Nobelə namizəd ilk türk yazıçısı

Nobelə namizəd ilk türk yazıçısı

Bu gün məşhur yazıçı Yaşar Kamalın doğum günüdür. Onun əsərləri 39 dilə tərcümə olunub, istər Türkiyədə, istərsə də bir çox xarici dövlətlərdə çox sayda mükafata layiq görülüb. Kulis.az yazıçının həyatının maraqlı məqamlarını təqdim edir.

Həyatı

Əsl adı Kamal Sadık Gökçeli olan Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə vilayətinin Həmitə kəndində dünyaya gəlib. Nigar xanımla cütçü Sadiq Əfəndinin oğlu olan Yaşarın ailəsinin əsli Van-Ercis yolu üzərində və Van gölünə yaxın Muradiyə mahalına bağlı Ernis (bu gün Ünseli) kəndindəndir. Öz dediyinə görə, bir türkmən kəndində tək kürd ailənin uşağı olaraq doğulub böyüyən Yaşar Kamal evdə kürdcə, kənddə isə türkcə danışırdı. Ailəsi Birinci Dünya Müharibəsinə görə Həmitə (bu gün Gökçedam) kəndinə köçüb.

Yaşar Kamal hələ 5 yaşında olarkən atasının məsciddə öldürülməsinə şahid olub. Orta məktəbi Adananın Bürhanlı kəndində oxuyub. Ancaq sonuncu sinfi bitirmədən müxtəlif işlərdə çalışmağa başlayıb. Kuzucuoğlu Pambıq çıxarma fermasında, Adana Xalqevi Ramazanoğlu kitabxanasında, pambıq tarlalarında, çəltik tarlalarında, hətta traktor sürücüsü kimi işləyib.

Bir sözlə, Yaşar Kamal uşaq yaşlarından həyatın çətinliklərini görən biri idi. Ədəbiyyatla məşğul olmağı kiçik yaşlarından fikirləşən Yaşar Kamal ilk yaradıcılığına hələ ibtidai məktəbə getməmişdən əvvəl şeirlə başlayıb. Məktəb dövründə xeyli şeir yazan Kamal anasının ona mane olmasına görə saz çalmağı tam öyrənə bilməyib. O, bununla bağlı yazılarının birində deyirdi:

“Saz çala bilməməyimin səbəbi var, anam ozan olub diyar-diyar gəzəcəm deyə saza, ozanlığa düşmən olmuşdu. Evin tək uşağı idim və gözündən qoymaq istəmirdi. Məktəbdə, toylarda, bayramlarda məni həmişə Aşıq Məcidlə qarşılaşdırırdılar”.

Siyasətə qatılmağı

17 yaşından sosialist siyasətin içində olan yazar dünyaya baxışını belə bildirirdi:

“Xalqa kim zülm edirsə, edibsə, xalqı kim əzir, kim əzibsə, kim sümürür, sümürübsə, istər feodalizm, istər burjua… xalqın xoşbəxtliyinin qarşısına kim keçirsə, mən sənətimlə və bütün həyatımla ona qarşıyam. Ətlə-sümük necə bir-birindən ayrılmırsa, sənətimin də xalqdan o cür ayrılmamasını istəyirəm. Bu dövrdə xalqdan qopan sənətə inanmıram”.

Yazıçı ədəbi yazılarında həmişə insani dəyərlərin tərəfində dururdu. Siyasətin və sənətin paralel olduğunu, xalqa və təbiətə inandığını bildirirdi.

Bütün varlığı ilə sosialist siyasətin içində olan Yaşar Kamal 1962-ci ildə hələ bir il əvvəl qəbul edilmiş konstitusiyadan sonra qurulan Türkiyə İşçi Partiyasına (TİP) qatılıb. Əməkçi sinfinin bütün rəhbərliyə yiyələnməyini istəyən Kamal TİP-də 8 il çalışıb və partiya rəhbərlərindən biri olub.

1987-ci ildə bir çıxışında Türkiyədə marksist partiyaya ehtiyac olduğunu ifadə edib. “Hansı solçu modelin tərəfindəsiniz?” sualına belə cavab vermişdi:

“Hər ölkə öz sosialist modelini özü qurur. Sovetlərin 70 ildir həyata keçirdiyi modeli qəbul edə bilmərik. Sosializm yüz faizlik müstəqillikdir. İnsan müstəqilliyi, ölkə müstəqilliyi, siyasi müstəqillik, iqtisadi müstəqillik, xüsusilə də mədəni müstəqillik… Sosializmin başqa bir mənası yoxdur mənim üçün. Bu dövrə gələnə qədər mədəniyyətlər bir-birlərini bəsləyiblər, yox etməyiblər. Halbuki dövrümüzdə mədəniyyətlər imperialistlər tərəfindən başqa mədəniyyətləri yox etmək üçün şüurlu olaraq istifadə olunur. Mənim üçün dünya min çiçəkli bir mədəniyyət bağçasıdır, bir çiçəyin belə yox olmasını dünya üçün böyük itki sayıram”.

O, 1993-cü ildəki bir çıxışında demişdi:

“Sovet İttifaqının çökməsi sosializmin də çökməsi deyil, əksinə, dünya sosializminin zəfəridir.”

Karyerası

Türk ədəbiyyatının ən sevilən yazıçılarından biri olan Yaşar Kamal yazıçılığa 1939-cu ildə “Türksözü” qəzetində başlayıb. İlk əsəri olan “Mərsiyələr” kitabı Adana Xalqevi tərəfindən 1943-cü ildə çap edilən yazarın ədəbiyyat dünyasındakı fəaliyyətinin başladığı dövr elə həmin il qəbul edilir.

Yaşar Kamalın dünyaya çıxan ilk əsəri “Körpə” hekayəsidir. Hekayə əvvəl fransız, sonra ingilis, italyan, rus və digər dillərə tərcümə olunub.

İlk hekayə kitabı “Sarı isti” olan yazarın ilk romanı “İncə Məmməd” olub. Bu romanla Kamal həm Türkiyədəki şöhrətini artırıb, həm də dünya tərəfindən məşhur yazıçı kimi tanınmağa başlayıb.

“İncə Məmməd” təxminən qırx dilə çevrilərək nəşr edilib. Dünyada tanınan məşhur romanı 1947-ci ildə yazmağa başlayan yazar müxtəlif səbəblərlə yarımçıq saxlayıb və 1954-cü ildə bitirib.

Romanın fikir qaynağı yazarın quldur olan və vurulan əmisi oğludur. Əsərin içindəki “Çakırdikeni” hekayəsi əslində quldurluğun fəlsəfəsi ilə bağlıdır.

Yazıçı bu əsəri ilə 1955-di ildə “Varlıq” roman mükafatını qazanıb.

Yazıçı Yaşar Kamal adını ilk dəfə “Cümhuriyyət” qəzetindəki yazısında istifadə edib.

Bir çox əsərində Anadolunun əfsanə və nağıllarından faydalanıb. Bunun üçün gənclik illərində Çukurova və ətraf rayonları, kəndləri qarış-qarış gəzib, yeni insanlarla tanış olaraq onlardan yeni şeylər öyrənib və əsərlərində öyrəndiyi yeniliklərdən bəhrələnib.

PEN Yazarlar Dərnəyinin üzvü olan yazıçı, eyni zamanda Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən, istər ölkə daxilində, istər xaricdə keçirilən anketlərdə bu mükafatı almağa layiq olan bir neçə addan biridir. O, eyni zamanda bu mükafata namizəd olan ilk türk yazıçısıdır. Ədəbiyyat həyatı boyunca əsərləri 39 dilə tərcümə olunan və yüzlərlə mükafat alan yazıçının ən çox mükafat aldığı ölkələrdən biri Fransadır.

Yazıçının “Dəmirçilər çarşısı cinayəti” adlı əsəri 1974-cü ildə Madaralı roman mükafatına layiq görülüb.

1977-ci ildə isə “Yer dəmir, göy mis” əsəri Fransada Ədəbiyyat tənqidçiləri tərəfindən ilin ən yaxşı xarici romanı seçilib.

1979-cu ildə “Binboğalar əfsanəsi” Böyük Ədəbiyyat münsifləri tərəfindən seçilən kitablar arasında yer alan Yaşar Kamal 1982-ci ildə beynəlxalq “Del Duca” mükafatına layiq görülüb.

1984-cü ildə isə Yaşar Kamal Fransanın “Fəxri legion ordeni” ilə təltif edilib.

Ölümü

Yaşar Kamal 28 fevral 2015-ci ildə, 91 yaşında vəfat edib. Həmin ilin yanvarın 14-də İstanbulun “Tənəffüs çatışmazlığı” simptomları ilə “University Medical Hospital” xəstəxanasına yerləşdirilən yazıçı həmin xəstəxananın intensiv terapiya şöbəsində müalicə olunurdu. Kəskin tənəffüs çatışmazlığı səbəbindən süni nəfəs aparatına qoşulan Yaşar Kamal həkimlərin səyinə baxmayaraq, dünyaya gözlərini əbədi olaraq yumub.

Yazıçı kitabları ilə bağlı belə demişdi:

“Birinci, mənim kitablarımı oxuyan qatil olmasın, döyüşün düşməni olsun. İkinci, insanın insanı istismar etməsinə qarşı çıxsın. Heç kim bir-birini təhqir etməsin, assimilyasiya edə bilməsin. İnsanları assimilyasiya etməyə can atan dövlətlərə, hökumətlərə imkan verilməsin. Mənim kitablarımı oxuyanlar bilsinlər ki, bir mədəniyyəti yox edənlərin öz mədəniyyətləri, insanlıqları əllərindən uçub gedib. Mənim kitablarımı oxuyanlar yoxsullarla birlikdə olsunlar, yoxsulluq bütün insanlığın utancıdır. Mənim kitablarımı oxuyanlar bütün pisliklərdən xilas olsunlar.”

Sözləri

– Həyat – ümidsizlikdən ümid yaratmaqdır

– Xəyalları öləndə insan da ölür

– Düşünmək ən azından var olmaq deməkdir

– Dəmir olsam çürüyərdim, torpaq olduğuma görə dözürəm

– İnsan çürümədikcə, şeir də çürüməz

– Mahnılar qırx min il su altında qalmış, yuyulub cilalanmış çınqıl daşları kimidir

– O, yaxşı kişilər yaxşı atlara minib getdilər

– Bir gün İstanbulun tarixi yazılsa, mütləq quş satıcılarından bəhs edilməlidir, onlar olmadan İstanbulun tarixi çox boz görünər

– O insana güvənməyən, bu insana güvənməyən, hər insanda bir pis cəhət görən, insanı insan saymayan insan deyil, haramzadadır

– Bir yazıçının məqsədi yalnız ümid vermək deyil. İnsanların yaşadığı dərin və bir-birindən fərqli problemləri var. Ona görə, bir yazıçı insanların macərasını çox yaxşı bilməlidir. Ancaq insanların macərasını çox yaxşı bilən yazar yaxşı yazardır. Romanın sonluğu yazıçıya aiddir. Yazıçı belə bitirmək istəyib. İnsan çox varlıdır, başqa bir yazıçı fərqli formada bitirəcək.

Share: