80 yaşlı Olimpiada iştirakçısı 18 il əvvəl aldığı biletlə kosmosa uçdu

80 yaşlı Olimpiada iştirakçısı 18 il əvvəl aldığı biletlə kosmosa uçdu

“Virgin Galactic”in “Unity” kosmik gəmisi kommersiya heyəti ilə suborbital uçuşu uğurla başa vuraraq Nyu-Meksikoda yerə enib.

Aparat “Eve” təyyarəsinin köməyi ilə havaya qalxıb. Təxminən 15 km hündürlükdə kosmik gəmi daşıyıcıdan ayrılıb və öz reaktiv mühərrikindən istifadə edərək 88 km-dən çox hündürlüyə çatıb.

ABŞ Hərbi Hava Qüvvələrinin təsnifatına görə, kosmosun sərhədi təxminən 80,45 km sayılır. Halbuki, Beynəlxalq Aviasiya Federasiyasının təsnifatına görə, kosmos 100 km-dən də yüksəklikdə olan Karman xəttindən başlayır.

Bildirilir ki, gəminin heyəti bir neçə dəqiqə çəkisizlik vəziyyətində olub. Bundan sonra “Unity” enməyə başlayıb. Aparat Nyu-Meksikoda Amerika Kosmik Limanının uçuş-enmə zolağına düşüb. Ümumilikdə uçuş 16 dəqiqə davam edib.

Budəfəki kosmik heyətə 1972-ci il Olimpiadasının iştirakçısı 80 yaşlı Con Qudvin və “Space for Humanity” qeyri-kommersiya təşkilatı tərəfindən keçirilən lotereyanın qalibi olan Karib adalarının sakinləri Keyşa Şahaff və qızı Anasteyşa Mayers daxil olub. Onları “Virgin Galactic”in astronavt təlimatçısı Bet Moses müşayiət edib. Bununla yanaşı, “Unity”ni idarə edən iki pilot da həyatə qatılıb.

Maraqlıdır ki, Qudvin kosmik gəmi səyahəti üçün bileti 18 il əvvəl, təxminən 200 min dollara alıb. Hazırda biletin qiyməti 450 min dollardır.

Mənbə: TASS

Share: