İlhan Qəhrəman
GÖRÜŞ
Bir zaman kirayə həyətdə
qonşu idik,
Hesabladım –
40 ildən sonra görüşdük.
İlahi, nə qədər xatirə sığar
adamın içinə?!
Elə bil bacadan işıq düşdü,
qaranlıq damın içinə.
Xatirələr yorğan altına dolmuş
uşaq kimi baş qaldırdılar,
geyinib işığa çıxdılar,
dayanıb bir-birinə baxdılar…
O məni süzürdü, mən də onu
Gördü hələ dizlərimdə taqət,
qollarımda tutam durur…
Evdəkiləri soruşdum,
dedi – anam ölüb, atam durur.
Səsində uğursuz taledən gəlmə
narazı ton,
Əynində dizinə enən
güllü don vardı.
İstiyə təslim olan
məst dana gözlər kirpik döyürdü,
O gözəlliyini öymürdü,
amma, Allah tərəfi
gözəlliyi onu öyürdü.
Şaqraq gülüşü
qayadan axan su şırıltısı…
Üzü suya düşən
Günəşin parıltısı.
Həmişə sadə oldu
naz etmədi, əda bilmədi…
Mənzil başında
təklik üzündən əfv dilədi,-
evinə dəvət edə bilmədi…
26.06.2021
*****
Bozaran hava mənəm,
Bostanda sava mənəm.
Leyləyi uçub gedən,
Boş qalan yuva mənəm.
***
Uzaqdan yaxın qaçır,
Az qalır, çoxum qaçır.
Məndən ayrılıb sənə,
Gecələr yuxum qaçır.
***
Əli belli kişilər,
Bağı güllü kişilər.
Sizə quzu kəsərəm,
İşdə əlli kişilər.
***
Dədəm yaşı kişilər,
Ürək başı kişilər.
Hər dəm yadıma düşür
O nimdaşı kişilər.
***
Yaz çeşməli dərələr,
Qış pəlməli dərələr.
Qurd qorxusundan gecə
Vahiməli dərələr.
BİR QARNI AC, BİR QARNI TOX
İş axtarır, ayaq döyür,
Bir qarnı ac, bir qarnı tox.
Yanır gün altda qaralır,
Bir qarnı ac, bir qarnı tox.
Bir manat artıra bilmir,
Borclardan qurtara bilmir.
Bir şirin xatirə bilmir…
Bir qarnı ac, bir qarnı tox.
Tikdiriblər qalaları,
Dörd tərəfdə tulaları.
Evdə körpə balaları, –
Bir qarnı ac, bir qarnı tox.
İşlədənlər haqqın vermir –
O dələduz, çapqın vermir,
Məmur adlı satqın vermir…
Bir qarnı ac, bir qarnı tox.
İşdən başqa azar bilmir,
Gərdişi kim pozar? – bilmir!
Şənbə bilmir, bazar bilmir,
Bir qarnı ac, bir qarnı tox.
Hanası var, əriş yoxdu,
Yay çəkməyə kiriş yoxdu,
Qol var, alət var, iş yoxdu,
Bir qarnı ac, bir qarnı tox.
Evdə arvadı qınayır,
Barmağında borc sanayır.
Dünyanı belə tanıyır, –
Bir qarnı ac, bir qarnı tox.
Şair quru nəfəs durur,
Xeyir-şəri savaşdırır,
Ümid doğur, o basdırır,
Bir qarnı ac, bir qarnı tox.
21.06.2021