Samir Əsədli
VHP sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri
90-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövrü – müharibə və daxili çəkişmələrin hökm sürdüyü bir zaman idi. Siyasi mübarizə adına şəxsi maraqlar önə çəkilir, gücümüz düşmənlə mübarizədən çox daxili münaqişələrə sərf olunurdu. Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərinin təşəbbüsü ilə təsis edilən Vətəndaş Həmrəyliyi Partiyası belə bir mürəkkəb siyasi situasiyada yaranıb. Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında qaldığı bir vaxtda yaradılan partiya çoxu üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlayırdı, lakin zaman əksini sübut etdi. Azərbaycan dövlətçiliyinin ağır anlarında, dövlətimizin və millətimizin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda vətəndaş həmrəyliyi ideyası nicat yolu kimi göstərilib. Hazırda bütün siyasi qüvvələr, bölgəmizdə baş verən prosesləri nəzərə alaraq, ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, VHP ideologiyasının nə qədər vacib və strateji baxımdan əhəmiyyətli olduğunun göstəricisidir.
VHP 30 illik siyasi fəaliyyətində tədrici inkişafın, siyasi mübarizənin sivil qaydada aparılmasının tərəfdarı kimi çıxış edib. Partiyanın yarandığı zaman irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı bu gün də Azərbaycan siyasi mühitində ana xətt kimi qalmaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər bu illər ərzində böyüyərək ictimai şüurda əsaslı yer tutub.
Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı dövrün siyasi təhlili və çağdaş siyasi mühit bir daha təsdiq edir ki, Azərbaycan üçün gerçək xilas yolu vətəndaş həmrəyliyinə bağlıdır. Vətəndaş həmrəyliyi dedikdə siyasi və ideoloji baxışlardakı fərqlər nəzərə alınmadan bütün qüvvələrin Azərbaycanın milli və dövlətçilik maraqları ətrafında birləşməsi nəzərdə tutulur ki, VHP 30 illik fəaliyyətində bu prinsipi qoruyub saxladı. Yanlış yürüdülən siyasi xəttə qarşı bütün müxalif birliklərdə ön sırada olan partiyamız, düzgün və ölkənin inkişafına yönələn addımları açıq dəstəkləyən mövqe ortaya qoyub. Bəzən bu siyasət qeyri-stabil kurs kimi yanlış yozumla təqdim edilsə də zaman milli maraqlara və qurtuluşa yönələn ideologiyanın məhz bu olduğunu təsdiqlədi. Zəfər savaşı dönəmində ən radikal mövqe sahiblərinin belə bu prinsipi qəbul etdiyinin şahidiyik.
1992-ci ildə ortaya atılan vətəndaş həmrəyliyi ideyası həm də milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ölkənin mənafeyi tələb etdikdə bir cəbhədə olmasını diktə edir. Partiyanın yaranmasından bir il sonra müxtəlif xarici ölkələrin separatçılıq dəstəyi ilə ölkəni parçalamaq cəhdləri də bu həqiqəti ortaya qoydu. Məhz milli birlik prinsipini əsas tutmağın nəticəsidir ki, bu gün VHP-də ölkədə yaşayan bütün xalqların və dini icmaların nümayəndələri təmsil olunurlar. Bu statistik göstərici ilə, VHP ölkənin bütün partiyaları ilə rəqabət apara bilər.
Bütün bunlar onu göstərir ki, VHP “Vətəndaş Həmrəyliyi” ideyasını yalnız şüar olaraq bəyan etməmiş və 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu tutur. İdeologiyasına, siyasi kursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də, bu illər ərzində Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. Müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib və hər zaman xalqın etimadını qazanıb.
Yarandığı ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. Bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün partiyanın 82 bölgə təşkilatında 17 milləti təmsil edən 20 minə yaxın Azərbaycan vətəndaşı birləşib.
Azərbaycan tarixi ərazilərində dövlət qurulması, vətəndaşlarımızın sosial və konstitusion hüquqlarının qorunması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik cəmiyyətin təşəkkülü VHP-nin əsas hədəfi olaraq qalır. Bu gün Azərbaycan siyasi-ideoloji sistemində VHP prinsipləri qırmızı xətlə keçir: biz yox – millətimiz, bizim sözümüz yox – xalqın sözü, böhtan yox – həqiqət, kin-küdurət yox – sevgi, siyasi oyunbazlıq yox – siyasi əxlaq…
VHP bu illər ərzində bir çox müxalif siyasi bloklarda təmsil olunub, hətta bəzilərinin yaradılmasının təşəbbüskarı olub. Amma bu qurumların ömrü uzun çəkməyib. Bəziləri öz missiyasını yerinə yetirdikdən sonra sıradan çıxıb, bəziləri kənar təsirlər və ya daxili çəkişmələr nəticəsində dağılıb. Biz hər zaman öz partiyamızın adının doğurduğu məntiq daxilində və nizamnaməyə uyğun fəaliyyət göstəririk. Vətəndaş Həmrəyliyi ideyasına harada tələb varsa, biz həmin yerdəyik.
VHP Azərbaycanın bütün müxalif partiyaları ilə sıx əməkdaşlıq edir. Parlamentdə iqtidar və iqtidaryönlü partiyalarla dialoq şəraitində müzakirələrə qatılır. Partiya fəaliyyətində hər zaman öz prinsiplərinə sadiqdir.
İlk qurultayında VHP öz yaranma şəraiti və məqsədlərini aydın ifadə etmişdi: “Biz Azərbaycanda hansı dövləti qururuq? Azad, demokratik Azərbaycanın siyasi platforması necə olacaq? XXI əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında inkişaf edəcək? Bu məsələlərdə aydınlıq yoxdur…”
VHP hesab edir ki, Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Dövlət orqanlarının bütün istiqamətləri – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır.
“Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!” həqiqətini hər kəs anlamalıdır.
Dünyanın ən yaxşı qanunu ölkədə yaşayan bütün vətəndaşların xoşbəxtliyinə nail olandır. Ən ali icra qanunları əməldə hamı üçün bərabərlikdir. Ən güclü hakim ədalətdir. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olmasının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların aliliyini, ədalət prinsipini, insanların hüquq və azadlıqlarını təmin etməkdir.
Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə VHP-nin fəaliyyət məramnaməsinin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə başqasının haqqını mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar və onun hər bir insan üçün tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.
Azərbaycanın siyasi leksikonuna “vətəndaş həmrəyliyi” ifadəsini biz gətirmişik. 30 il əvvəl ölkənin düşdüyü ağır müharibə şəraiti, separatizmin, bölücülüyün, tayfabazlığın, hakimiyyət uğrunda mübarizənin kulminasiya həddinə çatması, üstümüzə neçə tərəfdən dişlərin qıcanması nəzərə alınanda, milli birliyin zamanın öz diktəsi və xalqın xilas yolu olduğu təsdiq edildi.
Vətəndaş Həmrəyliyi Partiyası humanist ideyalara, ümumbəşəri prinsiplərə və milli-dəyərlərə əsaslanan məramnaməsini bəyan etməklə, bu prinsipləri qəbul edən hər bir insanı azad, demokratik vətəndaş cəmiyyətinin quruculuğu uğrunda bərabərhüquqlu əməkdaşlığa və birgə fəaliyyətə çağırır.
VHP arxada qalan 30 illik tarixə qürur və iftixarla baxa bilər. Partiya yaranarkən elan olunan hədəflərin bir çoxları artıq siyasi mühitdə qəbul olunub. Bu gün vətəndaş həmrəyliyi ideologiya olaraq dövlətin əsas prinsipləri sırasındadır. Bu mənada əminliklə deyə bilərik ki, VHP 30 illik yubileyini tam mənada ideoloji qalib partiya kimi qeyd edir.
VHP – zəhmətkeş, sadə adamların, Azərbaycanın bütün vətəndaşlarına və bütün bölgələrinə eyni gözlə baxan əsl vətənpərvərlərin, ölkənin gələcəyini düşünən mütəxəssislərin, ziyalıların və gənclərin partiyasıdır.
VHP – bütün ruhuyla bu torpağa bağlı olan və vətənimizin tərəqqisini ilk növbədə xalqımızın birliyində görən əsl mütərəqqi qüvvədir!
VHP – müstəqil, bütöv, güclü, insancasına yaşamağın bütün şərtlərini yerinə yetirən demokratik bir partiyadır!