Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin , vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.
Bayraq ölkənin ən müqəddəs rəmzlərindəndir.Bayraq millətin varlığının , mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.Hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeri olan bayraq özünütəsdiq simvoludur. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bizim bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!” Müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Üçrəngli bayrağımız artıq Qarabağin düşmən tapdağından azad edilmiş şəhər,kənd və qəsəbələrində dalğalanır. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni əsirgəməmək bizim müqəddəs borcumuzudr. Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir və üçrəngli bayrağımız mötəbər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Bayrağımız bizim iftixar mənbəyimizdir. Arzum budur ki, bu iftixarımız əbədi olsun!
Ağayev İlham Abidin oğlu,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru