Guya “Türkmənçay” müqaviləsiylə Azərbaycan bölünüb və biz yazıq olmuşuq – GÜNTAY

Tarix mövzusu üzərinə Güntay Gəncalp Bayındırlı ilə söhbətimizin heç də birmənalı qarşılanacağı əminliyində deyiləm. Lakin bu bir araşdırmaçı və eyni zamanda mühacir həyatı yaşayan millətsevərin fikirləri olduğu üçün özünün aktuallığını heç zaman itirməyəcək bir mözu  oxucularımız üçün də maraqlı olacağına əminik.

-Tarix və çağdaşlıq məsələsində sizin fərqli yanaşmanız vardır. Bu fərq üzərinə fikirlərinizi açıqlarsınızmı?

 –Fərqli görüş təbii olaraq mənim mütaliələrimə, müşahidələrimə və təcrübələrimə dayanmaqdadır. İnsan beyni keçmişlə çox məşğul olduğunda indiki zamanda mövcud olan fürsətləri qaçırır. Çünkü beynin hər iki zamanda bulunma imkanı yoxdur. Keçmiş insan beyninin bir başa məşğul olduğu gerçəklik deyildir. Biz keçmişlə əqli təmasda ola bilmərik.

– O zaman tarixi bilməməkmi gərəkir? Tarix nədir?

– Tarix hələ də içində yaşadığımız yaşantı şəklidirsə, o zaman biz heç bir inkşaf etməmişik. Böyük rus yazaraı İvan Turgenevin “Atalar və oğullar” adında çox gözəl bir romanı vardır. Bu romanda tərəqqinin ölçüsü atalar və oğullar arasındakı fikri, hissi və müşahidə məsafəsinə görə müəyyən edilir. Gerçəkdən də oğullarda atalar mirasına tənqidi bir yanaşma yoxdursa, o zaman o millətdə heç bir irəliləmə də yoxdur. Diqqət etsəniz müsəlman şərq ölkələrindəki qaranlığın və cəhalətin də səbibi budur: dədələrin mifik həyatı diyalektik özəllik daşıyan ağılın inkişafının önündə ən böyük əngəldir. Tarixin nəliyinə gəldiyimizdə isə, onun fenomun olaraq nə olduğu bilinməz. Sadəcə olay haqqında biz bilgi sahibi ola bilərik. Bu bilgilər də obyektiv bilgi ola bilməz, ola bilməsi mümkün deyildir. Çünkü o, bu an önümüzdə bulunan zaman deyildir. Tarixi olaylar haqqında qurqularımız olar. Lakin bu qurquların, bu təxəyyüllərin sorqulanması bilgiləri obyektivliyə yaxınlaşdıra bilər. Bir fenomeni anlamaq üçün üç şeyə diqqət etmək lazımdır: bilgi- davranış- niyyət. Fenomenoloji incələmə bu üçünü bir yerdə ələ almalıdır. Çünkü davranış, var olan bilgiləri qullanaraq niyyətə və hədəfə görə sərgilənər.

-Bunu konkret nümunə ilə necə açıqlaya bilərsiniz?

-Məsələn, Səfəvi dövlətinin quruluşunu nəzərdə tutalım, çünkü Azərbaycanda sovetdən bəri Səfəvi heyranlığı təbliğ edilmiş. Dövlətin qurucusu Şah İsmayılın bilgiləri, bilirsənmizi nədir?

-Nədir?

-Şiəlik bilgiləridir. Çünkü o, bir şiə olaraq yetişdirilmiş və özündən öncəki iki soyu da sünnilikdən şiəliyə keçmişdir. O zaman İsmayılın ağlındakı şiəlik bilgilərini incələmək lazımdır. Onun niyyəti nə olmuş? Bir şiə dövləti qurmaq. Şiə dövlətinin qurulması yolunda əngəl nə imiş? Təbrizin sünni əhalisi. O zaman şəhərin sünnilərini qətl etmək lazımdır. O qətlləri törədən davranışların səbəbi diqqət etsəniz, bilgi-niyyət irtibatında bəlli olur. Bu üzdən də tarixi şəxsiyyətlərin bilgilərini, niyyətlərini bilmək tarixi bilgiləri obyektivləşdirməkdə çox yararlıdır. Çünkü yazıb-oxuması olmayan xalq kütləsi karizmatik bir liderə tapınırdı. Karizmatik liderin qoyduğu yasalar xalq arasında gələnəyə düşünürdü. Bizim xalq aşura günü niyə özünü məsxərə gününə soxub zəncirlə döyür? Belə bir İslam varmı? İslamın kitabı Quranda belə bir davranış istənməkdədirmi? Yoxdur. İslam belə işləri tamamən yasaqlamış. O zaman bunlar haradan ortaya çıxdı? Bax nümunə üçün bu ənənənin ortaya çıxma səbəbini bilmək üçün Şah İsmayılın tətbiqatına baxmaq lazımdır. Çünkü ondan öncə bizim xalqda belə “din”i anlayış və mərasim olmamışdır.

Modern tarixçilikdə bunun nümunələrinə rast gəlmək mümkündürmü?

-Modern tarixçilik sadəcə tarixlə məşğul olmaz, həm də tarixi dəyişdirməklə, tarixi azad etməklə məşğul olar. Çünkü tarix gəldiyi kimi də getmək istər. Gəldiyi kimi getməmək üçün ona modern ağlın qatqısı olmalıdır. Tarix ağıldan çox ənənələrin yaratmasıdır. Ümumiyyətlə tarixin yaradıcısı inanc və hissiyyat və elmin yaradıcı ağıldır. Çünkü ağıl fərdlərin başında, inanc isə kütlənin başında deyil, ənənəsinin içində yaşar. “Kefli İskəndər” kimi çox ağıllı adamlar var. Onlar ənənələri qəbul etməsələr də, onun içində acı çəkərək yaşarlar. Modern tarixçilik bizdə yoxdur, çünkü bizdə aydınlanma dövrü olmamışdır. Biz aydınlanmamış xalqıq və hələ də tarixin nostalgiyası içində duyğulanıb durmaqdan həzz alan toplumuq. Mifik keçmişlə iftixar edən əhali. Hal bu ki, keçmişin heç bir hüquqi və elmi dəyəri yoxdur. Yəni Azərbaycanda yayğın olan “Şah İsmayıl ucsuz-bucaqsız bütöv Azərbaycan qurmuşdu” mifinin və ya yalanının hüquqi dəyəri yoxdur. Bu, yalan bizim hansı hüquqi və sosial çətinliyimizi həll edər? Avropada aydınlanmanın və modern tarix yazarlılığının əsasını demistifikasion təşkil edirdi. Yəni miflərdən arınma, mifik ölçülərləri düşüncəyə yaxın buraxmama. Şərq millətləri miflərin yalanları içində yatıb dərin yuxuya dalmaqdan ləzzət alırlar. Tarix toplumun duyğularını öz qaranlıqlarına tərəf cəzb edən qorxunc bir bataqlıqdır. O qaranlığın cazibəsindən azad olmaq asan iş deyil. Bilgisiz və cahil toplumların ruhunu tarixin qaranlığı çox tez işğal edər. Avropada bu problemi həll etmişlər.

-Necə həll etmişlər? Bir nümunə söyləyə bilərsinizmi?

-Bir nümunə söyləyim. Azərbaycanda bir mif var. Guya “Türkmənçay” müqaviləsiylə Azərbaycan bölünüb və biz yazıq olmuşuq və birləşməyənə qədər də bədbəxt olaraq qalacağıq. Bu yalan və mif problemlərlə qarşılaşmaq üçün bəhanə uyudurmaqdır. II Dünya Savaşında Almaniya yenildi ərazisinin bir qismi Polşada qaldı. Almaniya bunu özünə dərd etmədi. İnkişafına davam etdi. Yenə də II Dünya Savaşında Finlandiya xeyli ərazi itirdi və Karyala kimi geniş ərazisi Rusiyada qaldı. Finlandiya bunu özünə dərd etmədi və inkişafına davam edərək, dünyanın ən inkişaf etmiş xalqına dönüşdü. Azərbaycanda yerindən qalxan dərdini Araza söyləyir. Ağlağan, sızlayan və “Türkmənçay” yalan və mifinə iman edən əcayib bir xalq kütləsi meydana gəlir. Türkmənçay “bəbbəxtliyi”ni Qarabağın işğalının səbəbkarı kimi görənlər də vardır! Türkmənçayın hüquqi keçərliliyi yoxdur. Qarabağsa, hüquqən Azərbaycanın ərazi bütövlüyünün içində yer almaqdadır. Tarixi sürəcin nəticəsinə baxan yoxdur. Türkmənçayın müsbət tərəfini düşünən və dilə gətirənə rastlamadım. İranda qalan nə olmuş ki, sən də orada qalsaydın xoşbəxt olasan? Türkmənaçy müqaviləsi zamanı Qafqazda bir milyon türk yox idi. Bu qədər az nüfus oradan qopduqdan sonra və İranın genəlinə yayılmayaraq artıb indi on milyon oldu. Petrolun Bakıda meydana çxımasıyla da İrandan türk işçilər gəlib Bakıda çalışdılar və Bakı türkləşdi. Türkmənçay müqaviləsi olmasaydı da, Qafqaz İrana qarışmazdı. Çünkü Səfəvilərin çöküşündən sonra Qafqazda fərqli mədəni və kültür mühiti yaranmışdı. Yeniləşən Rusiyayla münasibət Qafqaz türklərinin sosial psixologiyalarını dəyişmişdi və onlar artıq heç bir dəyişiklik və irəliləmə etməmiş olan Təbrizlə bir yerdə yaşaya bilməzdilər. Rusiya olmsaydı da, orada müstəqil və İrana, osmanlıya tabe olmayan dövlət yaranacaqdı. Lakin Rusiyaya birləşməyi A. Bakıxanov, C. Cabarlı kimi ziyalılar da da istəyirdi və təqdir edirdilər. Hadisəyə gerçəkləri bilməyən indiki sözbaz şairlərin gözüylə baxmamaq gərəkir. O dövrün ziyalıllarının gözüylə də baxmaq lazım. Məsələn C. Cabbarlı Axundovun yaradıcılığını anladan bir yazısında deyir ki, şəriət hüquq sistemindən ayrılaraq modern Rusiya hüquq sisteminə keçməyimiz bizim milli dilimizin və kültürümüzün inkişafına təkan verdi. Düz deyir.

Türkmənçay olmasaydı, Qacar Qafqazı işğal etsəydi, Axundovlar yetişməzdi? Dərhal öldürərdilər. Bizi ənənələrimizdən və köklərimizdən qoparan bütün gəlişmələr müsbətdir. Atatürk də xalqı Osmanlı köklərindən və Osmanlı miflərindən qopara bildiyi üçün modern bir hüquq dövləti yaratdı. Yoxsa Osmanlı şeyxləri elmin və dilin inkişafına iznmi verərdilər? Hər qopuş bir yenilik yaradar. Böyük gəmilər dənizlərdə səhayətə çıxmaq üçün öncə sahilə bağlanan bağlarını qoparmalıdırlar. Bəzən öz-özümə düşünrəm ki, gerçəkdən də yalan və mif xalqın gözünü kor edir. Xalq, oxumuş adamlar İranda nələr olduğunu görmürlərmi? Orada qalsaydılar xoşbəxtmi olacaqdılar?

-Əhalidə belə bir fikir var ki, bir yerdə olsaydıq, fərqli olardı.

-Bu fikir yanlışdır. Tarixin heç bir mərhələsində bir yerdə olmamışıq. Əski çağlarda hətta kəndlərin bir-birlərindən xəbəri olmazdı. Türkmənçay müqaviləsi zamanı əhali nə qədərdi ki? Qafqazda türklərin çoxu köçəri və vətənsizdilər. Ruslar bunları zorla yerləşik həyatı keçirib sayılarını artırdı. Köçəri millətin iqtisadiyyatı olmaz, çünkü nüfus sayımı yox. Bu ağlayıb sızlama ədəbiyyatını toplumun içindən çıxarıb və indiki zamanda yaşayaraq gələcəyə yönələn bir millət təsis etmək gərəkir. Türkmənçayda sizin itirdiyiniz heç bir şey yoxdur, sadəcə qazandığınız var. Tarixi nəticəsinə görə dəyərləndirmək lazımdır. Nəticə sizə müstəqil bir dövlət gətirmiş. “Güney Azərbaycan” mifi də dərin sovet dövləltinin uydurmasıdır.

-Sovetlər nədən bəs, bunu uydurdu?

“Cənubi Azərbaycan” streotipi sovetlərin İran və Amrikaya qarşı ortaya atdığı xarici siyasət stratejilərindən biri idi. Muhəmməd Müsəddiq İranda baş nazir olduqdan və nefti milliləşdirdikdən sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı və hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu. Müsəddiq uzaqlaşdırılıdı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. Moskvanın izni olmadan bunlar edilərmiydi? “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Dərin sovet dövləti üçün “Cənubi Azərbaycan” məsələsi ABŞ-İran birliyinə qarşı bir təhdid stratejisi idi. Sovetin bu planı Azərbaycanda əhalinin duyqğuları ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi.  Bölünmüş Azərbaycan deyə bir ölkə yoxdur.
Söhbətləşdi: Faiq Balabəyli

Share: