Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçilib — Fotolar

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçilib — Fotolar

26 sentyabr – 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə – 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

Azərbaycan Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirib.

***

Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və təşkilatın idarəedici orqanı olan Şuraya üzvlər seçilir.

Sözügedən seçkilərdə Azərbaycanın 2023 – 2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüşdü.

3 oktyabr 2022-ci il tarixində Azərbaycan yenidən BTİ-nin Şurasına 154 ölkənin səsi ilə üzv seçilib. Ölkəmizin ardıcıl olaraq üçüncü dəfə şuraya seçilməsi böyük nailiyyətdir. Xatırladaq ki, 2018-ci ildə ölkəmiz Şuraya 119 səslə seçilmişdi.

Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Abdullayeva da 114 ölkənin səsini qazanaraq Şərqi Avropa və Şimali Asiya regionunda ən çox səslə Radio Tənzimləmə Komitəsinə yenidən seçilmiş Azərbaycan təmsilçisi olub. Radiorabitə Komitəsinə üzv seçilən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Abdullayeva radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.

Xatırladaq ki, 27 sentyabr 2022-ci il tarixində Səlahiyyətli Konfransda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.

Konfrans davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, ölkəmizin seçiləcəyi təqdirdə təşkilatın işinə verəcəyi töhfələr barədə təbliğat və təşviqat işləri aparıb.

Cari il ərzində müvafiq regional təşkilatların iclaslarında (Regional Rabitə Birliyi (RCC), Telekommunikasiya və Poçt Administrasiyalarının Avropa Konfransı (CEPT), Asiya və Sakit Okean regionu üzrə Telekom Birliyi (APT), Amerika Regional Telekommunikasiya Komissiyası (CITEL), Afrika Telekommunikasiya Birliyi (ATU)) mütəmadi iştirak edilib və ölkəmizin seçki təşviqatı aparılıb.

Həmçinin BTİ-nin Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyasında, Şura iclaslarında, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində, Dünya İnkişaf Konfransında aktiv iştirak olunub.

Ölkəmizin bu konfransda yüksək nəticələr əldə etməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını bir daha nümayiş etdirir, həmçinin respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır.

Şuranın üzvü qismində ölkəmizin təşkilatın idarəetməsində birbaşa iştirakı ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə qanunsuz radio-TV yayımının və tezliklərdən istifadənin qarşısının alınması və mövzunun mütəmadi olaraq BTİ-nin gündəliyində saxlanması baxımından ölkəmizin BTİ-nin hər iki qurumunda təmsilçiliyi xüsusi əhəmiyyət kəsb edir.



Share: