Məlum olduğu kimi sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə növbəti təxribat törətdi. Azərbaycan Ordusu böyük qətiyyət nümayiş etdirərək hücumların qarşısını aldı. Nəticədə Azərbaycan tərəfi də ciddi itkilər verdi. Erməni təxribatı, onun səbəb və nəticələri ilə bağlı suallarımızı yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri, Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz cavablandırıb.
-Yunus bəy, Ermənistanın ölkəmizə qarşı törətdiyi son təxribatın kökündə hansı amillər durur?
-Cənubi Qafqazı nüfuz dairəsinə bölmək istəyən dairələr var. Ortada Rusiya, Avropa və Amerika var. Avropa Birliyi Amerikanın əli ilə 31 avqustda üçtərəfli görüş təşkil etmişdi. Təbii ki, regonda baş verən hadisələrlə bağlı müəyyən qüvvələr çalışır ki, münaqişə tərəfləri arasında heç bir sülh müqaviləsi imzalanmasın. Məqsəd odur ki, ortada gərginlik olsun, təbii ki, gərginlik olanda ziyan təkcə Azərbaycana dəymir. Cənubi Qafqazda silah satışı gedir, Ermənistanın son təxribatı zamanı açıq-aşkar göründü ki, iki il ərzində nə qədər silah-sursat əldə etmişdilər. Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən hardasa 8 yüksəklik, 40 post məhv edildi. Nəticə isə ondan ibarətdir ki, Ermənistan tərəfi faktiki olaraq yenidən silahlanmaya gedir və revanş götürmək istəyir. Lakin Avropa da, Amerika da nəzərdən qaçırırlar ki, artıq müharibə Azərbaycanın içində yox, kənarda gedir. Azərbaycanın da özünün ərazi bütövlüyü və sərhəd təhlükəsizliyini qorumaq üçün cüveren hüququ var. Mən bir partiya sədri, bir yazıçı-publisist kimi Azərbaycanın bu mövqeyini dəstəkləyirəm.
– Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Sərhəd Qoşunu əsgərlərinə hücumunu necə xarakterizə edərdiniz?
-Ermənistanın ölkəmizin sərhədində törətdiyi təxribat zamanı Azərbaycanın Sərhəd Qoşunundan 8, digər silahlı qoşunlardan isə 42 əsgər şəhid oldu. Məlum olduğu kimi sərhəd qoşunları heç vaxt ərazidən kənara çıxaraq postu tərk eləməz. Aparılan analizlər deməyə əsas verir ki, Ermənistan tərəfindən diversiya xarakterli təxribat törədilərək sərhəd qoşunlarımızın əsgərlərinə hücum edilib. Yalnız bunun nəticəsində Azərbaycan tərəfi özünümüdafiə hüququndan istifadə edib. Fakt ondan ibarətdir ki, dünyanın heç bir dövlətində sərhəd qoşunları hücuma keçmir, ona həvalə edilmiş sərhəd zolağını qoruyur. Hücum üçün Müdafiə Nazirliyinin xüsusi təyinatlı əsgərləri və digər qoşun birləşmələri var. Sərhəd qoşunlarının vəzifəsi isə ona tapşırılan postu qorumaqdan ibarətdir. Bu faktı bütün dünyaya göstərmək lazımdır ki, mənim sərhəd qoşunlarımın əsgərləri niyə şəhid olub? Bəlkə, Azərbaycanın Sərhəd Qoşunlarının əsgərləri Ermənistan ərazisinə daxil olub? Bu, o deməkdir ki, sərhəd təxribatı ermənilər tərəfindən törədlilib.
Paşinyanın Vladivostokda dediyi sözlərdən belə məlum olurdu ki, guya onlar Azərbaycanla istədikləri müqaviləni bağlaya bilərlər. Azərbaycan beynəlxalq hüquq normalarına söykənən beş bənddən ibarət müqavilə şərtlərini ortaya qoyub və ona uyğun da sülh müqaviləsini bağlamaq niyyətindədir. Ermənistanın siyasi rəhbərliyi Brüsseldə deyir ki, sülh müqaviləsini imzalamağa hazırdır, ancaq Vladivostokda başqa bir şey danışır. İrəvanda isə dəhlizin açılması məsələsinə razı olmadığını deyir. Bütün bu mərkəzdənqaçma meyillərinə baxmayaraq Paşinyan üçtərəfli bəyənata imza atıb və bunu ona heç kim bağışlamayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları təyin olunmuş ərazidə infrastrukturu qoruyur, buradan isə beynəlxalq dəhliz açılır. Sən imzanın altından qaçırsan, Azərbaycanla Rusiya qaçmayacaq ki. Putinə bu gün həmin dəhliz hava, su kimi lazımdır. Bu gün Rusiyanın əli-ayağı bağlanıb, Avropaya çıxa bilmir. Təbii ki, beynəlxalq aləmdə Azərbaycanın güclənməsi Türkiyə, Pakistan və İsraildən başqa heç kimə sərf etmir. Odur ki, regionda marağı olan qüvvələr düşünürlər ki, Azərbaycanı zəiflətmək lazımdır. Onlar düşünürlər ki, Türkiyəni də zəiflətsinlər. Lakin Türkiyə günü-gündən güclənir. Bu ölkə artıq camaata ev verir, maaşları artırır. Əslində beynəlxalq geosiyasət dəyişib. Beynəlxalq geosiyasət dəyişəndə də belə təlatümlər olacaq. Məlum olduğu kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edib.
-Ermənistanın son təxribatı ilə bağlı ölkə daxilində də fərqli münasibətlərə rast gəlinir.
-Bizim müxalifətdən olan bəzi nümayəndələr deyir ki, 50 əsgərin orada nə işi var idi. Biri demir ki, erməni silahlı birləşmələrinin bizim sərhəd qoşunlarının əsgərlərində nə işi var idi? Niyə erməni diversant qrupu sərhəd qoşunlarımızın 8 əsgərini şəhid etdi? Əslində bu fakt Ermənistanın təxribat törətdiyini sübut edir. Bunu ermənilər özləri dünyadan pul yığmaq üçün göstərirlər. Paşinyan indi dünyadan pul yığmaqla məşğuldur, dünya erməni kilsəsinə, digər beynəlxalq təşkilatlara üz tutub. Sözsüz ki, həmin pullarla silah da alırlar. Amma əsas silahı heç kim ona satmır. İndi guya Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyaya başlanıb. Əslində isə ora 1500-2000 adam çıxıb. Onlar da erməni təxribatı zamanı həlak olan əsgərlərin qohum-əqrabalarıdır. Məsələ orasındadır ki, müxalifətdən də ortalıqda heç kim görünmür. Köçəryan, Sərkisyan haradadır? Xatırlayaq ki, Ter-Petrosyanın vaxtında da evni ssenari qurulmuşdu, nəticədə parlamentdə gülləbaran törədərək Dəmirçiyanı güllələdilər. Əslində nəinki bu şəxslər, Ermənistan dövlətinin özü terror təşkilatıdır. Ermənilər müqaviləyə imza atmaqdan qaçmaq üçün hər şeyə əl ata bilərlər. Ola bilsin ki, çevriliş eləsinlər. Paşinyanın xaricdəki havadarları onu məcbur etsinlər ki, hakimiyyətdən get ki, sülh müqaviləsinin vaxtı uzadılsın. Hələ Səmərqənddə keçirilən toplantıda nələrin danışılacağı bilinmir. Asiyanın aparıcı dövlətlərinin liderlərinin hamısı oradadır. Ola bilsin ki, orada hansısa ciddi qərarlar qəbul olunsun. Paşinyan ona görə tədbirdə iştirak etməkdən imtina etdi ki, yaxşı bilirdi ki, ora getsə onu sıxışdıraraq divarın dibinə qoyacaqlar. Çünki, KTMT-nin iclasında Qazaxıstan, Tacikistan və Özbəkistan Paşinyanı sıxıblar ki, niyə təxribat eləmisən.
-Tez-tez Azərbaycanın bufer zona yaratması fikri səslənir. Sizin məsələyə münasibətiniz necədir?
-Bu gün Azərbaycan bufer zonası yaratmalıdır. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb 8 yüksəklik, 40 postda dayanmalıdır. Lazım gəlsə bir az da irəli getməlidir. Necə olur, sən Kəlbəcərdə mənim ariçılıq təsərrüfatıma, heyvan otaran mülki vətəndaşa atəş açırsan. Bir tərəfdən sülh müqaviləsi istəyirsən, o biri tərəfdən mülki vətəndaşa güllə atırsan. Özün də gedib şəhərin ortasında topları qurursan ki, cavab atəşi olanda deyim ki, Azərbaycan tərəfi dinc əhaliyə atəş açır. Necə ki, 44 günlük Vətən müharibəsində təxribat eləmişdilər, indi də eyni ssenarini təkrar işə salıblar. Nəzərə almaq lazımdır ki, bizdə nöqtə atəşıdır, heç bir mülki şəxsə atəş açılmır. Sadəcə olaraq regionda nüfuz sahibi olmaq istəyən bəzi dövlətlər, beynəlxaq təşkilatlar var ki, bu məsələni Ermənistandan maşa kimi istifadə edib qarışdırırlar. Buna baxmayaraq biz yenə də sülh tərəfdarıyıq.
-Göründüyü kimi regionda maraqlı dairələrin sayı kifayət qədər çoxdur. Necə düşünürsünüz, belə bir şəraitdə sülh müqaviləsi baş tutacaqmı?
-Cənab Prezidentin bir sözü var, istəsələr də istəməsələr də Ermənistan bu sülh müqaviləsinə imza atacaq, Zəngəzur dəhlizi açılacaq. Artıq bunun ilkin görüntüləri var. Əslində Ermənistan bu dəhlizi açmağa məhkumdur, onun başqa çarəsi yoxdur. Düzdür, regionda sülhü istəməyən qüvvələr çoxdur, amma bədbəxt erməni yıxılan divarın aitında qalır. Buna baxmayaraq düzəlmirlər ki, düzəlmirlər. Çünki beyinləri xarab olub. Millət kimi yoxdular, əslində Ermənistandakı revanşist qüvvələr bir mafiyadır, terrorçulardır. Dövləti də mafiya idarə edir, harda gəldi terror törədirlər. Hazırda Bakının azad olunmasının 104-cü ili, Ənvər Paşanın Bakıya daxil olmasının 104-cü ildönümüdür. Bu gün Azərbaycan Ordusu öz gücünü yenə də göstərdi, yenə də öz sözünü dedi ki, Ənvər Paşanın qarşısında borclu qalmadıq ki, döyüşməyi bacarırıq. Bir dəfə prezident demişdi ki, kişisənsə gəl təkbətək döyüşək. Ermənilər həmişə onun-bunun dalında gizlənərək döyüşürlər. Hücum edib, qacıb divarın dalında gizlənirlər. Buna baxmayaraq, Azərbaycan Ordusu bu dəfə də ermənilərin layiqli cavabını verdi.
Alim