Qazaxıstan hakimiyyəti ölkə paytaxtının keçmiş adının qaytarılması prosesinə start verib.
Nur-Sultan adının Astanaya dəyişdirilməsi təklifi ilə parlamentin aşağı palatasının “Yeni Qazaxıstan” deputat qrupu çıxış edib. Onlar qeyd ediblər ki, hazırda həyatda olan insanın şərəfinə ad qoyulması yanlışdır. Bununla da Nazarbayev kultunun ləğvi prosesinin davamına start verilib.
Bununla bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.
Deputatların müraciətində deyilir ki, konstitusiyaya əlavələr ediləcəyi təqdirdə, əsas qanuna daha bir mühüm dəyişiklik etmək lazımdır.
“Söhbət paytaxtın əvvəlki adının qaytarılmasından gedir. Bir insanın sağlığında şəhərə adının verilməsini yanlış hesab edirik. Üstəlik, xalq da paytaxtın yeni adını qəbul etməyib. Ona görə də paytaxta vaxtilə birinci prezidentin (Nursultan Nazarbayev) təklif etdiyi Astana adının qaytarılmasının ədalətli olacağını düşünürük”, – deyə bəyanatda deyilir. 2019-cu ildə prezident Qasım-Jomart Tokayev Qazaxıstan paytaxtının adının dəyişdirilərək Nur-Sultan olmasını təklif edib. 2022-ci ilin yanvar hadisələrindən qısa müddət sonra on minlərlə vətəndaş şəhərin keçmiş adının qaytarılması üçün petisiya imzalayanda Tokayev hələ bunun vaxtının çatmadığını söyləmişdi. Görünür, indi o vaxt gəlib çatıb. Baş nazirin birinci müavini Roman Sklyarın dediyi kimi, “paytaxtın adının dəyişdirilməsi cəmiyyətdə çoxdan müzakirə olunur”. “Əlbəttə, təklif diqqətəlayiqdir. Deputatlar qrupu “Jana Qazaxıstan” (Yeni Qazaxıstan) onu baxılmaq üçün təqdim edib. Düşünürəm ki, bu təklif cəmiyyətdə müzakirə edildikdən sonra parlamentdə ona baxılacaq”, – deyə R.Sklyar hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, cəmiyyətin təklifə reaksiyasını dəqiqləşdirmək üçün bir qədər gözləməyi xahiş edib.
Tengrinews.kz xəbər verir ki, paytaxtın adının dəyişdirilməsi baş tutsa, bu, 1830-cu ildə əsası Akmolinsk adı ilə qoyulan şəhərin altıncı ad dəyişikliyi olacaq. 1961-ci ildə sovet lideri Nikita Xruşşovun və Qazaxıstan Kommunist Partiyasının birinci katibi Dinmuhamməd Kunayevin sərəncamı ilə şəhərin adı dəyişdirilərək Çelinoqrad adlandırılıb. Lakin Qazaxıstan müstəqillik qazandıqdan sonra Nursultan Nazarbayev sovet keçmişindən qurtularaq şəhərin adını Akmola edib. 1998-ci ildə paytaxt Akmolaya köçürüldükdən sonra adı dəyişdirilərək Astana (qazax dilində “paytaxt” mənasını verir ) adlandırılıb.
Qərb müşahidəçiləri hesab edir ki, paytaxtın adının dəyişdirilməsi təklifi ölkənin daxili həyatında baş verən mühüm dəyişikliklərə uyğundur. Güman etmək olar ki, belə bir addım bu payızda keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Tokayevin reytinqini bir az da artıra bilər. Qərbdən fərqli olaraq Qazaxıstanda hesab edirlər ki, bu təşəbbüs bir qədər gecikib. Əgər Tokayev təklifin ilk dəfə irəli sürüldüyü mart ayında buna razılıq versəydi, öz reytinqini xeyli gücləndirə və indikindən qat-qat populyar olardı. Bununla belə, Etno-Milli Strategiyalar Agentliyinin direktoru, tarix elmləri doktoru Aleksandr Kobrinskinin fikrincə, paytaxtın adının dəyişdirilməsi ilə bağlı proseslər dövlət başçısının reytinqinə mənfi təsir də göstərə bilər: axı Astananın adının Nur-Sultan olaraq dəyişdirilməsi təşəbbüsü Tokayevə məxsus idi. Ona görə də belə bir qərar qəbul olunarsa, bu, cəmiyyətdə hazırkı hakimiyyətlə bağlı istehzalı əhval-ruhiyyə yarada bilər. “Tokayev paytaxtın adının dəyişdirilməsi ilə bağlı öz təklifindən imtina etməyə sövq edilir. Əvvəlcə prezidentliyə minnətdarlıq oldu və şəhərin adını dəyişdi, indi isə Nazarbayevin üstünə buludlar yığılanda onun əksinə addım atması üçün təzyiqlər edilir. Adın dəyişdirilməsi təhlükəli oyundur”, – deyə A.Kobrinski bildirib. Ekspert qeyd edib ki, siyasətçilərin sağlığında onların şərəfinə adlandırılan şəhərlərin adını dəyişməyə ehtiyac yoxdur. “Bu, əlbəttə ki, Nazarbayevə zərbədir. Bir müddət sonra Nazarbayev təqib olunan kimi çıxış edəcək. Amma yadda saxlamaq lazımdır ki, biz təqib olunanları sevirik, amma təqib edənləri yox”, – deyə ekspert qeyd edib.