“Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb Lisey Kompleksinin 8a sinfində dərs saat 2-yə işləmiş başlanır və saat 8-ə işləmişə kimi davam edir. Axşam dərsdən qayıdan uşaqlar əlavə hazırlığa, məşğələyə gedə bilmirlər. Nəinki əlavə hazırlıq, uşaqlara dərslərini hazırlamağa belə vaxt qalmır”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.
Onların sözlərinə görə, sinfin birinci növbəyə keçirilməsi üçün məktəb rəhbərliyinə müraciət olunsa da, onlara məktəbdə səhər növbəsindən yer olmadığı bildirilib. Lakin valideynlər qeyd edirlər ki, onlara imtina olunsa da, rus bölməsinin müraciəti nəzərə alınıb və onları səhər növbəsinə salıblar.
Problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, sözügedən məktəbdə bölməsindən asılı olmayaraq lisey olmayan bütün siniflər ikinci növbəyə salınıb:
“Bakı Slavyan Universitetinin nəzdində olan məktəb-lisey iki növbəli olaraq fəaliyyət göstərir. Belə ki, lisey siniflərin tədris planları digər siniflərə nisbətən daha fərqli olduğu üçün həmin siniflərin dərsləri I növbədə, digər siniflərin dərsləri isə II növbədə təşkil edilir.
Azərbaycan bölməsi və ya rus bölməsi olmasından asılı olmayaraq, lisey olmayan siniflərin dərsləri II növbədə təşkil edilir”.
Gülnar Əliyeva