window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qan Turalı yazır…
Görkəmli Azərbaycan aşığı Aşıq Abbas Tufarqanlı hələ 400 il əvvəl bu misraları yazaraq atalar və oğullar problemindən bəhs etmişdi:
Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər da qaynananı bəyənməz.
Bəli, tarixin heç bir vədəsində oğullar atanı, qızlar ananı bəyənməyib. Elə oxuyub-yazmaqla da bağlı vəziyyət bundan ibarətdir. Bir çoxları elə düşünür ki, əvvəl hər kəs savadlı idi, ancaq sonralar ara qarışdı, savad azaldı, bilik yoxa çıxdı.
Hərçənd zahiri tərəfdən baxdıqda bu fikri dəstəkləyən mənzərəni də görmək olar. Belə ki, hara baxırıqsa orfoqrafik səhv görürük. “Da” və “də”-ni bitişik ikən ayrı, ayrı yazılmalı halda isə bitişik yazanlar… Səhvi “səhf” edənlər. Bir sözlə, sosial media nəhəng bir orfoqrafiya qəbiristanlığıdır.
Ancaq bunun səbəbinin kütləvi savadsızlaşma olduğunu da düşünmürəm. Sadəcə, əvvəlki dövrlərdə sosial media olmadığı üçün orfoqrafik savadsızlıq gözə dəymirdi. Biz başqa insanların yazdığını mediada, ya da kitablarda oxuyurduq. Bu müəlliflər də şəksiz ki, savadlı adamlar idi, üstəlik yazıları redaktədən, korrektədən keçirdi.
Bu yerdə yadıma İsi Məlikzadənin “Təşəbbüs” hekayəsi düşür. Bir parçanı bölüşüm, hamımız oxuyaq:
Müdir haçandan-haçana gözlərini tavandan çəkib fikirli-fikirli Əhlimana baxdı.
– Səncə kamança necə yazılır?
– K-a-m-a-n-ç-a.
– Bəlkə, “kəmənçə”?
– Vallah, “kamança!”.
– Bəs eşitməmisən camaat hərdən “kəmənçə” deyir?
– Onu camaat deyir, yoldaş Zəmiyev. Əslində “kamança” yazılır.
– Dürüst bilirsən?
– Vallah, “kamança”dır”
Doğrudan da, “vallah kamança”dır. Yəni, sözün düzgün yazılışını bilməyən insanlar o zamanlarda da çox idilər, sadəcə gözə dəymirdilər. Bu gün isə Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, 469 müəllim “anbar”, “şənbə” və “pambıq” sözlərini düzgün yaza bilmir. Məsələ sertifikasiya imtahanında üzə çıxıb.
Bəs bütün bu problemlərin səbəbi nədir?
Əlbəttə ki, mütaliə mədəniyyətinin olmaması. Çünki biz sözlərin düzgün yazılışını mütaliə ilə öyrənirik. Heç kim əlinə lüğət götürüb oradan sözlərin düzgün yazılışını əzbərləmir. Buna görə də orfoqrafik səhvləri edənin mütaliə səviyyəsinin aşağı olduğunu əminliklə qeyd etmək mümkündür.
Bəs ölkədə mütaliə hansı səviyyədədir?
Sosial Tədqiqatlar Mərkəzinin sorğusunun nəticələrinə görə ölkə əhalisinin yarısı (49,8 faiz) kitab oxuyur. Çox yüksək bir rəqəm deyilmi? Elə görünür, ancaq digər bir rəqəmə baxdıqda gerçəklik üzə çıxır.
Belə ki, hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitabların sayı 1-3 aralığındadır. 6,4 faiz isə 10 kitab oxuduğunu bildirir. Bir insan hər gün bir səhifə oxusa belə bu ildə 365 səhifə edir. Ancaq diqqət edin, ölkə əhalisinin yarısı kitab oxuduğunu dediyi halda hər dörd nəfərdən biri ildə 1-3 kitab oxuyur. 6,4 faizi isə ildə 10 kitab oxuyur ki, bu da aya heç bir kitab da etmir.
İndi isə gəlin, başqa ölkələrin statistikasına baxaq. Bir yapon bir ildə 25 kitab oxuyur. Üstəlik, bu, ortalama nəticədir, bizdə ölkə əhalisinin 6,4 faizi 10 kitab oxuyur. Özlərini “mütaliə edən” kimi təqdim edənlər yarısı ildə 1 kitab oxuyur. Digər yarısı isə heç oxumur, ancaq deyir ki, oxuyuruq. Bir sözlə, yapon ildə 25 kitab oxuduğu halda bizdə bu rəqəm heç 2 də deyil.
Elə buna görə də səhv sözünü “səhif” yazırıq…