Ramiz Əskər: Mən Təbrizi hələ də görməmişəm

Ramiz Əskər: Mən Təbrizi hələ də görməmişəm

Tanınmış jurnalist, tərcüməçi Təranə Məmmədin  “Səmimi söhbət”in bugünkü qonağı türkoloq, ədəbiyyatşünas, şair, jurnalist, tərcüməçi filologiya elmləri doktoru, professor, BDUnun türkologiya kafedrasının müdiri Ramiz Əskərdir.

– Ramiz müəllim, izləyicilərin sizi yaxından tanıması üçün istərdim elə orta məktəb dövründən bir sual verim sizə. Orta məktəbdə necə oxuyurdunuz?
-Parlaq. Orta məktəbi qızıl medalla bitirdim. Bilmədiyim şey yox idi. Standart ədəbi dildə danışırdım, çoxlu termin işlədirdim. 16 yaşına qədər nə oxumuşdumsa hamısı yadımdadır. O cümlədən orta məktəb proqramındakı yaxşı-pis, məzmunlu-məzmunsuz, bütün şeirləri indi də əzbər bilirəm. Kəndimizin və məktəbimizin kitabxanalarındakı bütün kitabları oxumuşdum.
-İntellektual səviyyəniz, yəni İQ (ay künüz) nə idi?
– O vaxt yüzdən yuxarı idi. İndi olsa-olsa onun yarısı olar. O vaxt beynim daha mütəhərrik və çevik idi. İndi informasiyam daha çoxdur, ancaq fikir sürəti və axını, analiz qabiliyyətim daha aşağıdır.
– O vaxtkı arzularınız nə idi?
– Şair kimi məşhur olmaq, 25-26 yaşlarında kitab buraxmaq, İstanbulu, Təbrizi və Səmərqəndi görmək. Təbii ki, gəlib Bakını fəth etmək. Heç biri baş tutmadı. Mən Təbrizi hələ də görməmişəm. O vaxtlar “Cənab 420” filminə baxırdım və gözlərim dolurdu. Bir dəfə uşaqlarımı məcbur elədim o filmə baxdılar. Gözləri dolmaq nədir, heç tükləri də tərpənmədi. Amma mən indi də ona baxıb riqqətə gəlirəm, oradakı mahnıları göz yaşları içində dinləyirəm…
– Allaha inanırsınızmı?
– Bütün varlığımla…
– Dindarsınızmı?
– Yox, canım. Standart sovet adamı nə dindar, nə də ateist idi. Mən də elə yetişdim, oruc, namaz-niyaz bilmirəm. Ancaq əzan eşidəndə bir müsəlman övladı kim başımın tükü ayağa qalxır. Məhmət Akif Ərsoyun misraları yadıma düşür:
“Bu əzanlar ki, şəhadətləri dinin təməli
Əbədi yurdumun üstündə mənim inləməli…”
-Həyat yoldaşınız kimdir?
– Kim idi… Solmaz xanım… Moskva Dövlət Universitetində birlikdə oxumuşduq. İxtisasca fizik idi. AMEA sistemində çalışdı. Son iş yeri 6 nömrəli məktəb idi. Azərbaycanın Əməkdar müəllimi adını aldı. İki dəfə ölkə üzrə “İlin müəllimi” seçildi. Əla pedaqoq, gözəl insan, həyat yoldaşı, ana və nənə idi. 40 il 3 ay birlikdə ömür sürdük. 2020-ci ilin 19 noyabrında bizi əbədi tərk elədi. İfrat dərəcədə ciddi və prinsipial adam idi. O məndən dəfələrlə incidi, mən ondan heç incimədim. Bu da onun böyüklüyündən xəbər verir. Ona bir neçə şeir yazmışdım. Birinci şeirin son bəndi belə idi:
Bir gün axır çıxdım ova, 
Bir ov tutdum qova-qova, 
Adı Solmaz, 
Familiyası Əhədova.
Başqa bir şeirdə bir neçə qızın adını çəkəndən sonra bunu yazmışdım:
Onun adı Solmazdı, 
Nur içində almazdı,
Özgəyə yar olmazdı,
Axır toruna düşdüm.
– Allah rəhmət eləsin Solmaz Xanıma. Ramiz müəllim, necə bir nəsildə böyüdünüz?
– Biz Amasiyalıyıq. İki Amasiya var, biri Türkiyədədir, biri də Qərbi Ermənistanda. Amasiya rayonunda ən oxumuş ailələrdən biri, bəlkə də birincisi Əskərovlardır. Atam, əmilərim əsasən dil-ədəbiyyat müəllimi idilər. Atam və bir əmim uzun illər rayon qəzetinin redaktoru olublar. Atam və başqa bir əmim “Sovet Ermənistanı” qəzetində işləyiblər. İlk ali təhsilli adamlar, ilk elmlər namizədi, ilk elmlər doktoru, ilk professorlar bizim familiyadan çıxıb. Özüm və eşim Moskvada oxumuşuq. Uzaq xaricə oxumağa gedənlər də bizim gənclər olub. Üç qardaşım Türkiyə universitetlərinin (ODTÜ, Mərmərə və Ədirnə) məzunudur. Qızım Ayla Ankara universitetinin tibb fakültəsini, sonra İzmirdə ginekologiya ixtisasını başa vurub. Oğlum Atilla İstanbul Texniki Univesitetini, sonra Virciniya Texniki Universitetini bitirib. Bu anda təkcə ABŞ-da bizim ailədən təxminən 15 nəfər yaşayır. 4 uşağımız orada anadan olub. Məlumat üçün deyim ki, bu anda Budapeştdə 5 gəncimiz ali təhsil alır, qardaşım oğlu Oğuzxan ODTÜ-də, digər qardaşımım oğlu Turan isə Gəbzə Texnoloji Universiteində tələbədir. Almaniya ali məktəblərində oxuyan uşaqlarımız var. Oxumaq bizim nəslə vergidir. Qardaşım Əli Şimali Karolina universitetinin (ABŞ) professorudur, bacım Nailə Diyarbakır universitetinin dosentidir.
– Ailəniz böyük idimi?
– Əlbəttə. Biz on uşaq (altı qardaş, dörd bacı) idik. Varlı deyildik, kasıb da deyidik. Atam 7 övladına ali təhsil verib. İki bacım tibb məktəbini bitirib. Bir qardaşım 90-cı illərdə ali məktəbə girdi, ancaq pullu olduğu üçün təhsilini davam etdirə bilmədi. İndi qaynaqçıdır, hamıdan yaxşı yaşayanımız odur.
– Ramiz müəllim, siz bu yaxınlarda qardaş Özbəkistanın „Dostluq“ ordeni ilə təltif edildininz. İcazə verin öz adımdan və oxucular adından sizi təbrik edim. Biz sizinlə bir daha qürur duyduq. Bəs siz özünüz nə hislər keçirdiniz?
– Mənim mükafatlarım çoxdur. Səhv etmirəmsə, 22 ordenim və medalım var. Bunlardan bir neçəsi çox dəyərlidir. Məsələn, “Şöhrət” ordenini 60 illiyim münasibətilə almışam, Əməkdar jurnalist adına mətbuatda uzun illər və səmərəli fəaliyyətimə görə layiq görülmüşəm. Özbəkistanın beynəlxalq “Babur” mükafatı, Türkmənistanın “Altın əsr”, Ukraynanın “Bəkir Çobanzadə” ödülü, Beynəlxalq Türk Akademiyasının “Vilhelm Tomsen” və “Əlişir Nəvayi” medalları bunlardan bir neçəsidir. Avqustun 30-da isə Özbəkistan Prezidenti Şavqat Mirziyayev bir neçə Azərbaycan alimi ilə birlikdə məni də ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrə verdiyim töhfə münasibətilə sanballı “Dostluq” ordeni ilə təltif etdi. Həmin gün oğlum Atillanın ad günü idi. Ailəmiz və yaxın dostlarımız ikiqat sevinc yaşadı. Bunun üçün qardaş Özbəkistana minnətdaram.
Siz ixtisasca jurnalistsiniz. Uzun illər bir çox mötəbər mətbuat orqanlarda çalışmısınız. Niyə davam etmədiniz?
– Mən 10-12 yaşından mətbuatla əlaqə saxlamışam. “Azərbaycan pioneri” qəzetinə məktub yazıb “Şöbə müdiri Rəna Əzimova” imzası ilə redaksiya zərfində blanklı məktub alanda sevincimin həddi-hüdudu olmurdu. Yaxud rayon qəzetində kiçik informasiya və şeirlərlə çıxış edəndə sonsuz fərəh duyurdum. Yəni mən 50 ildən çoxdur ki, mətbuatdayam. Atam istəyirdi ki, mən həkim olum, ancaq mən mətbuatı seçdim. Bakı və Moskva universitetlərinin jurnalistika fakültələrində təhsil aldım. Radioda, “Azərbaycan bugün” jurnalında, “Odlar yurdu”, “XXI sər” qəzetlərində, Azərbaycan Jurnalistlər Birliyində işlədim. “Odlar yurdu”nu çıxmaqla onların hamısını ömrümün boşa getmiş illəri hesab edirəm. O işləri məndən də yaxşı görəcək adamlar çox idi. Mən MDU-nu bitirən kimi elmə gəlməli idim. Axı adam mətbuatda nə qədər çalışar? Gənc olanda eybi yoxdur, bir az yaşlananda xəbər dalınca ora-bura qaçmaq olmur. Heyf ki, jurnalistikada çox gecikdim. Cəmisi 20 ildir ki, mən elmdəyəm, yəni universitetdəyəm.
-Müasir jurnalistika və jurnalistlərin səviyyəsi sizi qane edirmi? Bəlkə bir məsləhətiniz və yaxud tövsiyəniz var cavan jurnalistlərə?
-Yox, qane etmir. Jurnalistika ictimai fikri manipulyasiya edir, yönləndirir, lazım gəldikdə çaşdırır. Məsələn, “Odlar yurdu” qəzeti kiril, latın və ərəb əlifbaları ilə çıxırdı, milli şüura çox təsir göstərirdi. Tirajı 300 min nüsxə civarında idi. Onun səhifələrində daima yeni bilgilər, faktlar olurdu. Azərbaycan Demokratik Respublikası, onun dövlət atributları, bayrağı, gerbi, himni, pulları, parlamenti, qurulan hökumətlər, siyasi xadimləri və s. haqqında ilk dəfə söz açılırdı. Həm bu faktlar yeni idi, həm də milli-azadlıq hərəkatına yeni impuls verirdi. İndi mətbuat bir az fərqlidir, qeyri-ciddidir, qeyri-professionaldır, ağzına gələni yazır. Saytları heç bəyənmirəm. Sensasional başlıqlar atır, mənasız effekt yaradır. Məsələn, belə bir sərlövhə ilə material verir: “Arvadı dəli olan, qızı küçələrə düşən, oğlu anaşa çəkən sənətkarın faciəli həyatı”. Buna nə deyəsən? Mən gənclərlə Jurnalistlər evində hər gün görüşürəm. Nəsihət edirəm, hələ ki, xeyri azdır.
– Siz orta məktəbdə Azərbaycan dilində oxumusunuz, ali təhsili isə rus dilində almısınız. Rusiyada oxumaq sizin bir insan kimi formalaşmanıza təsir edibmi?
– Mən SSRİ-nin və sovet blokunun, sosializm düşərgəsinin ən böyük təhsil ocağında oxumuşam. Oranın içi də, dışı da möhtəşəmdir. Əla şəraiti var. Profeesor-müəllim heyəti mükəmməldir. Adamı mum kimi yoğurur, formalaşdırır. Orada oxumaq çətin idi, ancaq ruslar demiş, “na pravax neqra” (zənci kimi) oxuya bildik. Moskvada oxumaq uşaqlıq arzum idi. Mən bir dəfə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna sənəd vermiş, lakin müsabiqədən keçməmişdim. Tale mənə MDU-da oxumağı qismət elədi. Bir şeydə xəyal qırıqlığına uğradım. Nə Qızıl meydan, nə də Kremlin yaqut ulduzları fotolardakı qədər əzəmətli deyildi. Yalnız qızları bütün bəkləntilərdən üstün idi.
Bir 2 nəfər şəkili ola bilər
O vaxtlar rusca necə bilirdiniz? Bu dil haqqında fikriniz nədir?
-Mən kənddən çıxmış adam idim, Bakıya gələnə qədər rus görməmişdim. Rusca çoxlu söz bilirdim, ancaq cümlə qurmağı bacarmırdım. Heç indi də bu dili ürəyim istəyən səviyyədə bilmirəm. Dünyanın ən mükəmməl, ən zəngin dilidir. Sanki dissertasiya və elmi məqalə yazmaq üçün yaradılıb. Ancaq son dərəcə çətindir. Addımbaşı istisna var. Pristavkalar, cins və mənsubiyyat kateqoriyaları, şəkilçi sistemi bu dili o qədər zəngin edir ki, gəl görəsən. Onu ancaq uşaqkən öyrənmək lazımdır, rusca orta məktəb bitirməsən onu mükəmməl öyrənə biməzsən.
– Professor, bu yaxınlarda sosial şəbəkədə belə bir məlumata rast gəldim ki, illər öncə Elçibəyin birbaşa müsahibəsini Ramiz Əskər rus dilinə sinxron tərcümə edib və bu zaman bir sıra ciddi yalnışlıqlara yol verib. Çox istərdim ki, buna özünüz açıqlama verəsiniz.
– Elçibəy prezident olanda rusiyalı tamaşaçılarla canlı verilişə çıxmışdı. Verilişi Valid Sənani tərcümə edirdi. O da ilk cümlədə çaşdı, Niyazi İbrahimov dərhal onu əvəz elədi. Bugünlərdə Rəhman yazdı ki, guya həmin verilişi mən tərcümə etmişəm. Ona telefonla dedim ki, mən ümumən orada olmamışam. O da dedi ki, dəqiqləşdirəcək. Dedim ki, zəhmət çəkmə, mən orada olmamışam, yenə de deyir ki, dəqiqləşdirəcək. Buyursun.
– Dilin, türk dilinin, rus dilinin, erməni dilinin cilvəsi nədir, sizcə?
-Erməni dili çox partlayışlıdır, hətta qabadır. Məsələn, Mkrtç sözündə səsli (sait) yoxdur. Biz onu Mkrtıç və ya Mıkırtıç kimi yazırıq. Xndzor (alma), tanzr (armud), dbrots (məktəb) sözlərində üç-dörd samit yan-yana gələ bilir. Bu, tələffüzdə ağırlıq yaradır. Rus dilində də belə şeylər var. Məsələn, vstreça (görüş). Bizim dildə başda iki səssiz gəlmir. Srağagün sözü istisnadır. Sonda iki samit olur: alt, üst kimi. Bu baxımdan bizim dil daha normativdir. Dilimizin ən nurlu sözü “yoldaş” sözüdür. Təəssüf ki, bolşevizm onu ilkin və ülvi mənasından uzaqlaşdırdı. Rus dilində iki söz sovet quruluşunu dolğun şəkildə ifadə edir. Bunlardan biri “kolxoz” və “kolxoznik” sözüdür, biri də “trudyaşşiysya” (yəni zəhmətkeş). Zəhmətkeşə özbəklər möhnətkeş deyirlər…
– Siz rus dilini, rus ədəbiyyatını mükəmməl bilirsiniz. Bunu əminliklə deyirəm, cünki bilirəm. Bu sizə mane olubmu?
-Siz bunu əminliklə necə deyə bilərsiniz? Mən özüm bilirəm ki, bu belə deyil. Sizi çaşdıran odur ki, bəzən mən nadir bir ştrix, nadir bir söz işlədirəm, siz də dərindən heyrət edirsizin ki, kənddən çıxmış bir adam bunları hardan bilir. Nəticədə sizdə yanlış qənaət hasil olur. Siz anons veribsiniz, mənim bir qohumum da yazıb ki, bəs deməzsənmi, bu Ramiz Əskər çox qənimət adamdır. Ona zəng edib dedim ki, səhv edirsən, gərək deyəydin ki, Ramiz Əskər Azərbaycan brendidir! Sonra, rusca bilmək mənə necə mane ola bilər?
-Siz 5-10 il əvvəl Ermənistanda olmusunuz…
– Olmuşam. 2014-cü ildə Avropa Şurasının “Mətbuat və müharibə” mövzusunda bir tədbiri vardı. Bizdən Tahir Paşa, mən və bir həmkarımız, Tiflisdən də 5-6 jurnalist RAF-la getdik Dərəçiçəyə. İndi Dərəçiçək yerinə ermənicə Dzaxqadzor deyirlər. Tədbir yüksək səviyyədə keçdi. Təbii ki, mən ermənicə bildiyimi bildirmədim. Dedim görüm bizim haqqımızda nə deyirlər. Haqq üçünə, elə bir şey demədilər. İşçi dil rus dili idi. Ermənilər arada öz diilərində danışırdılar: su gətir, duz ver, kofe qurtardı, filan. Son gün onların rəhbəri dedi: bağışlayın ki, biz arada ermənicə danışırdıq. Sizcə, bizim dil necə dildir? Bizimkilər sağ olsunlar, yenə də sözü mənə verdilər. Mən dedim ki, hər bir dil yaxşıdır, erməni dili də pis deyil. Mən orta məktəbdə oxuyanda erməni dili keçmişəm, ancaq artıq hamısını unutmuşam, çünki o vaxtdan 40-50 il keçib. Bircə erməni dilində cümlənin tərifi yadımda qalıb. Bunları maraq bürüdü: necə yəni? Dedim: barerov artahaydvadz yurakançyur amboğç mi midki qoçvume naxadasutyun. Yəni: bitmiş bir fikri ifadə edən… Bunalr heyrətlə əlimə baxdılar. Dedim ki, nə baxırsınız, əlimdə şparqalka yoxdur, mən bunu əzbər bilirəm. İstəyirsiniz yüz dəfə deyim. Dedim. Donub qaldılar. Başqa şeylər də bilirsinizmi? deyə sordular. “Navavar” (Gəmiçi) şeirini bilirəm. Onu da dedim. Əlavə elədim ki, şeirin müəllifini unutmuşam. Bilmirəm bunu Aksel Bakunts yazıb, yoxsa Derenik Dəmirçiyan, Yeğişe Çarents yazıb, yoxsa Avetik İsaakyan? Dəli oldular…
– Ramiz müəllim,sizcə, xalqımızın ən bariz cəhətləri hansılardır?
-Siz məni provakasiyaya çəkirsiniz. Müsahibə maraqlı olsun deyə mənə əndərəbadi suallar verirsiniz. Madam soruşdunuz, deyim. Bizin xalq, Azərbaycan türkləri türk və islam dünyasının ən qabaqcıl xalqıdır. Hər on min nəfərə düşən orta və ali təhsillilərin, həkimlərin, mühəndislərin, müəllimlərin, alimlərin və s. sayına görə Azərbaycan mütləq çempiondur. Çox gözüaçıq, sərvaxt, istedadlı, zəki, yəni zəkali xalqdır! İQ (ay-kü) rəqəmi çox yüksəkdir. Ancaq onun saat kimi işləyən beyni saxtakarlığa daha yatqındır. Mal, mülk, pul, sərvət yığmağa çox meyllidir, hətta hərisdir. Siz ağlın dərəcəsinə baxın: bir iş adamımız Çində əlini cibinə atır, 50 qəpiklik pul çıxır. Dərhal ağlına parlaq ideya gəlir. Çinlilərə deyir ki, mənə bundan on ton düzəldin. Biri neçəyə başa gələr? 20 qəpiyə. Pulları nə adlasa Bakıya gətirir, yayır. Sonra o metal sikkənin sarı hissəsi ovulmağa başlayır, sən demə, çinlilər bizdən daha fırıldaq imiş, qənaət üçün işə xəyanət ediblər. Dövlət duyuq düşür və bu maxinatoru tuturlar. Mən anlaya bilmirəm ki, belə gözüaçıq xalqın torpağını ermənilər necə ələ keçirə bilmişdi? Digər mənfi cəhətlərimiz bunlardır: milli yaddaşımız yoxdur, unutqanıq, hər şeyi bağışlayırıq, ürəyi yumşaq, qəlbi açığıq, müşkülümüzü rüşvətlə həll etməyə üstünlük veririk. Ən mənfi sözümüz isə budur: “Bura Azərbaycandır!” Türk dünyasınıda bizə böyük rəğbət var. Belə hesab edirlər ki, Azərbaycanda on milyon əhalinin bir milyonu türk, bir milyonu qazax, bir milyonu özbək… tatar, türkmən, qırğız, uyğur və digər ən istedadlı türk millətlərindən ibarətdir. Yəni seçmə əhalidir. Ölkəmizə türk dünyasının mayakı kimi baxırlar. Hər şey, hər yenilik, hər izm birinci burada meydana gəlməlidir, sonra bütün türk dünyasına yayılmalıdır. Bu belədir: ilk sentimental roman, ilk opera, ilk simfoniya, ilk… nə, nə, bizdə ortaya çıxıb.
-Sizin şeirləri oxumaq nəsib olub mənə. Belə deyirəm, çünki şeir kitabınızın olmadığını bilirəm. Nə vaxt kitab şəklində təqdim edəcəksiniz onları oxuculara? Belə bir fikriniz varmı?
-Var. 7 il sonra, 75 yaşında. “İlk və son kitab” adlı bir şeirlər kitabı buraxacağam. Qu quşunun son nəğməsi olaraq. Mənim çox az şeirim çap olunub, onun da bir qismi Türkiyədə və Özbəkistanda çıxıb. Bir az da burada.
– Ramiz Əskər şeirləri necə yaranır, nədən qaynaqlanır?
– Mən sosial-siyasi məzmunlu şeirlər yazmıram, mənimki məhəbbət lirikasıdır. Çünki eşq, hiss, duyğu əbədidir. Siyasət gəldi-gedərdir. O duyğuları şeirə çevirəndə çox gözəl olur. Bilirsiniz, ilk gənclikdə qafiyə tapmaq çətin idi: oldu, doldu, soldu, yoldu… Arxası gəlmirdi. Sonra isə fikir tapmaq müşkülə döndü. Mənim öz stilim,qafiyə sistemim, sufiyanə tərzim var. Kimsə bu şəkildə yazmır. Məsələn, bu şeirə baxaq:
Qaysaqlanmaz bu yara
Təsəllidən, alqışdan,
Kədər adlı o yara
Vuruldum ilk baxışdan.
Kimsə çəkməz nazımı
Yardan, dostdan, tanışdan,
Oxu alın yazımı
Alnımdakı qırışdan.
Hündür deyil Himalay
Eşq adlı bu yoxuşdan.
Könlüm şüşə bir saray,
Sütunları qamışdan.
Dərd əbası əynimdə,
İlmələri qarğışdan,
Yer kürəsi çiynimdə,
Qalib çıxdım yarışdan.
Can ruhuma bir qəfəs,
Qəfəs qorxar bu quşdan,
Birdən gəlsə son nəfəs,
Vaz keçəmməz uçuşdan.
– Bəlkə nə zamansa roman yazmaq da keçər fikrinizdən?
– Əziz Təranə xanım, əgər mən sizə desəm ki, Azərbaycanda sandıq ədəbiyyatının ən böyük nümayəndələrindən biri mənəm, inanın. Mən hələ tələbəlik dövründə dram əsəsrləri (“Selektor”, “Supervirus”), komediya (“Qaynımın qaynının toyu”), faciə (“Zərdüşt”) yazmışam. Yarımçıq romanım, xeyli hekayəm var. Vaxtım olsa, bunları yenidən işləyib ədəbi dövriyyəyə buraxardım. Vallahi, vaxtım yoxdur. Hətta ölməyə vaxtım yoxdur…
-Siz nəyisə əvvəlcədən proqnozlaşdıra bilirsinizmi? Yoxsa xaotik axınla addımlayırsınız həyatda?
– Siz nə danışırsınız? Bəyəm mən yəhudiyəm?
– Ən çox sevdiyiniz rəng
– Üç rəng çox gözəldir. Mavi rəng – türklüyün rəngidir, mən türkəm. Yaşıl rəng – islamın rəngidir, mən müsəlmanam və sevdiyim xanımım gözünün rəngidir. Qırmızı rəng – müasirliyin, tərəqqinin rəngidir.
-Sizin üçün daili gözəllik vacibdi, yoxsa…?
-Türkcə bir dyim var: gözəl üzdən 40 gündə doyarlar, gözəl qəlbdən 40 ildə doymaq olmaz. Təəssüf ki, insan oğlu formalistdir. Öncə formaya, sonra isə məzmuna baxır.
Ramiz müəllim, mənə elə gəlir ki, fəaliyyətinizin apogeyi tərcüməçilikdir. İstərdim bu haqda özünüz danışasınız.
-Mən BDU-da əvvəlcə bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, sonra türk xalqları ədəbiyyatı kafedrasının müdiri olmuşam. O zaman gördüm ki, kafedra üzrə tədris olunan fənlərin, dərslərin ədəbiyyatı yoxdur. Yəni Mahmud Kaşğari, Yusif Balasağunlu, Nəvayi, Babur, Azadi, Məxdumqulu, Bəkir Çobanzadə kimi ədiblərin həyatı və yaradıcılığı tədris olunur, ancaq əldə onların əsərləri yoxdur. Nə orijinalı, nə də tərcüməsi. Başladım tərcümə eləməyə. Bugünə qədər türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz, rus və alman dillərindən 61 kitab tərcümə etmişəm. Bunların arasında Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” (4 cild) əsərini, Yusif Balasağunlunun “Qutadğu bilik” poemasını, Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitablarını, Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divan-larını, Azadinin, Əndəlibin, Məxdumqulunun, Molla Nəfəsin, Abdulla Tukayın, Bəkir Çobanzadənin seçilmiş əsərlərini, Əlişir Nəvayinin xəmsəsini (5 cild) və risalələrini göstərmək olar. Mənim tərcüməmdə “Monqolların gizli tarixi”, “Türk ədəbiyyatı tarixi” (2 cild), özbək və türkmən poeziyası antologiyaları çapdan çıxmış və ölkəmizin elmi və ədəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.
– Bilirəm ki, siz dəfələrlə Süleyman Dəmirəllə görüşmüsünüz. Bu tanışlıq necə olub?
-“Divanü lüğat-it-türk”ü tərcümə etdim, ancaq nəşrinə pul tapa bilmədim. Bir-iki adama dedim. Olmadı. Bir nəfər soruşdu ki, bu divan hansı dövrdən qalıb? Dedim ki, qaraxanilər dövründən. Dedi ki, bəs bu min ildə nə yaxşı çürüməyib? Bunun materialı nədən imiş? Anlaşıldı ki, dostum divan deyəndə mebel anlayıb. Onda Dəmirələ bir faks göndərib kömək istədim. Bir həftə sonra mənə zəng elədi, Ankaraya çağırdı. Bir neçə dəfə getdim. Ancaq bir şey çıxmadı. Pulu Bakıda başqa bir adam, keçmiş vergilər naziri Fazil Məmmədov verdi. Ancaq dostluğumuz baqi qaldı. Abdulla Güllə iki dəfə, Tansu Çillərlə bir dəfə görüşdüm. Şəkillərimiz var.
– Kitablarınızın, tərcümələrinizin sayı-hesabı yoxdur. Yəni siz çox məhsuldar şəkildə, hətta fədakarcasına işləmisiniz. Tutduğunuz mövqedən və əldə etdiyiniz nailiyyətlərdən razısınızmı?
– Məsələ belədir: mənim original 27 kitabım var. 61 tərcümə kitabımı da əlavə etsək toplam 88 kitab olar. Bunların bir neçəsini çıxmaq şərtilə hamısını öz vəsaitimlə nəşr eləmişəm. Onu bu şəkildə gerçəkləşdirirəm. Deyək ki, bir kitabım çıxacaq. Nəşriyyata bir aylıq maaşımı verirəm, kağız, boya-filan alır, çünki qiymətlər gün-gündən bahalanır. Yavaş-yavaş çapa başlayır. Sonra ikinci və üçüncü maaşımın yarısını verib, yarısı ilə yaşayıram. Mən kitab-zad satmıram… Bu sahədə maddi baxımdan heç bir uğurum-zadım yoxdur. Mərhum Solmaz xanım məni heç vaxt sıxmadı, həmişə anlayış göstərdi…
Ruhu şad olsun Solmaz xanımın. Ramiz müəllim, musiqi sizin üçün nədir?
– Bu sualın cavabını rusca bilirəm: svobodnoye izliyaniye duşi.
– Dağı, meşəni çox sevirsiniz, yoxsa qumlu səhranı?
– Dağı və meşəni. Mən çılpaq bir coğrafiyada doğulub böyümüşəm. İçimdə yaşıl təbiətə bir həsrət olub həmişə…
-Məndə olan məlumata görə oğlunuz Atilla yeganə azərbaycanlıdır ki, ABŞ-da NASA-da çalışır. Bizim üçün həmvətənimizin bu səviyyəyə ucalması təbii ki, çox sevindirici haldır. Bəs siz, bir ata kimi, oğlunuzla fəxr edirsinizmi?
-Təbii ki… Bu fakt çox sevindiricidir. İfrat yerazlar yazmışdılar ki, artıq NASA-da da adamımız var. Atilla mənim qəlbimdir… Sevgili oğlum…
Bilirəm ki, siz bu yaxınlarda səviyyəli bir simpoziuma dəvətlisiniz. Bu haqda danışaq, yoxsa onun keçirilməsini və nəticələrini gözləyək? Əvvəlcədən nəsə deyə bilərsinizmi?
– Mən 70 civarında simpozium, konfrans və forumda iştirak etmişəm. Bu, sıradan bir simpoziumdur. Ərzincanda Türk Dünyasının perspektivləri ilə bağlı bir elmi tədbirdir. Burada Türk Dünyası Vətəndaşlığı məsələsi qoyulacaq. Biz istəyirik ki, Turan ölkələrinin tələbə gəncliyi eyni milli platformada bir araya gəlsin. Qısa bir müddət sonra XVII Türk dili qurultayı keçiriləcək, sonra isə Səmərqənddə Türk Sammiti çərçivəsində Beynəlxalq Əlişir Nəvayi müsabiqəsinə yekun vurulacaq. Bəlkə mən də laureatlar sırasında oldum…
-“Səmimi söhbət”in qonağı olduğunuz üçün və mənim suallarıma son dərəcə səmimi cavablar verdiyiniz üçün sizə təşəkkür edirəm. Öz adımdan və oxucularım adından sizə can sağlığı, yeni yaradıcılıq nailiyyətləri və işinizdə müvəffəqiyyətlər arzu edirəm. Mənə və oxuculara deyəcək sözünüz varsa, buyurun.
-Siz sağ olun! Başqa suallarınız olsa, cavab verməyə hazıram…
P.S :Əziz dostlar, dəyərli oxucular! Bu gün Ramiz Əskər yaradıçılığının, fəaliyyətinin və şəxsiyyətinin sonsuz dəryasına baş vurmaq istədim. Güman edirəm ki, sizə də bu insanla tanışlıq zövq verdi. Hesab edirəm ki, Ramiz Əskər milli dəyərimiz kimi diqqətə və qayğıya layiqdir. Söhbətimizə qoşulub bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edirəm. “Səmimi söhbət”lərdə görüşənədək.
Söhbətləşdi: Təranə MƏMMƏD
Share: