“Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumuna təəccüblənmədi, lakin Rusiya ordusu üçün bu, gözlənilməz oldu”.
Bunu Pentaqonda keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin sözçüsü, general Pit Rayder bildirib.
“Məncə, kimsə təəccübləndisə də, Rusiya hərbçilərinin reaksiyasını nəzərə alsaq, bu, yəqin ki, rusiyalılar idi”, – deyə general qeyd edib.
Rayder vurğulayıb ki, ABŞ lap əvvəldən ukraynalıların diqqətəlayiq uyğunlaşma qabiliyyətinin və döyüş imkanlarından səmərəli istifadə etmə bacarığının fərqinə varıb.
“Ona görə də onların bu qədər sürətlə irəliləməsi bizim üçün təəccüblü deyil”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri döyüş meydanında onlara verilən hərbi imkanlardan yararlanıblar. Və “Qərb silah-sursatları əks-hücumun uğurunda rol oynayıb”.
Rayder qeyd edib ki, Silahlı Qüvvələr NATO-nun taktikasını mənimsəyib.
“Ukrayna Silahlı Qüvvələri köhnə sovet texnikasını yeni taktikaya uyğunlaşdıra bildi. Nəticədə rusiyalılara qalib gəldi. Ukrayna hərbçiləri M777 haubitsaları, HIMARS, PUA və s. kimi Qərb sistemlərini öyrəndilər və bu sistemləri köhnə silahlarda tətbiq edə bildilər”, – deyə general Pit Rayder açıqlayıb.
Mənbə: UNİAN