İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki” – Azər TURAN

İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki” – Azər TURAN

Azər TURAN

 

Çələbi Cahan onu “məfkurələr fabriki” adlandırır.

İsmayıl bəy Qaspıralının bundan dəqiq ünvanı yoxdur…

***

Çağdaş Avropa mədəniyyətini Yunan, Roma mədəni sisteminin son nəfəsi, qədim komediyanın son pərdəsi adlandıran Qaspıralıya görə, bu mədəniyyət şəkilcə yeni, mahiyyətcə əskidir. Yəni yeni mədəniyyət deyil, qədim mədəniyyətin son mərhələsidir. Avropa yalnız köhnə əsaslardan uzaqlaşıb çağdaş mədəni dəyərləri ehtiva edəcəyi təqdirdə modern mədəniyyəti təmsil edə bilər. İsmayıl bəy Avropanın özünün də yeniləşmiş mədəni düzənə girməsini istəyirdi. Amma artıq dünyada yüksək Avropa mədəniyyəti adlandırılan bir amil dominant idi. XIX yüzilin bütün mütəfəkkirləri kimi, Qaspıralı da bu amilin varlığından sərf-nəzər etmir, xristian dəyərləri üzərində gəlişən müasir Avropa mədəniyyətilə islami görüşlər sisteminin, kapitalizm, yaxud sosializmlə “Qurani-Kərim”in və türk milli ruhunun necə uzlaşa biləcəyi ilə bağlı qaranlıq suallara cavab axtarırdı. Həm də etiraf edirdi ki, “bütün dünyanın mədəni varlığı yanında əbnayi-cinsimin (millətimin övladlarının) gələcəyinin təminatını milliyyətçilikdə görürəm. Əgər bu qəbahət isə qəbahətliyəm, əgər bu ayıb isə ayıblıyam – həm də böylə qalacağam”.

Qaspıralıya görə, “müsəlmanlar yüksək Avropa mədəniyyətindən məhrum olsalar da öz dinlərində və ondan qaynaqlanan sosial həyatlarında milli kimliklərinə zərər verə biləcək yabançı təsirlərə qarşı çox sağlam, sarsılmaz dirəniş gücünə sahibdirlər”.

Rus istilasına uğramış Volqa boyu, Qafqaz və Türküstanı nəzərdə tutan Qaspıralı “Rusiya müsəlmanları” əsərində yazırdı ki: “Müsəlmanların (Rusiya türklərinin) yüksək Avropa mədəniyyətini almalarına imkan buraxılmamışsa da bu millət öz varlığını əcnəbi təsirlərdən böyük bir qüdrətlə qorumaqdadır. İnsanları əsir edən mənfəət məsələləri belə islamların cəsarətini qıra bilmir. Bütün Rusiyanı başdan-başa gəzsəniz fahişəxana işlədən bir müsəlmana təsadüf edə bilməyəcəyiniz kimi, bir meyxana işlədənini də tapa bilməzsiniz”.

Onun türk intibahı və türk birliyi düşüncəsi mahiyyətcə həm də məsələnin bu aspektlərini ehtiva edirdi.

Dini inancını və türk kimliyini heçə sayaraq təqlid yolu ilə avropalaşanlar Qaspıralının zənninə görə, ixtiyar çağlarında da dəhşətli dərəcədə ikiüzlü olacaq, faydalı həyat üçün varlığını qeyb etmiş ünsürə çevriləcəkdilər…

“Avropa mədəniyyətinə bir nəzəri-müvazinə” əsərində Qaspıralı avropalaşma təmayülünə daha həssas rakursdan yanaşırdı: “Bir mizan alalım da Avropada görəcəyimizi çəkəlim. Hesaba və çəkiyə gəlirmi, əcaba? Rotşild kimi on-on beş adamın yüz milyonlarla sərvətinəmi təəccüb edəlim, on beş milyon əhalinin ölümlük iki arşın torpağı olmadığınamı şaşalım? Londonlu bir ledinin, Paris xanımının tərbiyə və lətafət və nəzakətinəmi heyran olalım, London və Paris küçələrində vücud və irzını satmaqda olan yüz əlli min fahişə xanımlaramı diqqət edəlim? Bir inəkləri bizim on inək qədər süd verdiyinəmi heyran qalalım, yüzdə doxsan doqquzu bir inəyə sahib olmadıqlarındanmı ibrət alalım?.. Milyonlar sərf edib dünyanın müxtəlif yerlərində xristianlığa dəvətinəmi baxalım, Avropanın içində kilisəyə və “İncil”ə iman qalmadığınamı heyran olalım? Guya insan azadlığı üçün yapdıqları müharibələrimi seyr edəlim, Biçarə Alsace-Lorrainənin bakirə qızları Parisdə əlli franka satıldığınımı insaf mizanına çəkəlim?”.

O həm Avropanı, həm Rusiyanı dərindən bilirdi. “Boz kardinal” Pobedonosevin, missioner İlminskinin Rusiyasında Krım üfüqlərində İsmayıl Qaspıralının görünməsi sözün bütün anlamlarında möcüzə idi. Çünki İsmayıl bəy Rusiya türklərinə “bütün qüvvətiylə qəbiləçiliyin üstündə türklük və türk birliyi olduğunu anlatmağa çalışır, onların Qırğız, Çuvaş, Özbək, Tatar kimi qəbilələrə deyil türklüklərini anlayaraq birləşmələriylə qüvvətli, milli və mədəni bir varlıq ola biləcəklərini hər vəsilə ilə izaha və müdafiəyə uğraşırdı” (Seyid Əhməd Krımər). Qaspıralının ictimai fəaliyyəti, zehniyyət davası, hansı formada və üslubda tətbiq edilməsindən asılı olmayaraq eyni müqəddəs bir hədəfə niyyətlənirdi. Onunku fərdi deyil, milli tale məsələsi idi – çarın parçalayıb tayfalara böldüyünü Qaspıralı birləşdirib millətə çevirirdi.

O, Peterburqda “Müsəlman İttifaqı” (“İttifaqi-müslimin”) partiyasının təşkilinə, Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının qurulmasına, Nijni-Novqorodda Rusiya müsəlmanlarının ilk qurultayının çağırılmasına vəsilə oldu…

İsmayıl bəyin açıq tənqidləri o dövrdə velikorus şovinistlərinin düşüncəsində hansı effekti doğururdu, bunu söyləmək indi çətindir. Amma “Bizim üçün, ruscanı yaxşı bilməyən, onu yanlışlarla yazan və yalnız valinin deyil, ən balaca məmurların qarşısında belə titrəyən türk daha faydalıdır” – deyən imperiya siyasətçilərinin qarşısında “Dildə birlik, fikirdə birlik, əməldə birlik” ideologiyasını irəli sürən Qaspıralını həm də XIX yüzilin Rusiya miqyasında yetişmiş ilk türk siyasətçisi hesab etmək olar. Özü də o bunu 1905-ci il Rus inqilabından sonra deyil, 23 il əvvəl 1883-cü ildə edirdi. Ruslaşdırma əleyhinə humanitar düşüncədə ilk açıq mübarizənin təməlini İsmayıl bəy qoydu. Nüfuzu o qədər mötəbər idi ki, sonralar imperiyanın xarici işlər naziri İzvolskiyə bəzən sərt bir üslubda dərslər keçirdi. O, təkcə Krımı deyil, bütün Rusiya türklərini təmsil edir. Rusiya Dövlət Dumasının Türküstan siyasətini tənqid edən Qaspıralı yazırdı ki: “Əlişir Nəvaini yetişdirmiş Türküstan nasıl “dilsiz, ədəbiyyatsız” qəbul edilir?.. Rus millətinin ədəbi dili olmadığı zamandan və Lomonosov, Puşkin kimi rus ədiblərindən üç və dörd yüz il əvvəl “Mühakimət ül Luğateyn” əsərində Cağatay, yəni Türküstan dilinin farscaya üstün bulunduğu dava edilir də bu günün Türküstanı lisansızdır deyə nasıl hökm olunur..? Dövlət Dumasında, Cağatay şivəsinə etibar edilməməsi bir tərəfdən Dumanın qəfləti isə, digər tərəfdən, Türküstan xalqının səssizliyi, adamsızlığı, ehmalıdır”.

İsmayıl bəy bu fikirdəydi ki, gələcəkdə Rusiyanın dünyada ən önəmli müsəlman ölkələrindən biri olması qaçılmazdır və bu tale onun böyük bir xristian dövləti olmasının əhəmiyyətini azaltmayacaqdır… Qaspıralıya görə, milli haqları çəpərləyib ona sınır qoymaq, millətləri mənimsəyib həzm etmək, udmaq mahiyyət etibarilə fiziki, mənəvi zorlama, insan haqlarına təcavüz və xalqı ruslaşdırmaq istəyindən başqa bir şey deyil… Bununla yanaşı, Qaspıralı rusların başqa millətləri aşındıra biləcək bir gücə sahib olmadığını da yazırdı: “Rus məktəbi tatar xalqı üçün ölü doğulmuş bir müəssisədir… Şurası mühəqqəqdir ki, Rus millətinin digər millətləri təmsil etmək qabiliyyəti yoxdur”.

İsmayıl bəy rusların gələcəyini türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən münasibətlərin qurulmasında, Avrasiya mədəniyyət xəttinin uyğulanmasında görürdü.

Türk-tatar hakimiyyətinin rus xalqı üçün böyük müsibətlərə səbəb olduğunu söyləyənlər İsmayıl bəyin parlaq məntiqinin önündə bu gün də acizdir. Qaspıralıya görə, “Rusiya üzərində bu qədər uzun sürə, bu güc və əzəmətlə başqa bir soyun hakimiyyəti olsaydı Rusiya bütövlükdə məhv olardı… Tatarlar (türklər) əfəndi olaraq xərac toplar, gözəl, şirin qızları qaçırar, fəqət rus məişətinə və dini həyatına heç qarışmazlardı…”.

Qaspıralının gördüyü iş, zahirən sadəcə maarifçilik fəaliyyətini ehtiva etsə də, əslində, “Parçala, hökm sür!” – siyasətinə onun irəli sürdüyü məfkurədən daha öldürücü bir zərbə təsəvvürə gətirmək olmur. Vamberi bəlkə də bunu nəzərdə tutub yazırdı ki, “Tatarların mədəni devrimində birinci hərəkət və zərbə həmiyyət sahibi İsmayıl bəy Qasprinskidən gəldi”. Yaxud Şeyx Cəmaləddin Əfqaninin təbirincə desək, “Qasprinski qələmini həyat damarlarının ən mühüm nöqtələri üzərində hərəkət etdirir”di.

Qaspıralının Avrasiya modeli, təbii ki, panslavistlər tərəfindən xoş qarşılanmırdı və bu, anlaşılandır. Rusla türk bir yerdə ola bilərdi. Amma panslavizmlə pantürkizm bir yerdə ola bilməzdi. Panslavizmin antitürk hədəfləri Bizans ortodoksluğunu ehya etmək, Bizansı diriltmək məqsədi güdürdü. İsmayıl bəy isə Əmir Teymurun heyranıydı. Əqrəba toylarında, adətən “Teymurun dolusu” havasına qol qaldıran Qaspıralı Teymurun dilindən “Siyasi xütbə” yazırdı: “Neçə yüzillər bahadır millətim, ölüm və qırğın ilə bitməz Türklərim, öz bəylərim… İdil Qıpçaqları Azərbaycanı, bunlar isə Osmanlıyı, Kaşğarlılar Özbəkləri və Özbəklər Xorasanlıları, yəni ağa qardaşını, qardaş ağasını tanımaz halda idilər… İqtidarım zamanı, türkləri birləşdirməyə, böyük Türküstanı qurmağa bir dərəcə nail oldum…”.

Qaspıralı İsmayıl bəy ortaq və ümumtürk ədəbi dil (və siyasi dil birliyi) ideyasının yaradıcısıdır. Əslində, bu dil birliyi mücadiləsi Qaspıralının siyasi hədəflərini nişan verirdi. Sonralar Ziya Gökalpın yazacağı kimi: “Bütün türklərin eyni lisanda birləşmələrinin qabil olduğuna “Tərcüman”ın vücudu canlı bir dəlildir”. Gökalpın bu fikirləri indi də ortaq ədəbi türkcənin mümkünlüyünə inanmayanlar üçün yaxşı bir xatırlatmadır.

Dil birliyinə rəğmən, əlifba birliyi məsələsində Qaspıralı fərqli mövqedəydi. Ərəb hərflərinin başqa əlifba işarətləriylə əvəz olunmasını təkid edənləri kəskin şəkildə qınayaraq xatırladırdı ki, ağır xətli müsəlmanların qadınları kitab yazdıqları, divan bağladıqları dövrdə asan əlifbalı yazı sistemi olan avropalı hökmdarlar, hətta öz adlarını belə yazmağı bacarmırdılar. İsmayıl bəy əlifba islahatına yönəlmiş siyasətin alt qatındakı mənanı bilirdi.

Qaspıralı yazırdı ki, millətin inkişafı əlifbanın asan, yaxud çətin olmasına deyil, əlifba da daxil olmaqla, elmlərin yüksək səviyyəli tədrisinə bağlı bir məsələdir. İsmayıl bəy milli məsələdə, o cümlədən əlifba islahatında radikallığın, özəlliklə, Azərbaycan radikallığının əleyhinəydi. “Bədbəxtliyimizin səbəbi əlifbamızdır”, – deyən Azərbaycan aydınlarını adbaad tənbeh edən İsmayıl bəy “Elm və maarifin üstündən keçib altına erişməmək, adama böylə şeylər yazdırır… Əlifba güclüyü bir səbəb isə 99 səbəb daha vardır… Radikallıq Avropada pək mötəbərdir və bizimkilər üçün dolab çevirməyə, dəyirman aylandırmağa (fırlatmağa) vasitədir… Bilməm, nədən Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi həp Tiflisdən zühur ediyor” – deyirdi. Qarşılığında isə qeyd etdiyi 99 səbəbdən birini də özü yoluna qoyurdu. Krımskinin təbirincə, “Hər kəs tərəfindən möhtərəm tutulan İsmayıl bəyin yaratdığı üsuli-sövtiyyə, az zaman içində bütün Volqa boyundan Sibir, Türküstan və Çin içərilərinə qədər yayıldı”.

Yusuf Akçura Krımdan Bakıya, Türküstana qədər yayılmış, az müddətdə bütün türk aləminin aydınlanmasına səbəb olmuş yeni metodlu təhsil sisteminin – üsuli-cədid məktəblərinin, bütün mənalarda cədidizm – yəni yenilikçilik hərəkatının qurucusu İsmayıl bəyin müəllimliyini Hz. İsanın müəllimliyi ilə qiyaslandırırdı.

O, həm də türk dilinin hər hansı bir sülalənin (və coğrafi ərazinin) adıyla tanınmasına etiraz edirdi. Osmanlıca deyilən türkcənin qövmi bir dil olmaq gücünü və xüsusiyyətini itirməsi Qaspıralını ağrıdırdı. Ərəb, fars, türk, yunan, slavyan və bir az da fransız sözləri ilə qarmaqarışıq bir hala gətirilmiş dil, İsmayıl bəyin nəzərində “lisan şorbasıdır ki, mötəbər tutulan Osmanlı şivəsi” bu üzdən “türklükdən çıxıb qövmi lisan surətini qeyb etmişdi”.

“Osmanlı dilini sadələşdirmək əsli türkcə olan bu dili olduqca türkləşdirmək deməkdir”. Dildə türk əsilli yeni sözlər icad etməklə (məsələn, osmanlıca dönəmindən başlayaraq, təəssüf ki, indiyəcən Türkiyə türkcəsində işlədilən şimendiferə qarşılıq dəmir yolunu yaratmaqla) dildəki məfkurə mücadiləsinə təkcə nəzəri deyil, həm də praktiki baxımdan rəvac verirdi. İsmayıl bəy əvvəlcə ərəb, fars tərkibləriylə milli ahəngini itirmiş, sonra da fransız, alman, ingilis sözləri ilə “sivilizə” olunaraq bayağılaşmış “lisan şorbası” tərəfdarlarına, guya, “gözəl bir şey söyləməyə yaramayan, kobud”, – dedikləri türkcədə: “Var gətir, var gətir, // Gəlməzsə, yalvar gətir. // Əllənməmiş budaqdan // Qoxlanmamış nar gətir” – misralarını xatırladır və “kobud” türkcənin nə qədər ahəngdar, ifadə baxımından necə incə və həssas olduğunu dəlillərlə isbatlayırdı.

Qaspıralı 1907-ci ildə Beynəlxalq İslam Konqresini düzənləmək üçün Misirə getmiş, şəxsən özünün dəvətlisi olan 600 nəfərin qarşısında nitq söyləmişdi. İslam konqresini tarixi zərurətdən doğan bir ideya olaraq İstanbul və Qahirədəki dövlət adamlarına, siyasi xadimlərə, o cümlədən xarici ölkələrin bu şəhərlərdə fəaliyyət göstərən səfirlərinə izah etmişdi. Onu yaxından tanıyırdılar, şəxsiyyətinə, sözünə etibar edirdilər. Bilirdilər ki, İsmayıl Mirzə Rusiya müsəlmanlarının mənəvi atasıdır və elə buna görə də Krımdan, bir qəzet redaktoru, bir müəllim kimi İstanbula, yaxud Qahirəyə gələn Qaspıralını Osmanlının siyasi və mədəni dairələri, Misirdə diplomatik korpusun nümayəndələri ehtiramla qarşılayırdı.

Qaspıralı humanitar və mədəni məsələləri ön plana çəksə də, əslində, öz siyasi hədəflərinə doğru ardıcıl mücadilə verirdi. Xəyalpərəst deyildi, amma o illərdə ən realist aydınların belə xəyal etmədiyi ideyaların gerçəkləşməsi üçün bütün enerjisini, biliyini, həyatını sərf edirdi. Baxçasaray bazarındakı hambalların təhsil qayğılarından tutmuş, sadələşdirilmiş ümumtürk ədəbi dilinin hasilə gətirilməsi, Ümumrusiya Müsəlmanlarının ən müxtəlif məkanlarda keçirilən qurultaylarında məktəb, qadın hüququ, dövlət və din münasibətləri… bütün bunlar İsmayıl bəyin problemləri idi.

Dövrünə görə, ədəbi tənqidin (ölçü və mizan sənətinin) Rusiya müsəlmanları arasında yaradıcılarından olan Qaspıralı hələ o dövrdə psixoloji romanların daha çox yazılmasını istəyir, istəməklə də kifayətlənmir, üstəlik, mövzularını da özü təklif edirdi: əri Kritdə, böyük oğlu Qaradağda, sonbeşik övladı Plevnədə şəhid olmuş Fatmanın əhval-ruhiyyəsini qələmə almağı tövsiyə edir və inandırırdı ki, türk cəmiyyətinin psixoloji ovqatını olduğu kimi “kəşf və rəsm” etməyə “nail olsanız elə ibrətli, elə dəhşətli, elə təsirli şeylərin üstünü açmış olarsınız ki, oxuyanlar düşünməyə məcbur olar”.

Özü də romanlar yazırdı.

Qaspıralının, 1891-ci ildə yazdığı “Darürrahat müsəlmanları” romanını türk nəsrində modern romanın ilk örnəklərindən hesab etmək mümkündür.  Romanda Həzrət Seydi Musanın Əndəlüsdən (İspaniyadan) çıxarıb gizlədiyi qövmünün qırx imamına əmanət buraxdığı və miladi tarixlə 2075-ci ilə qədər qorunması həmin qırx dərvişə həvalə olunmuş mistik vəsiyyətnamədən də söhbət gedir…

1910-cu ildə Parisdə nəşr olunan “Revue du Monde Musulman” jurnalının redaksiya heyəti Nobel mükafatı laureatlığına İsmayıl bəy Qaspıralının namizədliyini irəli sürmüşdü. Önəmli olan budur ki, 1910-cu ildə Parisdə Nobel laureatlığına namizədlər sırasında İsmayıl bəyin adı çəkilir və Qasprinskinin namizədliyi Avropanın mərkəzində elə avropalılar tərəfindən irəli sürülürdü.

Həyat yoldaşı Zöhrə xanım burjuy İsfəndiyar Akçurinin qızıydı. “Zöhrə xanım İsmayıl bəyə yalnız həyat və səadət arkadaşı deyil, iş və əməl yoldaşı da oldu. “Tərcüman”ın qurulmasında zinət əşyalarını sataraq yardım etdi”. Bunu Krımər yazır. Milli şair Mehmet Emin Yurdaqul isə İsmayıl bəyə xitabən: “Sən bu əziz böyük işə təkbaşına qalxışdın. // Buna əsl Zöhrən ilə gecə-gündüz çalışdın” – deyir…

Qaspıralılar türk dünyasını həm də əməldə birləşdirir. Krımlı İsmayıl bəy qızı Şəfiqəni gəncəli Nəsib bəy Yusifbəyliyə ərə verir…

İsmayıl bəy Krım tatarları üçün kimdirsə, Azərbaycan, Osmanlı və Türküstan üçün də eyni dərəcədə millət atasıdır. Məsələn, 1906-cı ildə Qarabağ, yaxud Şuşa “Tərcüman”ın əsas mövzusu idi. Şuşada yerli türklərin qırılmasında, Şuşanın yandırılmasında ermənilərə silahlı dəstək verən general Qoloşçapovun və Kazarovun qanlı cinayətlərinə son qoymağı, onları ordudan qovmağı Qafqaz canişini, ermənipərəst Vorontsovdan tələb edirdi.

Keçən dəfə Çobanzadə barədə məqaləmdə yazmışdım. 1930-cu illərdə Çobanzadəni həm də İsmayıl bəyin tələbəsi olduğuna görə yarğılayırdılar: “Professor Çobanzadə keçmişdə bir pantürkist və Qasprinskinin tələbəsi olmuşdur”. Əlbəttə, bütün “pantürkistlərimiz” onun yetirmələriydi. 1914-cü ildə İsmayıl bəyi “Krım üfüqlərində doğan günəş” adlandıran Hüseyn Cavid də, “Verdin həyat bizlərə, // Öldün özün sənin, // Millət göz açdı, // Gərçi yumuldu gözün sənin” deyən Məhəmməd Hadi də…

 

***

1914-cü ildə 63 yaşında dünyasını dəyişdi. 1924-cü ildə “Şura hökumətinin muzey halına gətirdiyi” ocağında səkkiz ildən sonra qara yellər əsdi. Millət Atamızın – İsmayıl bəyin evini “ellər atası” Stalin 1932-ci ildə viran qoydu. Məzarı dağıdıldı. “Tərcüman” redaksiyası donuz damına döndərildi…

 

***

Bir də Qaspıralının ömrünün son günləri var. Həsən Səbri Ayvazov “Tərcüman”ın bir sayını ona həsr etmək istəyir. İsmayıl bəy “Mən böyük adam deyiləm, olmaq da istəmirəm” deyib razılıq vermir.

Bir də ömrünün son günü… Özü deyir ki, mənim üçün Yasini-şərif tilavət edin. Həsən Səbri Ayvazov Yasin oxuyur. İsmayıl bəy üzünü qibləyə çevirir və gözlərini əbədi yumur…

Share: