İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində dörddəbir final mərhələsinə yekun vurulub. Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Müstəqil.Az xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. Birincilikdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 hesabı ilə məğlub edən M.Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib. O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.
Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. Səkkizdəbir finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. M.Qasımzadə döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.
Hər iki boksçu yarımfinalda qələbə qazanmaqla özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.
Millimizin digər üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.
Qeyd edək ki, dörddəbir final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.