Deyir ki,- “Vəfat edəndən sonra məni kim yada salar, xatırlayar, sağ olsun. Yoxsa ki, yubiley tədbiri keçirirlər, adamı əyləşdirirlər səhnədə. Çıxan tərifləyir. Mən nə etmişəm ki, sadəcə öz işimi görmüşəm. Heç kimdən nəsə ummuram. Bircə narazılığım təqaüddəndi. 400-500 manat təqaüd alıram. İndiki zamanda bu pulla necə dolanmaq olar?..”
Onun adı Azərbaycanda çox məşhurdur. Bütün ömrü boyu “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Ötən əsrin 70-90-cı illərində kinomuzun tərəqqisində böyük xidmətləri var. Bəli, Eyvaz Borçalını deyirəm. O Eyvaz Borçalını ki, 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı rayonunun Ağaməmmədli kəndində dünyaya gəlib. Onbirillik məktəbi bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə göndərilib. 1964-cü ildə buranı bitirdikdən sonra, “Azərnəşr”də redaktor kimi əmək fəaliyyətinə başlayıb. Tezliklə “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü seçilib. 1971-1984-cü illərdə “Mozalan” satirik kino-jurnalının baş redaktoru işləyib. 1984-1986-cı illərdə isə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib…
“Halımı soruşursan. Ev dustağıyam. Dustaq necə olar? Ahıl yaşındayam. Xroniki xəstəliyim də var. Bayıra çıxmağa icazə yoxdu, evdəyəm. Daim evdə oturmaq da insanı yorur, bezdirir. İstəyirsən, küçəyə çıxasan, şəhəri görəsən. Görmə qabiliyyətim də zəifdi…”- söyləyir.
Ədəbi yaradıcılığa 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan “Əbədi məşəl” şerilə başlayıb. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirib. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetində üç çağırış deputat olub. Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. Sinəsini “Şərəf nişanı” ordeni və “Tərəqqi” medalı bəzəyir…
Deyir ki,- “Bu gün, kinoya az fikir verilir. Məsələn, bir neçə dəfə Rusiya istehsalı filmləri izləmişəm, onlar səviyyəni saxlayıblar. Bilirsiz, keçid dövründə kinostudiyanı məhv etdilər. Mən rəhbər olduğum dövrdə kinostudiyanın 2000 işçisi vardı. Indi 60-70 işçi qalıb, ya qalmayıb. Onlar da əmək haqlarını vaxtlı-vaxtında ala bilmir. Kinomuzun dirçəlməsi üçün yaxşı maliyyə və uzun zaman lazımdı…”
Kinostudiyanın bu hala düşməsindən çox təəssüf edir Hiss olunur ki, bir vaxtlar rəhbərlik etdiyi müəsissənin tənəzzülə uğraması ürəyini göynədir, onu çox narahat edir.
“Bəstəkarlarımızın yaratdığı o gözəl mahnıları niyə sevirik? Onları sevə-sevə, ürəyimiz riqqətə gələ-gələ dinləyirik. Çünki onlarda xalqın ruhu var. Filmlər də belə olmalıdır…”- söyləyir.
Yaşının bir əsr olmasına on beş il qalmasına baxmayaraq hələ də hafizəsi yerindədir, olub keçənləri yaxşı xatırlayır. Zadəganlara xas olan davranışı var. Onunla ünsiyyətdə olanda sanırsan ki, dünyanın ən yaxşı insanlarından biri ilə üz-üzə dayanmısan. Elə bil, kübarlıq onun alın yazısıdır, fitrətindən gəlir…
Deyir ki- “Əvvəlki filmlər bir başqa aləm idi. Məsələn, “Tütək səsi” filmi. Filmin gözəl alınmasında İsa Muğanna kimi dahinin və Rasim Ocaqov kimi böyük rejissorun zəhməti var. Bu şəxslər həyatda tamam fərqli insanlar idi, amma birləşdikdə möhtəşəm bir iş ortaya qoyurdular. Kino millətin ruhudur. Bu adamların ikisində də o ruh vardı! Amma indiki filmlərdə qışqır-bağır, şit hərəkətlər, mebel, kolbasa-sosiska, hətta “qadın bezi” reklam edilir. Adət-ənənələrimiz, xeyir-bərəkət, evin odu-istisi ixtisara düşdükcə itib gedir. Bu məsələlərə diqqət edən də yoxdur ki, filmlərlə nəyi təbliğ edirik, nəyi kənara itələyirik…”
Sevimli jurnalistimiz İlhamiyyə Rzanın sözü olmasın, “Borçalı” kəlməsini brendə çevirən Ayvaz Məhəmməd oğlu Ayvazovun- Eyvaz Borçalının mayın 5-də 85 yaşı tamam olur. Bu yaşda insana nə arzulamaq olar- uzun ömür, can sağlığı, ağrı-acısız günlər və dolanışığını təmin edəcək qədər təqaüd…
“Mən ümumiyyətlə uşaqlıqdan ad günü nədir, bilməmişəm. 65 yaşm tamam olanda Anar müəllim dedi ki, gəl sənə yubiley keçirək. Dedim, sağ olun, istəmirəm. Mənim fikrimcə, yubileylər dahilər üçün keçirilməlidir…”
Elman Eldaroğlu