Hər bir xalqın yaratdığı mifologiya onun düşüncəsinin məhsulu, dəyərlər sisteminin təzahürüdür. Bu mənada mifik düşüncəmizin, millət olaraq dünyabaxışımızın ensiklopediyası sayıla biləcək “Kitabi Dədə Qorqud” bizim üçün hər zaman aktual olan bir mayakdır.
Xalq, dövlət olaraq var olmanın şərti kimi göstərilən bir prinsip var: Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz. Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Biz xalq olaraq bu borcu hər zaman yerinə yetirməyə hazır olduğumuzu sübut etmişik. İki il öncə 44 günlük Zəfər Savaşında canımızdan keçib Vətəndən vaz keçməyəcəyimizi bütün dünyaya nümayiş etdirdik. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən tapdağından azad olundu. İndi qəhrəman Azərbaycan oğulları Vətən torpağının hər qarışını göz bəbəyi kimi qoruyurlar. Tarixi Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Tamamilə dağıdılmış, yerlə – yeksan edilmiş şəhər və rayonlarımızda ərazilərimizin bərpasını, yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması üçün Prezidentin xüsusi nümayəndəliyi institutu təsis edildi. Vətən üçün vacib iki əsas prinsip- qorumaq və yaratmaq bir liderin-prezidentin rəhbərliyi altında həyata keçirilir.
30 il işğal altında olan ərazilərin xarabalığa çevrilməsi düşmənin bura Vətən gözü ilə baxmamasının daha bir təsdiqi idi. Halbuki, Azərbaycanın 20 faizini təşkil edən 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur. İqtisadçıların hesablamalarına görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər yüz milyard dollarlara bərabərdir. 30 ildə əldə edə biləcəyimiz gəlirlərlə biz dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik. Bu gün Azərbaycan sürətli və heyrətamiz bərpa quruculuq işləri ilə itirilmiş illərin fürsətini geri qaytarmaqdadır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu min kilometrə yaxındır. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Yeri gəlmişkən, ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasını təmin edəcək.
Azərbaycan prezidenti İlham Əliyevin Ağdam rayonuna son səfəri bu bölgədə görülən işlərin miqyası haqda tam təsəvvür yaradır. Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak edib. Bundan başqa Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin, “City Hotel Agdam” mehmanxanasının, Ağdam rayonunun Sarıcalı kəndinin, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır. İşlər sırf planauyğun şəkildə, ciddi koordinativ formada aparılır. Dövlət səviyyəsində ən mühüm vəzifə bundan ibarətdir ki, əzəli-əbədi yurdlarımızın bərpası inkişaf axarına qovuşsun. Biz bu məramımızda son dərəcə qətiyyətliyik. Ötən hər gün məcburi köçkünlərimizin Qarabağa kütləvi qayıdışını daha da yaxınlaşdırır. Dünyanın ağır pandemiya ilə mübarizə apardığı bir dönəmdə Qarabağda aparılan sürətli yenidənqurma işləri eyni zamanda Azərbaycanın dayanıqlı iqtisadi potensialını göstərir.
Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirdiyi quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir.
Azərbaycan Respublikasının dövlət himnində
“Sən olasan gülüstan,
Sənə hər an can qurban”
devizi bu gün Qarabağda öz reallığını göstərir. Uğrunda qəhrəman əsgərlərimizin can verdiyi Qarabağ gülüstana çevrilir.
Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini