Ağalı sakini: “Bu gün böyük qürur və fəxr hissi ilə torpaqlarımıza qayıdırıq”

Ağalı sakini: “Bu gün böyük qürur və fəxr hissi ilə torpaqlarımıza qayıdırıq”

“Bu gün böyük qürur və fəxr hissi ilə 30 ildir həsrətini çəkdiyimiz, böyüyüb, boya-başa çatdığımız torpaqlarımıza, ata ocağımıza geri qayıdırıq”.

“Report” xəbər verir ki, bunu sentyabrın 10-da Zəngilan rayonunun Ağalı kəndinə köçəcək Zaur Məhərrəmov deyib.

O bildirib ki, ailə üzvləri – həyat yoldaşı, iki oğlu və qayınanası ilə birgə 30 il əvvəl didərgin düşdükləri əzəli torpaqlarına geri dönürlər:

“Artıq bütün əşyalarımızı toplamışıq. Zəngilana, ata-baba torpaqlarımıza ayaq basmağı o qədər səbirsizliklə gözləyirəm ki, inanın səmimiyyətimə, bu dəqiqə quş olub evimizə uçmaq istəyirəm. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Doğrudan da, Prezidentimiz Azərbaycan xalqını dəmir yumruq ətrafında birləşdirdi. Xalqımız 44 günlük Vətən müharibəsi dövründə dəmir yumruq kim birləşərək ordumuza mənəvi güc verdi”.

Z.Məhərrəmov söyləyib ki, Zəngilandan didərgin düşəndə doqquz yaşı olub:

“Həmin vaxt məktəbdə oxuyurdum. Atam, anam və üç qardaşımla birgə illərlə köçkün həyatı yaşamışıq. Şükürlər olsun ki, qələbə sevincini də yaşaya bildik. Atam üç il əvvəl dünyasını dəyişib. Anam isə sağdır, kiçik qardaşımla birgə yaşayır. İnşallah, onlar da sabah Zəngilana köçəcəklər. İllər sonra ilk dəfə böyüyüb, boya-başa çatdığım torpaqlara ayaq basacam. Babamın qəbri oradadır. Gedib onun məzarını ziyarət edəcəyəm. Bu gün onların ruhu şaddır. Çünki həsrət bitib, biz artıq öz evimizdəyik. Azərbaycan xalqının gözü aydın olsun! Arzu edirəm ki, xalqımız həmişə sülh içərisində yaşasın!”

Xatırladaq ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi üç kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Zəngilan Ermənistanın işğalından azad olunandan sonra Ağalıda müasir qəsəbə tikilib.

Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).

Share: