Kulis.az Vüqar Babazadənin “Kitabın fabulası ətrafında” adlı yazısını təqdim edir.
Orxan Fikrətoğlu bu gün çıxan müsahibəsində bunları deyib:
“Metroda oxunan kitab heç vaxt ədəbiyyat ola bilməz. Metroda kitab oxumaq olar, amma oxunursa, artıq kitab deyil, ədəbiyyat deyil”.
İstərəm, Orxan müəllimin bu fikirlərinə özünün yaratdığı Zorxana ritorikası ilə incəvara bir cavab verim.
Salam əğrəba. Xudavəndi-xuda təkdir. Azərbaycanda təkdir. Bu gün Allahın özü yiyə olduğu ərazilərdə yiyəsi olmasa da, Azərbaycanın yiyəsi var. Müstəqil Azərbaycanın yiyələri bizik. Və biz burda baş verən bütün təbəddülatların, yaxşı və bəd örnəklərin təkcə şahidi və şəhidi deyilik. Həm də bu baş verənlərin özüyük.
Deyir ki, metroda oxunan kitab heç vaxt ədəbiyyat ola bilməz. Metroda oxunan kitab ədəbiyyat deyil.
Azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Orxan müəllim, bir, görəsən, ədəbiyyat deyəndə nəyi nəzərdə tutur, iki, haradan bilir ki, metroda kitab oxuyanlar ciddi oxucu deyil və onlar metroda ancaq motivasiya, biznes kitabları oxuyurlar, üç, ümumiyyətlə, bir yazıçı olaraq Orxan Fikrətoğlunu nə üçün oxucuların metroda kitab oxumağı narahat edir?
Gəlin bu cavabların fabulası ətrafında bir az kitab oxumaqdan, mütaliə etməkdən, yazıçı-oxucu münasibətindən danışıb Orxan Fikrətoğluna layiq bir cavab verək. Ki, özü də gileylənir ki, ölkədə 5-10 (şərti deyil) nəfər ciddi ədəbiyyat adamı var. Ümid edirəm, bu yazını oxuyar, məni tanıyar və ciddi ədəbiyyat adamları olan siyahısına məni də əlavə edər. Bu olar başqa məsələ…
Yazmaq və danışmaq
Belə hesab edilir ki, danışmaq varsa, niyə yazırıq? Xüsusən, bizim kimi danışmağı çox sevən, şifahi təfəkkürlü millətlərdə dil hər şeydir. Təsadüfi deyil ki, həkimə gedirsən, ilk növbədə deyir ki, dilini çıxar baxım.
Hazırda elə bir vəziyyətdəyik ki, şifahi təfəkkürümüz də itir, sürətlə geriyə gedirik. İnsanlar daha şifahi də danışa və düşünə bilmirlər. Küçə sorğularında adamlar mələyir, ulayır, hürür, miyoldayır, hətta anqırır. Amma danışa bilmirlər. Danışmaq qabiliyyətimizi də itiririk. Artıq adamlar lal-dinməz, beyinlərini çıxarıb dördbucaq və işıqlı dəmir parçlarını izləyirlər.
Bəli, danışmaq varsa, yazmağa ehtiyac yoxdur. Eşitmək bütün hallarda oxumaqdan daha yaxşıdır və əziyyətsizdir. Şifahi təfəkkürü olan, hətta bunu da itirmək mərhələsində olan adamlara yazaraq nəyisə izah etmək, yazaraq nəyisə başa salmaq səhrada qışqırmaq kimi bir şeydir. Orxan müəllim də razılaşar ki, bizdə heç ənənə də yoxdur. Müsahibəsində nə qədər Üzeyir bəyi, Cəfər Cabbarlını, Hüseyn Cavidi, Əhməd Cavadı nümunə gətirib ənənə olduğunu desə də, özü də çox yaxşı bilir ki, bizim nəsr ənənəmiz yoxdur.
Bütün halları nəzərə alıb deyə bilərik ki, ölkədə oxucu-yazıçı kommunikasiyası itib. Üç-beş oxucu var və onların da imkanı yalnız boş vaxt tapan kimi nəyisə vərəqləməyə çatır. Belə olan təqdirdə necə deyə bilərik ki, metroda oxunan kitab ciddi ədəbiyyat deyil və adamlar gərək metroda kitab oxumasın?
Üstəlik, məsələnin reklam hissəsi də var. Bizim adamlar bilmirlər ki, kitabı necə oxuyurlar. Görməyiblər. İlk dəfə kitab oxuyacaq bir dostuma Xalid Hüseyninin romanlarından birini vermişdim. Dostum 400 səhifəlik kitabı oturub əzbərləmişdi. Ciddi deyirəm, görüşəndə oturub mənə kitabı əzbər, cümləbəcümlə danışırdı. Soruşdum ki, niyə əzbərləmisən romanı? Dedi ki, başqa nə etməliyəm ki? Məktəbdə kitabları belə oxuyurduq da.
Yaxud başqa bir tanışım kitab oxuduğumu görəndə soruşmuşdu ki, bunun şəkilləri yoxdur?
Belə bir acınacaqlı situasiyadır.
İşıqlı adamlar metrolarda, avtobuslarda, adam çox olan yerlərdə kitab oxumalıdır ki, həm də nümayiş etdirsinlər, kitab reklam olunsun, adamların gözü öyrəşsin, həm də vaxtları səmərəli keçsin.
Oxumağın lüksü
Kitab azadlıqdır. Kitab insanı tənhalaşdırır. Kitab insana azadlıq verir. Yəni kitab oxumaq üçün azad olmalısınız. Vaxtınız olmalıdır. Təəssüf ki, ölkəmizdə kitab oxuyan insanların əksəriyyəti “bir tikə çörək”dən ötrü saat 9-dan saat 6-a kimi iş yerlərinə təhkim olunublar. Onların 9-6 rejimindən əlavə olaraq, həm də maddi, mənəvi problemləri olur. Adi məişət qayğıları, kiçik ailəvi problemlər, insanı boğaza yığan çətinliklər… Bu qayğıların və çətin həyatın içində azad olub kitab oxumaq mümkün deyil. Bir sözlə, vaxt olmur.
Vaxt bəs harada olur? Vaxt olur evə gedərkən, işdən qayıdarkən metroda, avtobusda, qatarda və s. Pis çıxmasın, metroda gələnin qabağına, gedənin arxasına baxmaqdansa, kitab oxumağın nəyi qəbahətdir ki? Hələ uzaq məsafəyə gedən adamlar mənzil başına çatana qədər, ən azı 20-30 səhifə oxuya bilərlər. Gündə iki dəfə metroya minməyi nəzərə alsaq (getmək-gəlmək) ortalama 50 səhifə, həftəyə 350 səhifə kitab oxumaq olar. Standart qalınlıqda olan bir romanı rahatca bir həftəyə metroda bitirmək imkanı yaranır.
Nə edək? Başqa çarəmiz yoxdur. 9-6 işləyirik və vaxtımız olmur.
Kiçik haşiyə çıxıb qeyd edim ki, bu məsələni dəyərli yazıçımız Mirmehdi Ağaoğludan da soruşdum. Yadımda idi ki, Mirmehdi də Aydın Talıbzadənin “ƏBUHÜBB” romanını yolda oxuyur. Dedim ki, Mirmehdi Orxan müəllim deyib ki, metroda oxunan kitab ciddi ədəbiyyat deyil. Bu haqda nə deyə bilərsən? Mirmehdi bildirdi ki, yox, mənə aid deyil, mən metroda yox, elektriçakada oxuyuram.
Şəxsən mən, keçən ay bir neçə ciddi əsəri metroda oxumuşam. Gün ərzində gedib-gəlmək bir yerdə, ən azı 40 dəqiqə metroda oluram. 40 dəqiqəni ən yaxşı formada, bir saniyəsini belə itirmədən dəyərləndirib, metroda kitab oxumağa çalışıram. Nəcib Məhfuzun “Yeni Qahirə” romanını, “Min bir gecə nağıllar”ının I-ci cildinin böyük bir hissəsini, Zahir Əzəmətin “Balaca adam” esselər toplusunu, Seymur Baycanın “Mənim mübarizəm 8”ni metroda oxuyub bitirmişəm.
Gördüyünüz kimi oxuduqlarımın arasında heç bir motivasiya janrında kitab yoxdur.
Əslində, bu səfsətəyə də birmənalı olaraq aydınlıq gətirmək lazımdır ki, kitab, onsuz da, sənə hər şeyi verir. Əgər sən kitabdan motivasiya almaq istəyirsənsə, ala bilərsən. Remarkın, Hessenin, Knut Hamsunun (yeri gəlmişkən, “Torpağın bərəkəti” romanını da metroda oxumuşam), Kutzenin, Cek Londonun və sair yazıçıların əsərlərində həyat enerjisi yoxdurmu? Dirilik, pozitivlik, əməyin vacibliyi məsələləri yoxdurmu? Var. Eyni zamanda, dərin depressiya, xırda insan taleləri, kədərli obrazlar, bədbəxt adamlar yoxdurmu? Var. Sizif obrazı necə obrazdır? Hərənin bir cür cavabı var. Elə isə oxucu kitabdan nə istəsə ala bilər. Motivasiya da, depressiya da.
Bir də ki adi yaşamaq lazımdır. Adiliyin aliliyini tapmaq lazımdır. Yaxşı bilirik ki, nəinki ciddi yazıçı, heç qeyri-ciddi oxucu da yoxdur. Bəs onda nə üçün yazırıq? “Özüm üçün yazıram” söhbətinin artıq şiti-şoru çıxıb və cəfəngiyatdan başqa bir şey deyil. Bu da olsun ritorik sualımız.
Lazım gəlsə, bürclərə inanmalısan, lazım gəlsə, bizim tv-lərdə gedən serialları izləməlisən, lazım gəlsə, falçıya getməlisən, lazım gəlsə, meyxanaya qulaq asmalısan, adidən adi, sadədən sadə yaşamaq lazımdır.
Yoxsa qocalanda arxana boylananda görürsən ki, bu qədər həyatı “aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı” janrında yaşamısan.