Bu şəhid oğlanın “adamı” varmış – Şahnaz Şahın yeni şeiri

Bu şəhid oğlanın “adamı” varmış – Şahnaz Şahın yeni şeiri

Bu gecə yuxunun əsir gecəsi,
Mən də ki, yuxudan didərgin adam.
Uçub bu gecənin qaranquşları
Sərhəddə oyaqdı qan qardaşları..

Uduşlu, uduşsuz lotoreyalar
Hərəsi bir adı qaralayır bax
Hərəsi bir qəlbi yaralayır bax…
Bu tinin başında iki cavan da
Eləcə başını girələyir bax…

Dağıtdı bir xəbər yüz evi getdi
Ovuda bilmədim bir ürəyi də.
Soyuda bilmədim bir kədəri də…
Atıb pencəyimi qolumun üstə
Əvvəlki yerişlə, qabakı tərzlə
Qayıda bilmərəm daha o kəndə…

Cəbhədən alovlu xəbərlər gəlir
Qarşıdan narahat səhərlər gəlir
Geyinib qələbə paltarlarını
Yenə adamların başları üstə
Fəxri xiyabana şəhidlər gəlir…

Bu fəxri xiyaban yenə köç dolu
Biri sinə vurur, biri saç yolur…
Kimsə pıçıldayır qulaqlarıma:
-Sinəsi üstündə medalı varmış..
İndi yüz sualın bir cavabı da
Allahdan asılıb, Allaha qalmış…
Bu şəhid oğlanın, bu bəxtəvərin
Deyirlər, deyəsən “adamı” varmış…

Yenə bu gecədən bir yuxu keçir
Yenə ürəyimdən bir qorxu keçir…
Kımsə güllələnmə verib gecəyə
Endirib səmanın ucalığından
Üçrəngli bayrağı sərib gecəyə…

Gəl gedək, boz atlı oğlan, gəl gedək
Gedək atımızı dəyişdirməyə
Gedək adımızı dəyişdirməyə
Gedək haqqımızı dəyişdirməyə…
Anam öd almağa göndərib məni
Gedək odumuzu dəyişdirməyə…

 

Share: