Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Səmədovun nəşi doğulduğu İsmayıllı rayonuna gətirilib.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, şəhid İsmayıllıda böyük izdihamla qarşılanıb.
Elnur Səmədov son dəfə doğulub böyüdüyü evinə gətirilib, daha sonra dəfn olunmaq üçün qeydiyyatda olduğu Sumqayıt şəhərinə yola salınıb.
Şəhid leytenant Elnur Səmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!