Elxan Məmmədov UEFA-ya təklif verdi

AFFA-nın inzibati binasında UEFA nümayəndələri ilə futbolu Avropada qadınlar üçün “bir nömrəli” idman növü etmək məqsədi daşıyan “Together We Play Strong” proqramı ilə bağlı seminar keçirilib.

Seminardan əvvəl federasiyanın baş katibi Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşüb.

UEFA nümayəndələri “Together We Play Strong” proqramı və seminarın gündəliyi ilə bağlı məlumat verib. Baş katib də öz növbəsində ölkəmizdə qadın futbolunun inkişaf mərhələləri və Avropada qadın futbolu ilə bağlı fikirlərini bölüşüb. Elxan Məmmədov Avropada qadınlararası yarışların formatı ilə bağlı fikir və təkliflərini də bildirib. Qadın futbol komandaların tarixi və güc nisbətləri kəskin fərqləndiyi üçün bəzi oyunlarda çox böyükhesablı nəticələr müşahidə etmək olur. Bu isə xüsusilə zərif cinsin nümayəndələrində ruh düşkünlüyü yaradır və milli assosiasiyaların futbolun bu növünə marağını azaldır. Baş katib güc nisbətlərini uyğunlaşdırmaq üçün “Millətlər Liqası” formatının qadın futbolu üzrə yarışlarda tətbiq olunmasının münasib olduğunu bildirib. UEFA təmsilçiləri baş katibin təklifini UEFA rəhbərliyinə təqdim edəcəkləri hesabata daxil edəcəklərini bildiriblər.

İki gün ərzində “Together We Play Strong” proqramı, qadın futbolunun inkişafı və kommersiya perspektivləri barədə təqdimatlar edilib və qrup məşğələləri keçirilib.

Seminarda UEFA-nın qadın futbolu üzrə marketinq meneceri Kayleiq Griv, qadın futbolu üzrə marketinq koordinatoru İvan Kraljeviç, kütləvi futbol məsləhətçisi İqor Jankeviç və kommersiya məsləhətçisi Kate Bosomvort, AFFA-nın baş katibinin müavini, kütləvi futbol, marketinq və sponsorluq, qadın futbolu, qeydiyyat və statistika, mətbuat və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və klubların lisenziyalaşdırılması şöbələrinin nümayəndələri iştirak edib.

Share: