya “Rubin”i də məğlub edilir. Lakin Belçikanın “Gent” klubu ilə mübarizədə polşalılar qələbə qazana bilmirlər. Səfərdəki 0:3 hesablı məğlubiyyətlə mübarizəni dayandırmalı olurlar.
Növbəti mövsüm də “Rakuv” üçün uğurlu olur. Onlar ardıcıl ikinci dəfə ölkə kubokuna sahib çıxırlar və həlledici görüşdə “Lex” 3:1 hesabı ilə məğlub edilir. Çempionluq üçün isə 5 xal çatmır.
Nəhayət 2023-cü il mayın 7-də “Rakuv” tarixinin ən uğurlu gününü yaşayır. Onlar ilk dəfə Polşa Ekstraklasasını qazanırlar və 7 il ərzində tarix yazırlar.
Qısa müddətdə böyük uğurlar qazanan çenstoxovalıların inkişafında əsas pay sahibi isə məşqçiləri Marek Papşundur. 2016-cı ildən klubun “sükanı arxası”nda olan çalışdırıcı çempionluqdan sonra komandadan ayrılıb.
Oynadığı futbolla, heyətindəki bəzi futbolçularla Avropa nəhənglərinin diqqətini çəkən “Rakuv” artıq gücünün yarısını itirib. Papşunun gedişindən sonra bir neçə oyunçu da klubdan ayrılmaq qərarı verib. Çempion olan heyət qalsaydı, polşalıları “Qarabağ” üçün çox ciddi rəqib saymaq olardı. Amma bu cür itkilər və yeni gələnlərin adaptasiya mərhələsi klub üçün ciddi itki sayıla bilər. Elə Polşa mətbuatı da bu amili qabardır. Məhz bu səbəbdən həmkarlarımız ötən mövsüm “Lex”ə 5 qol vuran Ağdam klubunu əsas favorit sayırlar.