Bu gün tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlının ad günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.
Aktyor müsahibələrindən birində hüquqşünaslığı atıb aktyorluğu seçdiyini deyir:
“Aktyorluğu seçdiyimə görə, atam məni ömrü boyu dindirmədi. 16 yaşımdan Bakıda öz başımı saxlamalı oldum. Kişi güzəşt etmədi. Biz həmişə özümüz qanunsuzluqdan şikayət edirik. İnsanın haqqı, bir də borcu var. Haqqını tələb edirsənsə, gərək borcunu da verməyi bacarasan. Elementar qaydalara əməl etmək bizi daha tərbiyəli adama çevirir, əks halda xaos olar. Mənim öz millətimdən başqa sevdiyim iki millət var. Yəhudilər və almanlar. Yəhudiləri millətsevərliklərinə görə, almanları dəqiqliklərinə görə sevirəm. İki dünya müharibəsini başladıb, hər ikisində məğlub olan Almaniya məhz qanunlara dəqiq əməl etdiyinə görə, dünyanın ən irəli gedən ölkələrindən birinə çevrilib…”
Modelyer, aktrisa Kəmalə Quliyeva Nurəddin Mehdixanlının qızı olduğunu iddia etdi. Onu mətbuat aktyorun ilk evliliyindən olan qızı kimi tanıdı. Bununla bağlı onlar arsında qalmaqallar da oldu. Kəmalə Quliyeva Nurəddin Mehdixanlı ilə münasibətləri haqqında bunları deyib:
“Hazırda münasibətlər elə də xoş deyil. Münasibətimiz kəsilib, aramızda inciklik var. Yenə də o, mənim böyüyümdür. İnanmıram ki, aramızdakı inciklik uzun müddət davam etsin. Ondan inciməyə ixtiyarım var. Mən atasız böyümüşdüm. Son 6-7 il idi ki, atamla münasibətim yaranmışdı. 6 yaşım olanda valideynlərim ayrılıblar. Həyatımın 20 ilini atasız böyümüşdüm. 25 yaşımdan sonra işimlə əlaqədar olaraq, özüm onun yanına getdim. Bizim artıq isti, mehriban münasibətimiz var idi. Məsləhət verirdi, ata kimi onunla söhbət edirdim. Onunla görüşdən sonra deyirdim ki, atamın yanındaydım. Atam xasiyyətcə sərt insandır. Amma ondan özümə qarşı sevgi görmüşəm. Atamın mənə qarşı olan sevgisi, məsləhətləri, saatlarla söhbətləşməyimiz… Dayaq, qayğı görməsəm də, sevgi görmüşəm. Əlimdən tutmasa da, onunla görüşüb saatlarla danışmağım mənim üçün hər şey idi. Mətbuat bütün bunları mənim əlimdən aldı… Məni görüb, özülüyündə peşmançılıq hiss edirdi. Bəlkə də peşmandır. İndi peşman olmasa da, nə vaxtsa da olacaq… Atamın məndən imtina etməyi mənə böyük zərbə oldu”.
Xalq artistinin “İlahi məxluq” filmində aktrisa Vəfa Zeynalova ilə çəkildiyi erotik səhnələr bir müddət gündəm olmuşdu. Aktyor özü isə bu kadrlara belə açıqlama vermişdi:
“Hər kəs öz səviyyəsinə, intelektinə, ağlına, anlayışına görə fikir yürüdə bilər. Bu, onların haqqıdır. Peşəkar iş haqda peşəkarlar danışmalıdır, diletantlar yox… O kadr haqda danışmaq istəmirəm. Bu gün Azərbaycanda xalqımızın taleyi ilə bağlı kifayət qədər ciddi məsələlər var. O məsələlər müzakirə olunmalıdır. “İlahi məxluq” filmini hədəf almaq lazım deyil”.
Nurəddin Mehdixanlı Xalq artisti Mərahim Fərzəlibəyov ilə də qalmaqal yaşayıb. Belə ki, Mərahim Fərzəlibətovun müsahibələrinin birində Milli Dram Teatrında yaşlı aktyorlar haqqında dediyi “O ki, qaldı yaşlı aktyor və rejissorun narazılığına, əlbəttə onlar deyinəcəklər. Bu gəncliyin qarşısının alınması üçün təbii bir yoldur” fikirlərinə Nurəddin Mehdixanlı da sərt reaksiya vermişdi:
“Mərahim Fərzəlibəyovun Akademik Milli Dram Teatrının kollektivi adından danışmaq haqqı və hüququ yoxdur. Çünki Mərahim Fərzəlibəyov bu gün Akademik Milli Dram Teatrında çalışmır və o, bu kollektivin üzvü deyil. Buna görə də Mərahim müəllimin Akademik Milli Dram Teatrının daxili probleminə müdaxilə eləmək və bu sayaq fikirlər bildirməyə də ixtiyarı yoxdur. O, çalışdığı zaman proseslər və gördüyü işlər haqqında fikir deyə bilərdi. Bu gün Akademik Milli Dram Teatrında gərgin yaradıcılıq prosesi gedir. Kollektivin qəbul etdiyi və etmədiyi məsələlər də var. Amma onu ancaq biz özümüz həll edə bilərik… Mən onun müsahibəsini oxudum, bir çox tamaşalarında da oynamışam, lakin ona yazığım gəldi. Bu insan nə günə qaldı? Yəni, bu şəkildə də olmaz. Məsələlərə bu şəkildə mövqe bildirmək sənətkara yaraşmaz… Bizim işimizə kənardan xain barmaq soxmasınlar. Biz o barmağı kəsib, onun sahibinin boğazına soxmağa həmişə hazırıq”.
Nurəddin Mehdixanlı 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.