Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı, Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib. Nazir, Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.