Təranə MUSAYEVAdan Psixoloji əhval yazısı-II

Özümü tanımırdım, onu tanıyanda. Mən onunla, o mənimlə tanıdıq özümüzü. O mənə məni tanıtdı, mən ona onu. Onunla uşaq oldum, onunla oynadım, onunla ilk hisslərimi, ilk duyğularımı yaşadım, onunla böyüdüm, onunla həyatı, insanları, dünyanı öyrəndim.

Məktəbin ilk günü eyni partanı paylaşdıqda ailələrimizin tanış olduqlarını – yeddi yaşında balaca dünyamızdan – ailədən böyük həyata atılanda bilmirdik. Qos-qoca on ili başa vuranda isə eyni məhəllədə yaşayan, bir-birlərini uşaqlıqdan tanıyan atalarımızdan başqa analarımız və bacı-qardaşlarımız da qaynayıb qarışmışdılar. Sovet dönəminin təlim-tərbiyəsi ilə – hər cür bölünmələrdən uzaq böyüyürdük. Bir amal, bir arzu, bir istəyə hakim idik o zamanlarda. İri addımlarla gələcəyə – kuşkusuz inandığımız kommunizmə gedirdik. Bütün zamanların siyasətində ən iti qılınc sayılan din belə bu dövr insanlarını ayıra bilmirdi – çünkü din qaraquruhçuluq yox, elm, hikmət, birləşməyə xidmət amacı ilə səslənirdi.

Məktəb həyatından ayrılmağımızdan 34 il keçməsinə rəğmən ilk günkü ehtiras, ilk günkü maraq, ilk günkü məhəbbətlə davam edirdi dostluğumuz. Artıq körpəlikdən qazandığımız ailələrdən sonradan qurduğumuz ailələrə keçmiş, onları da mehribanlaşdırmışdıq – son iki ilə qədər. Nə başınızı ağrıdım, bu yaxınlarda “hər şeyin təzəsi, dostun köhnəsi” deyib yenidən dostumla münasibətlərimi alovlandırmaq istəyəndə reaksiya gözlənilməz oldu. Artıq dinin məmləkətimə yayılmış müxtəlif sektalarından birinə inam gətirmiş dostum qarşıma şərt qoydu – mənimlə dostluq etmək istəyən mənim kimi dinə sitariş etməlidi. Duruxub özümə kənardan nəzər yetirdim – əlhəmdullah atam da, anam da, hətta bildiyim qədər ulu babalarım, nənələrim də müsəlman idilər. Atam tərəfi, anamın atası təmiz qubalı, anamın anası isə Dərbəndli idi. Yəni tamı-tamına müsəlman idik və o dövrün müsəlman qayda-qanunlarına tam əməl edirdik. Nə idi o dövrün bizim bildiyimiz qayda-qanunu? İlk növbədə halallıq! Ev yıxmamaq, kimsəsizə kömək etmək, böyüklərə hörmət, kiçiklərə məhəbbət. Mən də təbii ki uşaqlıqdan bu xüsusiyyətləri özümdə daşıyırdım. Məni yaxşı tanıyan dostum mənim qarşıma niyə bu şərti qoyurdu ki?! Söhbət əsnasında dostum qarşıma qəti şərt qoyub məni dinin bütün qayda-qanununa əməl etməyə çağırdı. Hətta mənə bildirdi ki – “mən öz atamı da bütün bunlara əməl etməyə, tövbə edib dinə gəlməyə” səsləmişəm. Səbrim artıq yoxa çıxdı bunu eşidəndə – səksən üç yaşlı beş qız, bir oğul atası ağsaqqal hansı əməl sahibi idi ki, tövbə edib dinə gəlməli idi?! Ömrü boyu halallıqla yaşayan, ailəsinə bağlı, balaları üçün cani-dildən hər cəfaya dözən ata nəyin tövbəsini etməli idi, anlamadım! Doğrudanmı səksən üç yaşadək bu kimi keyfiyyətlərlə yaşayan Hüseyn dayı dostumun dediyi kimi “tövbə” eləməsə dünyasını dəyişəndə onu incidəcəklər?!

Atamın dünyaya gəlişi Sovet quruluşunu ən qızğın vaxtlarına təsadüf etmişdi. Necə olubsa 37-ci ilin aprelində – depressiyanın qaynar ilində, bəylərin sorğu-sualsız sürgün edildiyi ildə doğulan atamın adını Novruzbəy qoyurlar. Atam olduqca yaraşıqlı idi – ağ simalı, qara qaş, qara gözlü şümal bədən quruluşlu atam  eyni zamanda geniş dünyagörüşlü, söhbətinin-sözünün yerini bilən, dünya coşrafiyasına, dünya tarixinə, dünya ədəbiyyatına, siyasətə yaxşı bələd olan biri idi. Atam dini özünəməxsus, elmi izahlarla izah edər, kor-koranə dinə inananlara irad tutardı. Belə ki, atam o dövrün bir çox insanları kimi ateist hesab olunardı. Atam qəbristanlıqlarda əzizlərinin ziyarətinə gələn insanlara pul “oxuyan” mollaların oxuduğu vaizləri dinləməzdi, atam yas evlərində edilən ifratçılığa, qeybətlərə qarşı çıxardı, atam üzdə dost görünüb bir-birinin ardınca danışanlara irad tutardı. Atam belə ateist idi. Ancaq atam həyətində yetişən meyvələrin nübarını tək yeməz, qonşularla paylaşardı. Doğrudanmı yaxşılıqlar kölgədə qalır, qazanan hər zaman pislik olur?! Bir insanın bircə mənfi keyfiyyətini görən insanlar min gözəl xüsusiyyətini nədən görmür görəsən?! Atamdan həyat, insanlar, dünya, rənglər, bir sözlə hər barədə məlumatlanırdım. Atam hansı rəngin, hansı geyimin mənə yaraşdığından tutmuş danışıq mədəniyyətinə qədər öyrədərdi. Əslində öyrətdiyinin fərqində olmadan öyrədərdi.

Gözəl bir aprel səhəri yuxudan oyananda yadıma düşdü ki, bu gün atamın altmış yaşı tamam olur. Pəncərəmə qonmuş günəş mənə göz vurur, onu daha yaxşı görməyim üçün rayona – daha geniş yerə getməyə sövq edirdi. Bakıya köçəndən heç vaxt atamın ad gününə getməmişdim. Etiraf edim ki, evimdə Qubaya getmək üçün yol pulum belə yox idi. Ancaq o gün atam yaman könlümə düşmüşdü. Üzümü yaşağına söykəyib boynundan gələn qoxusunu içimə çəkmək üçün ölürdüm. Əlqərəz qonşudan borc pul alıb Qubaya yola düşdüm…

Atamın ölümü ad günündən iki ay sonraya təsadüf etdi. Həyatı boyu bircə dəfə də olsun doğum gününü qeyd etməyən atam altmış yaşını qeyd edəndən bircə həftə sonra kəskin ağrılarla xəstəxananın reanimasiya bölümünə yerləşdirilir. İki gün orda müalicə aldıqdan sonra həkim müalicəsini evdə davam etdirməklə evə göndərir. Məhz elə o zaman atam artıq son günlərini yaşadığını anlayır – zira reanimasiyadan palataya keçirilmədən evə göndərilməsindən…

Sonralar anam atamın son gecəsinindən danışanda hamı heyrətə düşmüşdü. Ömrünün son gecəsində atam uzandığı yerdən qalxıb üzünü divardan asılmış mavi gözlü, bəyaz, zərif üzlü, iyirmi səkkiz yaşında dünyasını dəyişmiş anasının şəklinə tutub söyləyib – “mənim gözəl anam, cavan anam, qoca oğlun yanına gəlir…”. Bir xeyli beləcə anası ilə “söhbət edəndən” sonra səbirsizliklə səhərin açılmasını gözləyib. Günəşin ilk şüaları ilə anama çox yaxın, illərin dostu olan Sədulla kişini çağırmasını istəyib. Yaşca atamdan böyük olan sədulla kişini narahat etməyə aman qıymayıb. Günorta saatları yenə, – “yaxşı çağıraram” – deyib çağırmayıb. Kənddə yaşayan Sədulla kişi zatən iki gündən bir dostuna-atama baş çəkməyə gəldiyindən anam – “sabah onsuz da özü gələcək” – düşüncəsi ilə vaxtı keçirirmiş… Anamdan əli üzülən atam axşam tərəfi yanına gələn qardaşı yerində olan dayısı oğlundan təcili gedib Sədulla kişini gətirməsini istəyir. Bütün günü gözü qapıda qalıb dostunu gözləyən atam sonunda dostu gələndə onunla təkbətək söhbət etmək istəyini bildirib. Bir zaman keçəndən sonra olduqları otağın qapısını açıb anamı içəri çağıran Sədulla kişinin illərini qayğısını, acısını, qəmini-kədərini daşıyan gözlərində bir göy dolusu yaş varmış… İki ay xəstəlik müddətində böyük bir hüzünə bürünən atam o anlarda quş kimi yüngül, qayğısız görünür. Əli dostunun əlində olan atam öncə kəlmeyi-şəhadətini söyləyir, sonra isə illərlə böyük bir kəndin din adamı olan dostundan onun üçün “Yasin” surəsini oxumasını xahiş edir.  Surənin yarısında pıçıltı ilə oxuyan Sədulla kişiyə artıq nuru sönmüş gözləri ilə baxıb taqətsiz əlini yuxarı qaldıraraq dostundan səsini qaldırmasını işarə edir. Dostu oturduğu yerdən qalxıb surəni oxuya-oxuya gözləri yavaş-yavaş qapanan atamı Qiblə tərəfə çevirəndə atamın üzərindəki örtüyə iri damlalarla tökülən yaşları görən anam artıq atamın öldüyünün fərqinə varır.

Beləcə bir insanın Sovet dönəmində doğulub tərbiyə alan, evdə bizə Şah İsmayıldan, Atatürkdən nağıl kimi söhbətlər edən, dövründə ateist kimi tanınan atam dünyasını dəyişdi. Atamın bu şəkildə ölümü onu tanıyanları təəccübləndirmədi. Atam ruhu ilə Allaha-inama bağlı biri idi. Atam Allahını kor-koranə yox, ağılı ilə duyurdu. Atam Allahından qorxmur, onu sevirdi. Atam Allahı cahilcə yox, adilcə anlayırdı. Atam özünü Allahın vəkili yox, onun yaratdığı sevimli bəndəsi kimi qəbul edirdi. Atam insanların Allahın qulu yox, əksinə ən sevimli canlıları olduqlarını bilirdi. Məhz bunların əksini deyənlər atamı ateist kimi qəbul edirdilər. Ona bəxş etdiyi ölümü ilə Allahın da atamı sevdiyi aydın idi. Zira neçə müsəlmana bəxş olunur kəlməyi-şəhadətini deyərək, “Yasin”  surəsinin möcüzəli, əsrarəngiz sədaları altında dünyasını dəyişmək?!

Məni şərtlə tövbə etməyə cəhd edən dostumu isə illərin ötəsində qoydum… Allahımla mənim aramda kimsəyə yer yoxdur. Vicdanım mənim Allahımdı…

   Təranə Musayeva

 

 

Share: