Məşhur aktrisanın həyatını nə məhv etdi? – Araşdırma

Məşhur aktrisanın həyatını nə məhv etdi? – Araşdırma

Kulis.az Samirə Əşrəfin məşhur alman aktrisası Hanna Şiqula haqqında araşdırma yazısını təqdim edir.

Rayner Verner Fassbinderlə başlayan uğurlu karyera…

Alman kinosunun məşhur aktrisası Hanna Şiqula 1945-ci il dekabrın 25-də Polşanın Katovitse şəhərində alman və polyak əsilli ailədə dünyaya gəlib. Onun atası taxta satışı ilə məşğul olan tacir olub. 1945-ci ildə anası iki yaşlı qızını da özü ilə götürüb Münxen şəhərinə gedir. 49-cu ildə isə atası əsarətdən qurtulub ailəsinin yanına gələ bilir. Hananın ailəsi maddi cəhətdən böyük imkanlara malik olmasalar da, qızlarına yaxşı təhsil vermək üçün çalışıblar. Gimnaziyanı bitirdikdən sonra Hanna Münxen universitetinin filologiya fakültəsinə daxil olur. Gündüzlər universitetə gedən Hanna gecələri teatr məktəbinə gedir. Elə həmin ərəfədə aktrisa gənc rejissor Rayner Verner Fassbinderlə tanış olur. Bir müddət sonra onların yolları ayrılır. Lakin, Fassbinder öz teatrını yaratdığı zaman teatr məktəbindəki dostunu yadına salır…

Bir səhər Şiqulanın poçt qutusuna məktub gəlir: ““Antiqon” tamaşasında iştirak etmək istəyirsən? Premyera bir gündən sonra olacaq. Myüllerştrassedəki filmə gəl. Raynerdən salam.”

1967-68-ci illərdə Hanna Raynerin səhnəşəldirdiyi bir çox tamaşalarda iştirak edib, fərqli rollar yaradır. 1968-ci ildə Raynerin yaratdığı teatr yanğına qarşı təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün bağlanılır. Lakin, aktyorların dedilərinə görə teatr siyasi səbəblər ucbatından qapadılır. Sonrakı illərdə isə bir neçə aktyor və aktrisanın səyi nəticəsində “Antiteatr” adlı yeni truppa yaradılır. Rayner həmin truppanın lideri olur. Hanna isə elə həmin ili Jana Mari Ştraudun “Adaxlı, hoqqabaz, sutenyer” filminə çəkilir. Bu həm də aktrisanın ilk filmi olur.

1969-cu ildə isə o, Fassbinderin “Katselmaxer” filminə çəkilir. Film on gəncin həyatından, onların ətrafında baş verən hadisələrin məğzindən bəhs edir. Rejissorun özünün və “Antiteatr” aktyorlarının çəkildiyi bu filmdə Hannaya Mariya rolu həvalə olunur.

Rayner təəccüb doğuracaq qədər sürətlə işləyirdi. Filmə başladığı ilk beş ildə o, artıq on altı film çəkə bilmişdi. Onun yaradıcılığının birinci məırhələsində ən yaxşı film hesab olunan “İlin dörd fəslinin satıcısı” filmi 1971-ci ildə lentə alınır. Hanna həmin filmdə çox kiçik rola çəkilir. Filmin baş qəhrımanı Hans Eppanın bacısı roluna. Şiqula tez-tez Fassbiderin filmlərindəki kiçik rollara çəkilmək üçün dəvət alırdı. Onun rejissorun filmlərində görünməsi alaqaranlıq kadrlara işıqlı yaxma kimi idi. Lakin, aktrisanın yaradıcılıq imkanları misilsiz və çoxşaxəli idi. Rayner günün birində bu gerçəkliyi anlayır.

Beləliklə 1971-ci ildə Şiqula ilk dəfə olaraq Raynerin “Petra fon Kantın acı göz yaşları” filmində əsas rollardan birini ifa edir.

İki qadının həyatından bəhs edən filmdə aktrisa öz zərif, xəyalpərəst obrazına sadiq qalır. Lakin, sonralar Hanna “Mariya Braunun izdivacı” filminə Mariya obrazı ilə bütün dünyanın diqqətini özünə cəlb edəcəkdi. Hələliksə Raynerlə olan iş birliyi davam edir. Onların növbəti birgə işi Fassbinderin 1971-ci ildə ekranlaşdırdığı “Effi Brist Fontane” filmi olur. Alman yazıçısı Teoder Fontanın qələmə aldığı “Effi Brist” romanı süjet etibarı ilə Lev Tolstoyun “Anna Karenina” romanını xatırladır. Bu film bütün bədii komponentlərin nadir tarazlığıyla fərqlənir. Baron İnştettena evinin nəfis interyeri hislərin zərif oyunu üçün çox gözəl xidmət edir.

Kinodan gediş və möhtəşəm qayıdış…

Film kommersiya baxımından çox böyük gəlir gətirir. Rayner və Şiqula haqqında qəzetlər yazır. Aktrisanın şəkilləri qəzetlərin ilk səhifələrinə manşet olur. Lakin, Hanna özü həmin filmdəki ifasından çox narazı qalır. Hərçənd ki, o, rejissorun dedkilərini vicdanla yerinə yetirmişdi. Buna baxmayaraq özünə inamsızlıq hissi aktrisanın için-için yeyir.

Bu kimi fikirlərlə aktrisa kino sahəsini tərk etməyi qərara alır. Ancaq mətbuatın yazdığına görə onu bu addımı atmağa vadar edən əsas səbəb Raynerlə qarşı olan incikliyi olur. O, universitetdəki təhsilini başa vurur, diplom işini belə yazmağa başlayır. Lakin çox keçmir ki, o, kinonun, aktrisalığın onun həyat ehtiyacına çevrildiyini anlayır.

Ancaq Hanna çəkiliş meydançasına getməyə tələsmir. İlk addım da yenə Rayner tərəfindən gəlir. Belə ki, rejissor Hannaya və özünə dünya şöhrəti gətirəcək “Mariya Braunun izdivacı” filminin ssenarisini Şiqulaya yollayır.

Beləliklə 1978-ci ildə ”Mariya Braunun izdivacı” filmi ekranlaşdırılır. Film ikinci dünya müharibəsinin sonlarında əri müharibədən qayıtmayan alman qadının ziddiyyətli həıyatından bəhs edir. Qırmızı Ordu Berlinə yaxınlaşır. Yeni evlənən German və Mariya bu zaman bombardmana məruz qalır. Zifaf gecəsindən sonra Germanı cəbhəyə yollayırlar. Az sonra Mariyaya ərinin ölməsi xəbər verilir. O, amerikalı əsgərlərin toplandığı barda işə düzəlir. Zənci Amerika zabitinin məşuqəsi olur. Günlərin birində əri qayıdır. Hadisələr sürətlə axarını dəyişir, daha da dramatikləşir və faciə ilə bitir.

Mariya obrazı Hanna Şiqulaya uğur gətrir. O, 1979-cu ildə Berlin film festivalında ən yaxşı qadın rolunun ifasına görə “gümüş şir” mükafatı qazanır.

Sevgili, dost və rejissorun vaxtsız itkisi…

Fassbinderlə növbəti görüş “Üçüncü nəsil” filmi olur. Bu filmlə rejissor aktrisanın tərcümeyi halına ən önəmli səhifələri əlavə edir. 80-ci ildə aktrisa yenə eyni rejissorun “Berlin Aleksandrplazı” adlı on dörd hissəli serialına çəkilir. Elə həmin ildə aktrisanın iştirakı ilə “Lili Marlen” filmi ekranları bəzəyir. Bu filmdən sonra bir sıra kinotənqidçiləri və mətbuat nümayəndələri Hannanı Qreta Qrabonun və Marlen Ditrixin davamçısı kimi təqdim edirlər. Bundan sonra aktrisa Raynerin bir neçə filminə də çəkilir. Ümumilikdə isə aktrisa Fassbinderin iyirimi üç filmində iştirak edir.

11 iyul 1982-ci ildə Fassbinder 37 yaşında narkotikadan yüksək dozada istifadə etdiyinə görə ürək tutmasından dünyasını dəyişir.

Fassbinderin ölümündən sonra aktrisa Jan Lyuk Qodar, Marko Ferreri, Etora Skola, Aleksandr Sokurov kimi dünya şöhrətli rejissorlarla birgə çalışır. Lakin danılmaz həqiqət bundan ibarət idi ki, aktrisanın ən gözəl və yadda qalan rolları məhz Raynerin çəkdiyi filmlərdə yaranmışdı.

Maraqlı məqam bundan ibarət idi ki, aktrisa kino tarixi boyunca ən narazı qaldığı rejissor Jan Lyuk Qodar olub. Müsahibələrinin birində o deyir: Qodarla mənim o qədər də yaxşı münasibətim olmayıb. O, uşağını doğa bilməyən hamilə qadına bənzəyirdi. Çəkiliş vaxtı bizim hamımızı meydançadan qovuraq “mən hələ hazır deyiləm!” deyirdi. Bir müddət sonra o, əlində mətn olan vərəqlərlə yenidəın peyda olub hamımıza əzab verirdi. Misal üçün o, İzabel Yupperi fabrikdə boltları çeşidləməyə məcbur etdi ki, qadın konveyerin nə olduğunu bütünlüklə hiss etsin. Məni isə yanacaqdoldurma məntəqəsindəki müştərilərə kofe verməyə məcbur etmişdi. Çünki mən onun filmində yanacaqdoldurma məntəqəsindəki satıcıı obrazını canlandırırdım.

1983-cü ildə aktrisa Marko Ferrerinin “Pyerin tarixi”

filminə çəkilir. Həmin filmdən sonra Hanna “Kann film festivalı”nda ən yaxşı aktrisa mükafatı qazanır.

On üç il yataq xəstəsi olan anasına qulluq edən aktrisa anasının ölümündən sonra Fransaya köçüb orda yaşamağa başlayır. Lakin sonralar etiraf edir ki, Parisə getməyinin əsas səbəbi bir fransıza vurulması olub.

“Oyan və arzula”

Aktrisanın şəxsi həyatı barədə mətbuatda çox az məlumat vardır. Raynerlə olan münasibəti haqında doğru dürüst məlumat olmasa da, onların arasında eşq romanının olması da qaçınılmaz hesab olunur. Aktrisa heç vaxt ailə həyatı qurmaylb. Onun adı daha çox Ornella Muttinin keçmiş sevgilisi olan rejissor Marko Ferreri ilə birgə hallanır. Belə ki, Ferreri Mutti ilə sevgili olduğu müddətdə Hannanı görüb ona vurulur və onu öz filmlrinə çəkir. Ornella sonralar mətbuata açıqlamasında Fererri ilə ayrılmasında əsas səbəbkar kimi Hanna Şiqulanı göstərir.

Aktrisanın kinoda son işi rus rejissoru Aleksandr Sokurovun “Faust” filmində olub. Rejissorla işləmək təklifi isə Hannanın özündən gəlib.

Doxsanıncı illərin əvvələrində aktrisa musiqiylə məşğul olmağa başlayır. Aktrisalıq karyerası ilə yanaşı Hanna bir çox solo konsertlər verir.

2013-cü ilin sonunda Hanna Şiqula “Oyan və arzula” adlı biografiq kitab yazır. Həmin kitabda o, əsasən Rayner Fassbinderlə bağlı xatirələrini, Polşa, Almaniya və Parisdə olduğu illərdə başına gələn maraqlı əhvalatları qələmə alır. “Həyatımın və aktrisalıq karyeramın ən vacib iyirmi ili Ranerin adı ilə bağlıdır” deyən aktrisa hal-hazırda yetmiş iki yaşında Parisdəki malikanəsində yaşayır.

Share: