Əjdər – Orxan Saffarinin hekayəsi

Əjdər – Orxan Saffarinin hekayəsi

Kulis.az Hekayə günü layihəsində Orxan Saffarinin “Əjdər” hekayəsini təqdim edir.

…Onunla oğurluğa çox getmişdik. Mən indi o şıltaq günlərin adına oğurluq deyirəm, amma siz elə görməyin, elə deməyin.

Yaşımın, küçədə ayaqyalın futbol oynayandan sonra evə girməmiş həyətdə anamın ayaqlarımı yudurtduğu, dabanımın kirini özünün qaşıyıb çıxartdığı vaxtları idi.

Əlimizdən küçələrdə bir pivə şüşəsi tapmaz, yandırılmamış məftil görməzdin. “Əhmədin binası” adı verdiyimiz o yarımtikilinin həyətindəki Yapon əzgillərini belə yığıb satırdıq. Bir sözlə, nə edirdiksə, bir yerdə edirdik. İndi biz onunla köhnə “padelnikik”.

Pulumuz da əvvəl-əvvəl internetkluba, marojnaya, şirin sulara, sonra siqaretə getdi. İndi ən çox köhnə LD-ni, öyrəşərəm deyə, ciyərimə almadan çəkdiyim vaxtlar üçün darıxıram. Bir də onun əllərinin olduğu günlər üçün. Çox tutardı əlimdən. Mən oğurlayardım, o baxardı, o oğurlayardı, mən baxardım. Görən gözüm, tutan əlim idi.

Amma yaş artdıqca əməllər də yekəldi. Birinci maşına girdik, sonra cibə. Bir-iki dəfə də evə girmişliyimiz var. “Vtaroy”da girdiyim evin yataq otağındakı şkafda alt paltarlarının arasından götürdüyüm 35 manat bir yana, tez-tələsik özüm də niyə qoxladığımı bilmədiyim lifçik heç cür yadımdan çıxmır. İndi düşünürəm, o lifçik kimin idisə, döşləri tank əleyhinə mina boyda imiş…

Sonra sonra hər şey birdən-birə dəyişdi. Mən oğurluq eləmədim, evlərə girmədim, cibə girmədim. Arada təbii otları çıxmaq şərti ilə siqaretdən başqa bir şey də çəkmədim.

Amma Əjdər…

***

Oktyabrın ilk günləri idi. Cəbhədən xəbərlərin güllə kimi açıldığı bir vaxtda Əjdəri iki əlsiz, bir də ayaqsız qarşılayası olduq. İndi həmin günlər burnumda iydə ağacının altından gələn qoxu kimi tutur.

Əjdərlə bir-birimizdən ayrı düşəli çox şeylər olmuşdu. Bir ara həbsdə də yatdı o. Çıxdı, yenə eyni adam. Oğurluq, narkotik, sonra dayanmadı, damarını da deşdi. Amma müharibənin adı belə ona olan münasibəti dəyişmişdi. Məhlədə bütün “niqodnu”ları “diraznit” eləmişdilər ki, “damarın deşən Əjdər də getdi, sən getmədin”.

Telefonunu fırlatdığı qonşu Vətən, həyətindən malın vaxtı gələndə toyuq oğurladığı Mərziyyə nənə, hamı, kimə nə pislik etmişdisə, hamı haqqını halal elədi.

Atasına, anasına salam belə verməyən qonşuların ayağı Əjdərgildən kəsilməz olmuşdu. Əjdərin atasının üzündə elə bir ifadə var idi ki, iraq olsun, şəhid gəlməyini daha çox istəyirdi, nəinki qazi. Dədə yazıq neyləsin, beli hər iki tərəfdən bükülmüşdü…

– Əşşi, sağ-salamat qayıtsın, yenə xırda şeylər oğurlasın” – yarıgerçək, yarızarafat belə deyənlər də var idi.

Əjdər belə qayıtdı amma. Sağ, amma salamat yox.

Özü o qədər zarafatcıl oğlan idi ki, bu faciəsinə lağ da edə bilirdi. Deyirdi, torpaqların neçə faizini aldığımızı bilmirəm, amma məndən 80 faiz getdiyi dəqiqdi…

Sonra kədərli, güllə kimi gülüşmə…

Əjdərin belə zarafatları adamın bədəninə qəlpə kimi girirdi.

“Uşaq vaxtı futbol oynayanda oyununa buraxdığımız oğlan, müharibədə ayaqlarını itirdi”.

Ona baxanda, nə vaxtsa yazdığım bu misraları xatırlayıram.

***

Ara sakitləşmişdi. Hər şey yerbəyer olmuşdu, bircə Əjdərin əlləri, ayağı yox idi.

– Brat, tutaq ki, bir ayaqla yenə getdik, lap elə Əhmədin binasına girdik, nəylə götürəcəksən şey-şüyü? Ala, bu da bir qırağa e, qaçmaq lazım oldu, kenquru kimi tullanacaqsan? – səslənişi nə qədər amansız olsa da, Əjdərlə belə zarafatım var idi və o öz ağrısına güləcək qədər böyük idi. Amma yenə də qorxumdan ikimiz olanda edirdim.

– Sənin əlinə ayağına nolub, ala, niqodnu? Sən edəcəksən, mənim də dolyam çatacaq, az kömək eləmişəm sənə? – deyib, şaqqanaq çəkdi.

– Mənə bax, brat, Vaska bir dənə pay verib, Əfqanskidi. Götür, bas onu, yandır gedək.

– Əjdər, yaxşı da, olmadı ki.

– Sən əzizlərinin canı, sən mənim bu Əbəlfəz qollarım, ürəyim partlayır. Əlim də yoxdu, qoyaram mundar olarsan, yandır çəkək. Paravoz ver özü də…

Razılaşmaqdan başqa yolum qalmır.

Bariqa Vaskanın Əjdərə elədiyi qreti dediyi kimi edirəm. Yenə eyni tin, yenə eyni şey, amma gör nələr yoxdu…

Nəsə çatmır eee, nəsə…

Əjdərlə nə qədər yaxın olsam da, hər şeyi zarafata sala bilsək də, ona içimdən keçən bu sualları heç vaxt deyə bilmədim:

– Görəsən, arxasını necə yuyur, cəhənnəm, şeyini necə qaşıyacaq?! Bunun masturbasiyası var, bazlığı var. İndi mənə desə ki, əl at qaşı, nə edim?!

Bəlkə, bu sualların cavabını tapsam, qollarımdan imtina edərdim.

Nə qədər zarafat eləsək də, onun bu halına cırıq-cırıq oluram.

Siqareti çəkdirməyə məhlədə adam axtarması, üzünə deyə bilməsəm də, məni göt gününə qoyur.

Durub-durub uşaq vaxtı höcətləşdiyimiz anları xatırlayıram. Bədənimə atdığı yumruqların yeri ağrıyır, böyrümdən bir sancı tutur ki, gəl görəsən.

Elə bilirəm, qol-boyun yayın istisində toz-tozanacaq qaldıra-qaldıra meydançaya gedirik.

Mən onun əlini, ayağını çox yaxşı xatırlayıram…

Şeydən paravoz verib, şair dostumun şeirindən də deyirəm:

– Əjdər, mən sənin yorulanda,

Ayağınam, əlinəm.

– Aycan, aycan. Qardaşım mənim. Başına dönərəm də sənin, amma bir ayaqla çətindi. Hahahaha.

– Sən öl ağlayacam, eləmə belə.

***

Qəfildən, belə Əjdərin əlləri kimi yox yerdən yadıma müharibədən əvvəl damara oturması düşür. Təzə-təzə başlamışdı paskuda. Axrıncı tüstünü vurub səksənək üzümü ona tuturam:

– Əjdər, bəs iynə? Gül kimi damarların var idi, indi damağa soxacaqsan?!

Deyəsən, Əjdər özü də bu haqda düşünməmişdi. İlahi, malın vaxtı da gəlməyib. Hiss elədim ki, Əjdər əlini-əlinə vurub “ay blət, necə yadımdan çıxmışdı” demək istəyir.

Onsuz da, özümü hər dəfə zarafat edəndə əl-ələ vurub gülməmək üçün zorla tuturam.

Əjdər sualıma cavab vermədi.

Elə bildim, tüstünü ciyərinə alır, sən demə, səsini udurmuş.

Nəşədən iki qüllab vurub, başımı göyə qaldırdım. Gözlərimi yumub bir anlıq özümü necə unutdumsa, Əjdər tək qalan ayağı ilə ayağıma vurub ayıltdı məni. İlahi, bu tək ayağa görə də sağ ol. İndi onunla aramdakı bağ, həm də bu tək ayağıdır.

Telefonla zəng edə bilməz, qışqırsa, o deyil..

Əjdərin 20 faizinə baxıb diksindim. Təzədən nəşəni dodağına uzadıb, sonuncu tüstünü vurdurub, aşağı çömbəlib ayağını qucaqladım…

– Müharibə davam edir!

Share: