Kulis.az fransız yazıçısı, “Gecənin sonuna səyahət”, “Ölüm və borc” kimi məşhur əsərlərin müəllifi Lui Ferdinand Selinin 1960-cı illərdə “Paris Reviev” jurnalı üçün verdiyi müsahibəni təqdim edir.
– Sizə nədən danışım? Oxucularınızı necə məmnun edəcəyimi bilmirəm. Bu insanlara qarşı nəzakətli olmalıyıq… Bizdən inciməmək şərti ilə onları əyləndirməyimizi gözləyirlər. Yaxşı… Söhbətləşək.
Bir yazıçının içində o qədər də çox kitab yoxdur. Mənim üçün “Gecənin sonuna səyahət”, “Ölüm və borc” kitabları yetərlidir.
Mən bu işə, yazıçılığa marağım ucbatından baş qoşdum. Marağın əvəzi isə ağır olur. Özümü tragediya tarixçisi hesab edirəm. Bir çox yazıçı faciə axtarar amma tapa bilməz. Ağıllarına faciə ilə əlaqəsi olmayan çox kiçik hekayələr gələr. İndi deyəcəksiniz ki, yunanlar necə olsun? Faciəvi yunanlar allahlarla danışdıqlarını hesab edirdilər. Əlbəttə, İsa Məsih də var… Allahlarla “telefon əlaqəsi” yaratmaq isə hər gün başımıza gələn hadisə deyil. Elə deyil?
– Elə isə sizin üçün bu günün tragediyası nədir?
– Stalinqraddır. O necə bir katarsistir?! Stalinqradın çöküşü Avropanın bitməsidir. Bir fəlakət idi yaşananlar. Bütün bunların mərkəzi Stalinqrad idi. Bunun bitdiyini, ağ sivilizasiyanın tamamilə sona çatdığını söyləyə bilərsiniz. Mən baş verənlərin içərisində olduğum üçün özümə sərf edən hərəkəti etdim. Həmin vəsaiti istifadə edib satdım. Aydın məsələdir ki, bu kimi işlərə qarışdım. Yəhudi məsələsinə… Məni maraqlandırmayan işlər idi. Həmin işlərin içərisində olmaq üçün heç bir səbəbim yox idi. Ancaq yenə də onları öz üslubumla izah etdim.
– Yaxşı, sizin ifadə etmək istədiyiniz nədir?
– Duyğu. Bioloq Savyın gözəl bir sözü vardır: “Başlanğıcda duyğular vardı, hərəkət yox idi”. Bir amöbə toxunsanız o geri çəkilər. Danışmasa da, hissləri var. Körpələr ağlayır, at qaçır. Hərəkət etmək isə yalnız bizə verilmişdir. Bir siyasətçini, bir yazıçını, bir peyğəmbəri yaradan budur. Hərəkət qorxunc bir şeydir. Onu iyləyə bilməzsiniz. Amma bu duyğunu danışdıra bilmək heç kimin təxmin edə bilməyəcəyi qədər çətindir… Çirkindir… Fövqəlbəşərdir… İnsanı öldürə biləcək bir hünərdir.
– Amma yenə də, hər zaman yazmağa ehtiyacı duyursunuz…
– Heç nə qarşılıqsız deyil. Baş verən hər şeyin əvəzini ödəmək məcburiyyətindəsiniz. Quraşdırdığınız hansısa hekayənin heç bir dəyəri yoxdur. Dəyər daşıyan tək hekayə, əvəzini ödədiyinizdir. Ancaq əvəzini ödədiyiniz bir hekayəni dəyişdirməyə haqqınız çatır. O ki, qaldı mənim yazmaq ehtiyacım… Mən işləyirəm. Bir müqaviləm var və onu yerinə yetirmək məcburiyyətindəyəm. İndi altmış altı yaşım var. Ömrümün yetmiş beş faizi ləğv olunmuş vəziyyətdədir. Bu yaşda olan insanların çoxu təqaüdə çıxıb. Mənim isə altı milyon borcum var… Yəni davam etmək məcburiyyətindəyəm. Hazırlıq mərhələsində olan bir romanım daha var. Yəni daima eyni iş… Dəvənin qulağı qədər xırda işlər… Roman sənəti bir az iplə ilmə işləməyə bənzəyir. Monastırlarla birgə yox olmuş ilmə sənətinə…
Romanlar, avtomobillərə, filmlərə, televiziyaya, şouya qarşı döyüşə bilməz. Qarnı tox, böyük döyüşdən xilas olmuş adam gecələr arvadının yanağına kiçik bir busə hədiyyə edib gününü başa vurar. Bununla da onun işi bitir.
– Pasaj Şuazeldə uzun müddət yaşadınız?
– Bəli, on səkkiz il. Orduya qatılana qədər. Orada yoxsulluq son mərhələdə idi. Hətta yoxsulluqdan da betər bir şey idi. Çünki yoxsulluqla da əylənmək, avaralanmaq, sərxoşluq etmək olar. Amma mən dediyim yoxsulluq sonu gəlməyən bir yoxsulluq idi. Kökü dərinlərə işləyən kasıblıq deyək… Qorxunc idi. Bütün həyatım boyunca qaynadılmış makaron yedim.
Anam köhnəlmiş krujevaları təzələməklə məşğul idi. Həmin krujevalara hopan qoxu uzun müddət qalırdı. Belə qoxulu əl işləri də satılmırdı. Qoxumayan xörək isə yox idi. Bircə yavan makarondan başqa… Bu səbəbdən də həmişə boşqab-boşqab makaron yeməli oldum. Bütün gəncliyim iyi olmayan xəmir və sıyıq yeməklə keçdi.
Pasaj Şuazeldəki evimizin mətbəxi ikinci mərtəbədə idi. Otağın bir şkaf qədər ölçüsü vardı. İkinci mərtəbəyə burulma pilləkanla çıxırdıq. Makaronun qaynayıb, qaynamadığına baxmaq üçün tez-tez çıxmaq lazım gəlirdi. Dözülməz idi!
Anamın ayağı topal idi. Elə vəziyyətdə gündə iyirmi, iyirmi beş dəfə pilləkanları çıxmaq məcburiyyətində qalırdı. Belə dözülməz bir həyat idi. Atam isə məmur işləyirdi. Anam krujevaları satıb qurtarandan sonra evə gələrdi. Onun ardınca da atam. Ah, ah, bu çox ağır yoxsulluq idi.
– Sizə təsir edən hadisə, yazı yazmağa vadar edən daxili partlayış keçirdiyinizi xatırlayırsınızmı?
– Xeyr, əsla! Mən əvvəlcə ədəbiyyata yox, tibb sahəsinə könül verdim. Bunu qətiyyətlə deyə bilərəm! Mənim üçün ədəbiyyatda hünərli insanlar Pol Moran, Anri Barbüs idi. Məhz onların ədəbiyyat üçün yaradıldıqlarını hesab edirdim.
– Uşaq vaxtı yazıçı olacağınız ağlınıza gəlməmişdi?
– Xeyir. Heç bir zaman. Əsla! Həkimlərə qarşı inanılmaz heyranlıq hissi duyardım. Həkimlik sənəti mənə fövqəladə təsir bağışlayırdı. Ehtirasım tibbi sahəyə yönəlmişdi.
– Elə isə uşaqlığınızda bir həkim sizin üçün nəyi ifadə edirdi?
– Pasaj Şuazeldən xəstə olan anama, atama baxmağa gələn bir adamı… Onun etdikləri həqiqi mənada mənim üçün işləməyi ifadə etmirdi. O zamanlar həmin həkim mənim gözümdə insan bədəninə təəccüblü şeylər edərək onları yaxşılaşdıran, sağaldan savadlı, möcüzəvi bir adam idi. Bu mükəmməl bir hiss idi. Ovsunlayıcı təsir bağşlayırdı…
– Bəs bu gün bir həkim sizin üçün nə ifadə edir?
– Artıq həkimlər cəmiyyət tərəfindən xor görülür, hər kəs onlarla rəqabət içərisindədir. İndi həkimlərin əvvəlki hörməti də qalmayıb. Görünüşləri də benzin doldurma məntəqələrindəki işçilərə bənzədiyindən oradakı benzin dolduranlara çevrilməyə başlayırlar. Səhv deyirəm? Artıq deyə biləcək sözləri qalmayıb. Evdar qadınların belə tibbi kitabları var. Üstəlik xəstəliklər də köhnə hökmlərini itiriblər. Siflis yox, bel soyuqluğu yox, tif xstəliyi yox. Antibiotiklər faciəni tibbin əlindən aldı. Buna görə artıq vəba xəstəliyi də yoxdur.
– Yəqin ki, həkimlik peşəsi kitablarınıza da təsir edən bəzi kəşflər, təcrübələr təqdim etmişdir?
– Bəli, bəli. Otuz beş il həkim işləmişəm. Təbii bunun da bir mənası var. Gəncliyimdə çox ora-bura qaçardım. Çox pilləkan çıxdım, xeyli insan görüb, tanıdım. Bu təcrübənin mənə hər mənada kömək etdiyini söyləməsəm olmaz. Amma tibbi romanlar yazmadım. Əsla. Bu əcaib və darıxdırıcı bir iş olardı.
– Təbabətə olan sevgi çox erkən yaşda sizi ovsunladı. Ancaq tamam fərqli bir yolda davam etdiniz.
– Haqlısınız. Böyük bir mağazada satıcı kimi işə düzəlməyimi istədilər. Çünki heç bir şeyimiz yox idi. Ailəmin maddi vəziyyəti çox ağır idi. Görürsünümü, yoxsul gəlib, yoxsul da gedirəm.
– Ananızın sizin üzərində təsiri çox olub?
– Hər şeydən əvvəl, xarakterlərimiz eyni idi. Elə sərt və dözülməz bir qadın idi ki! Xarakteri vardı. Amma həyatdan zövq almağı bilmirdi. Daim kədərli, daim trans halında idi. Həyatının son dəqiqəsinə qədər işlədi.
– Sizə necə xitab edərdi? Ferdinand, ya Lui?
– Lui. Məni böyük bir mağazada, oteldə, villada satıcı kimi görmək istəyirdi. Bu onun xəyalı idi. Atam da onun kimi düşünürdü. Çünki atamın ədəbiyyat təhsili çox uğursuz olmuşdu. Babam da həmçinin elə olub. Deyilənlərə görə hər ikisi həyatda çox uğursuzluq yaşayıblar. Atam müəllimlik diplomu almağı çox istəyib. Amma bilik dərəcəsi yetərli olmadığından təhsilini davam etdirməliymiş. Lakin pulu olmadığı üçün oxuya bilməyib. Daha sonra isə atası rəhmətə gedib. Atam özü beş yetimə baxmaq məcburiyyətində qalıb. Bu səbəbdən də onlar mənim ticarətdə uğur əldə edəcəyimi fikirləşirdilər.
– Atanız nə vaxt rəhmətə gedib?
– 1932-ci ildə “Gecənin sonuna səyahət” kitabım nəşr olunduğu il.
– Kitab çap olunmazdan əvvəl?
– Bəli. Onsuz da atam o kitabı sevməzdi. Üstəlik məni qısqanırdı. Heç vaxt məni bir yazıçı kimi görmürdü. Elə mən də özümü yazıçı hesab etmirəm. Heç olmasa, bu mənada atamla eyni fikirdəyik.
– Bəs ananız kitablarınız haqqında nə düşünürdü?
– Kitab yazmağın təhlükəli, pis bir iş olduğuna inandığı üçün həmişə problem yaranırdı. Bunun sonunun çox pis olacağını düşünürdü. Çox tədbirli təbiəti vardı.
– Kitablarınızı oxuyurdu?
– Oxumadı. Oxuya bilməzdi. Əgər onları oxusaydı çox bəsit olduğunu düşünərdi. Həm də ki, anam heç vaxt mütaliə etməyib. Kitab oxuyan qadınlardan deyildi. Əslində özündən razılığı da yoxuydu. Ölənə qədər işlədi. Onun ölüm xəbərini həbxanada öyrəndim. Xeyir, xeyir, Kopenhagenə gedirdim. Xəbəri yolda almışdım. Qorxunc və iyrənc bir səfər idi. Amma bunu da unutmayın ki, hər şeyin sadəcə bir tərəfi iyrəncdir. Bilirsinizmi, təcrübə sadəcə onu əlində tutan insanı aydınlığa çıxaran sönük işıqlı fənər kimidir. Paylaşmaq olmaz… Mən də bunu özüm üçün saxlamalıyam. Məncə danışa biləcəyin gözəl bir hekayən varsa, o zaman ölməyə haqqın çatır. O biri dünyaya qəbul olunmaq üçün hekayəni danışıb yoluna davam edərsən. “Ölüm və borc” əsərim simvolik olaraq bunu izah edir. Ölü olmağın mükafatını… Sözü keçənin uca tanrı yox, şeytan olduğunu göstərir. Təbiət iyrəncdir. İnanmırsınızsa, quşların və heyvanların həyatına nəzər yetirin.
– Həyatınız boyu nə vaxt xoşbəxt olmusunuz?
– Lənətə olsun. Heç bir zaman. Xoşbəxt olmaq üçün yaşlanmaq lazımdır. Arzularımdan vaz keçmək üçün mənə çoxlu pul versələr, məst olaram. Çünki o zaman təqaüdçü olub bir yerə qaçmaq fürsətim olar. İşləmək məcburiyyətində qalmaram. Sadəcə ətrafdakı insanları izləyərəm. Mənim üçün xoşbəxtlik dəniz kənarında yalnız və hüzur içərisində olmaqdır. Çoz az yemək yeyərdim. Hətta heç yeməzdim. Nə elektrik enerjisindən, nə də ki, hansısa əşyadan istifadə etmərəm. Bircə şam işığı kifayət edərdi. Şam yandırıb kitab oxuyardım. Daha sonra digər insanların əzimlə ehtiraslarının ardınca qaçamalarını, ritmi yaxalamaq üçün bir-birlərini qonaq dəvət etmək yarışlarını, teatr tamaşasına bənzəyən həyatlarını izləyərdim. Bir zamanlar aralarında yaşadığım bu insanların həyatını görmüşəm. Əsil komediyadı! Onlar vaxtlarını belə keçirirlər. Bir-birlərini təqib edərək eyni qolf klublarında, eyni restoranlarda görüşürlər.
– Keçmiş günlərə qayıtsaydınız, ədəbiyyatdan kənar olan zövqlərinizi həyatınızdan çıxarardınız?
– Qətiyyətlə bəli! Mən xoşbəxtlik axtarmıram. Sevinci hiss etmirəm. Həyatdan zövq almaq xasiyyətə, yeyib içməyə bağlıdır. İnsan yaxşı şeylərlə qidalanmalıdır ki, günlər tez ötüb keçsin. Gözəl şeylər ye, avtomobillə gəz, qəzet oxu qonaq qarşıla, yola sal, gəzintiyə çıx bir də görəcəksən ki, gün sona çatdı. Axşam olan kimi də yıxıl yat. Və budur gün artıq sona çatmışdır. İnsan qocalanda gün daha sürətli keçir. Elə deyil? Gənclik dövründə gün bitməyəcək qədər uzun olur. Yaşlananda isə gün şimşək kimi sona çatır.
– Təqaüdçü olsaydınız vaxtınızı necə keçirərdiniz?
– Qəzet oxuyub heç kimin məni görməyəcəyi bir yerdə gəzintiyə çıxardım. Burada gəzə bilmirəm.
– Niyə?
– Məni tanıyırlar. Görünmək istəmirəm. Bir liman olsa, gözdən itə bilərəm. Havrdakı göyərtələrdə heç kim sizin fərqinizə varmaz. Yaşlı dənizçidən, səfehlərdən başqa heç kimi görməzsiniz.
– Gəmiləri sevirsiniz?
– Ah, əlbəttə. Onların gəlişini və gedişini seyr etməyi çox sevirəm. Gəmilər, liman və mən. Elə xoşbəxt olardım ki… Gəmilər gəlib qayıdarlar. Amma bu baş verənlərin sizinlə heç bir əlaqəsi olmur. Heç kim sizdən heç nə soruşmaz. Sonra isə yerli qəzetlərdən birini oxumağa başlayarsınız. Yəni bu qədər sadə. Həyatım tamamilə baqa cür olardı.
– Nümunə götürdüyünüz, bənzəmək istədiyiniz insanlar oldu?
– Xeyir, çünki hamı mükəmməldi. Mən o qədər mükəmməl olmaq isəmirəm. Belə bir arzum yoxdur. Mənim istədiyim kimsənin vecinə almadığı bir qocaya çevrilməkdir. Siz dedikləriniz ensklopediyalara daxil olan insanlardılar. Mən bunu istəmirəm.
– Əslində gündəlik həyatda qarşılaşdığınız insanları nəzərdə tutmuşdum…
– Xeyir, Xeyir! Onları daima başqalarına fırıldaq gələrkən görürəm. Əsəblərimi pozurlar. Özünə önəm verməmək kimi bir hissə sahibəm. Təmkinli və mütəvazi xasiyyət mənə anamdan keçib. Çox istərdim ki, insanlar məni tamamilə yox hesab etsinlər. İnizvaya çəkilmək üçün içimdə heyvani bir istək var. Bu elə bir yer olsun ki, insanlar oralara heç getməsinlər.
– Romanlarınızda eşq nə qədər vacibdir?
– Əslində eşqdən bəhs etməyə heç bir ehtiyacımız yoxdur. Bir roman yazarı təvəzökar olmağı bacarmalıdı.
– Zövq üçün yazırsınız?
– Elə sayılmaz. Pulum olsaydı, yazmazdım.
– Məhəbbətdən və nifrətdən yazmırsınız?
– Bəhs etdiyiniz bu duyğular sadəcə məni maraqlandırır. Oxucunu yox.
– Müasirləriniz diqqətinizi cəlb edir?
– Xeyir. O qədər də yox. Bir zamanlar müharibədən qaçmaqlarının qarşısını almaq üçün onlarla maraqlanırdım. Necə oldusa, müharibəyə qoşulmadıqları halda sərxoş oldular. Mən isə həbs olundum. Onlarla məşğul olmağı bacarmadım. Əksinə hər şeyi bir-birinə qarışdırdım. Məşğul olmalı insan yenə də özüməm…
– Son kitablarınızda hələ də sizi ifadə edən duyğular var…
– Nə baş verir, versin özünüzü ifadə edə bilərsiniz. Bu o qədər də çətin deyil.
– Bu son kitablarınızda şəxsi heç bir şey olmadığına dair bizi inandırmaq istədiyiniz mənasına gəlir?
– Xeyir, şəxsi heç nə yoxdur. Bircə məsələ ola bilər ki, bu da həyatla oyun oynaya bilməməyimdir. İylənib, çürümüş insanlara qarşı artıq müəyyən üstünlüyüm var. Çünki onlar davamlı olaraq həyatla oynaşırlar. Həyatla oynaşmaq isə yemək, içmək, gəyirmək, sevişmək deməkdir. Bunlar isə insanı günün sonunda ya heç kim, ya da tərbiyəsiz birinə çevirmək deməkdir. Mən isə oyunçu deyiləm. Bu da əslində mənə sərf edir. Nəyi seçməyi, nədən zövq almağı bilirəm. Ancaq çökmüş Roma imperatorunun da dediyi kimi əsas məsələ fahişəxanaya getməkdə deyil, hesabı ödəməkdədir. Elə deyilmi? Mən ömrüm boyu fahişəxanalara getdim. Amma tez uzqalaşdım. İçki içmirəm. Yemək yeməyi heç sevmirəm. Bunların hamısı axmaqlıqdır. Bircə həyatım var. Onu da yataraq, tənha qalaraq keçirmək istəyirəm.
– Həqiqi yazı istedadı olduğuna inandığınız yazıçılar kimlərdi?
– Önəmli dövrlərdə yazıçı kimi gördüyüm üç imza vardı. Pol Morand, Şarl Ferdinand Ramyü və Anri Barbüs. Bunlar həqiqi mənada yazıçıdılar. Onlar yazmaq üçün yaradılmış insanlardılar. Amma o biriləri elə deyillər. Allah eşqinə hamısı saxtakardı.
– Yaşayan ən böyük yazıçılardan biri olduğunuza inanırsınız?
– Xeyir. Bu belə hesab olunmasın. Böyük yazıçılar… Mənim sifətlərə ehtiyacım yoxdur. Bunun üçün əvvəlcə ölmək lazım gəlir. Gərək öləsiniz ki, sizi də bir sinifə daxil etsinlər. Edə biləcəyiniz ilk iş ölməkdir.
– Sizdən sonra gələcək nəsillərin sizə qarşı ədalətli olacaqları ilə razılaşdınız?
– Aman allah! Əlbəttə razı olmadım! Bəlkə də o zaman Fransa deyilən bir ölkə də mövcud olmayacaq. Ya çinlilər, ya da barbarlar var olacaq. Mənim ədəbiyyatım, müdrükcə yaratdığım əhvalatlar hörgüsü, üç nöqtələrim onları qıcıq edəcək… Bu mümkündür. Ədəbiyyatdan bəhs edirsinizsə, mən işimi sona çatdırdım deyirəm. Bitdi… “Ölüm və borc” kitabından sonra deyə biləcəyim hər şeyi dedim. Belə baxanda o qədər də çox deyilmiş…
– Həyata nifrət edirsiniz?
– Düzünə qalsa, həyatı çox sevdiyimi deyə bilmərəm. Canlı biriyəm və cavabdehliyim olduğu üçün həyata dözməyə məcburam. Əslində isə tamamilə pessimist nəsli təmsil edirəm. Ümid bəsləmək lazım gəlrisə, mən heç nəyə ümid etmirəm. Özüm üçün mümkün olduğu qədər əzabsız ölüm gözləyirəm. Hamı kimi… Heç kim mənə görə əzab əziyyət çəkməsin deyə hüzur içində ölməyimi arzulayıram. Hətta mümkünsə, hər hansısa bir xəstəlikdən ölüm. Yoxsa, özümü yorğunluqdan öldürəcəm. Belə daha rahat olardı. Ömrüm davam etdikcə yaşadıqlarım daha da çətin şeylər olacaq. Bir il əvvələ baxanda indi daha zəhmətlə işləyirəm. Gələn il bundan da çətin olacaq. Həqiqət budur.
Tərcümə etdi: Samirə Əşrəf