Altı aydan çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinin nə vaxt başa çatacağı bəlli deyil. Təkcə digər dövlətlərin deyil, hətta hər iki ölkənin öz vətəndaşları üçün savaş artıq adiləşib. Ona görə də rusların və ukraynalıların bir qismi bu ağır günlərdə axan qanları düşünüb psixoloji sarsıntı keçirmək yerinə, səyahət etməyi üstün tutur. Həmin turistlərin səfər etdiyi əsas məkanlar isə qonşu Türkiyə və Gürcüstandır.
Məlumdur ki, Avropa Birliyi rusiyalılara Putinə qarşı çıxmadıqlarına görə viza verilməsini dayandırıb. Bu fonda Rusiya vətəndaşlarının istiqaməti Cənubi Qafqaz regionuna dəyişmələri anlaşılandır. Amma həmin dövlətlər regiondakı Azərbaycanla daha yaxşı iqtisadi və siyasi əlaqələrə sahib olduqları halda, onların vətəndaşlarının istirahət üçün ölkəmizi seçməməsi özlüyündə sual doğurur.
Maraqlıdır, rus və ukraynalı turistlərin ölkəmizə səfərinə əngəl törədən faktorlar nələrdir?
Turizm üzrə ekspert Cabir Dövlətzadə Oxu.Az-a açıqlamasında bildirib ki, biz quru sərhədlərdən istifadə edərək çoxlu sayda turist qəbul edə bilirdik:
“Hazırda Azərbaycana gəlmək üçün rusiyalı və ukraynalı turistlər sadəcə hava yolundan istifadə etdiklərindən say məhdud olacaq. Hazırda koronavirusa yoluxmanın artmaması, yəni təhlükəsizlik üçün quru sərhədlər bağlıdır. Rusiyada yaranmış vəziyyət isə onu göstərir ki, onlar bu gün sərf edən bazara gedirlər”.
Ekspert hesab edir ki, rusiyalıların Azərbaycana gəlməməsinin ən böyük səbəblərindən biri də “Mir” ödəniş sisteminin Azərbaycanda tətbiq edilməməsidir:
“Visa” və “Mastercard” Avropa tərəfindən kontrol olunduğuna görə Rusiya öz kartını tətbiq edib. Türkiyə də bu ödəniş sisteminə qoşulub. Ona görə də rusiyalılar Türkiyədə rahat şəkildə öz sistemlərindən istifadə edirlər. Bu isə turist axınına səbəb olur. Həmçinin Türkiyənin turistik bölgələrində hazırda verilən xidmət “all inclusive”, yəni hər şey daxil paketidir. Azərbaycanda “all inclusive” deyilən bu sistem mövcud deyil”.
Həmsöhbətimiz Türkiyənin Rusiya bazarında “low cost” (aşağı qiymət) reyslərdən istifadə etdiyini də vurğulayıb.
Ukraynalı turistlərə gəldikdə isə Cabir Dövlətzadə onların Azərbaycanda əvvəl də çox olmadıqlarını deyib:
“Savaş onları daha ucuz bazara aparır. Bu baxımdan Gürcüstana üz tuturlar. Gürcüstanda turizm xidmətləri bizimki qədər keyfiyyətli olmasa da, daha ucuz qiymətə təklif edilir.
Problemin həlliylə bağlı mənim təklifim budur ki, “low cost” reyslərin sayı çoxaldılsın. Məsələn, Ərəbistandan bizə gələn həmin reyslər bir müddət əvvəl dayandırıldı. Ona görə də hazırda ərəb bazarından gələn turistlərin sayında da azalma var. Ona görə də aşağıbüdcəli reyslərin artırılması çox vacibdir. Bir də Rusiya bazarını cəlb etmək üçün “Mir” ödəniş sistemi ən qısa zamanda bizdə də tətbiq olunmalıdır. Düşünürəm ki, dövlətimiz bununla bağlı lazımi işləri görür və qısa müddətdə o baş tutacaq. Rusiyalı turistlər qısa müddət sonra öz kartlarından nağdsız ödəniş edərək ölkəmizdə qala bilərlər”.
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva isə yanvar-iyul ayları ərzində ölkəyə gələn rusiyalı turistlər haqqında məlumat verib:
“Dövlət Turizm Agentliyi olaraq əsas məqsədimiz ölkəyə məhz turizm məqsədi ilə səfər edən xarici ölkə vətəndaşlarının sayının artırılmasına nail olmaqdır. Bunun üçün müəyyən hədəf ölkələr var və Rusiya da həmin hədəf ölkələrdən biridir. Bu istiqamətdə marketinq və təbliğat strategiyamız olduğu kimi davam edir. Onu da qeyd eləmək lazımdır ki, həm iyul ayında, həm də yanvar-iyul ayları ərzində Rusiya vətəndaşları Azərbaycana ən çox səfər edən xarici ölkə vətəndaşlarıdır. Yanvar-iyul ayları ərzində bu rəqəm 220 mindən, təkcə iyul ayında isə 60 mindən çox olub”.
Sayad Həsənli