Yeni Füzuli şəhəri belə olacaq – FOTO

Yeni Füzuli şəhəri belə olacaq – FOTO

Azərbaycan Prezidenti tərəfindən Qarabağın hava qapısı elan edilən Füzuli şəhəri yenidən canlanacaq. Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, bunu parlamentdə Füzulini təmsil edən millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, yeni Füzuli işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq: “Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq. Füzuli şəhəri hava limanı daxil olmaqla 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yollarına malik şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək.

Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur”.

V.Bayramov qeyd edib ki, Füzuli şəhəri yalnız hündürmərtəbəli binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək: “Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin!”

Share: