Bayağı feminist yanaşma, lazımsız dramatizm… – Nobel mükafatçısının əsəri əsasında çəkilmiş film

Bayağı feminist yanaşma, lazımsız dramatizm… – Nobel mükafatçısının əsəri əsasında çəkilmiş film

Kulis.az Sevda Sultanovanın “Hadisəsiz “Hadisə”” yazısını təqdim edir.

Bu il Nobel mükafatı almış fransız yazıçısı Anni Ernonun eyniadlı əsəri əsasında ekranlaşdırılan və ötən il Venesiyada Qızıl Şirə layiq görülən “Hadisə” filmi çılpaq naturalizmə əsaslanan, bədəndən ibarət fizioloji filmdir.

Filmin müəllifi livanlı mühacirlərin ailəsində doğulan Odri Divan karyerasına jurnalist kimi başlayıb. “Hadisə” tammetrajlı debüt işinə görə Venesiyada əsas mükafata layiq görülməsi birmənalı qarşılanmayıb, hətta kino mütəxəssisləri arasında, əvvəldən bu mükafata potensial namizədlər arasında onun adı belə hallanmayıb. Filmin qalib gəlməsi Qərb liberallarının kinofestivallara diktə elədiyi konyunkturanın nəticəsidir. Münsiflər heyətində qadınlar olmalıdır, zibil çəksələr belə onlara mükafatlar verilməlidir, homoseksual, qaradərili, qadın diskursu filmlərdə vacib yer almalıdır və s.

Süjetə görə, hadisələr 1963-cü ilin Fransasında baş verir. Filologiya fakültəsinin tələbəsi Anna (Anamariya Vartolomey) hamilə olduğunu öyrənəndə dərin sarsıntı yaşayır. O, karyera qurmaq, yazıçı olmaq istəyir, amma hamiləliyi ona əngəl törədir. Həmin dövrdə ölkədə abort qadağan edilidiyindən, Anna vəziyyətdən çıxış yolu axtarır…

Ekranda Şekspir faciələri səviyyəsinə qaldırılmış dram izləyirik… Bir şərq qadını kimi, Annanın hekayəsi, daha doğrusu, onun uşaqdan imtina səbəbi mənim üçün universal, dramatizəyə layiq səbəb deyil.

Əgər ölkəmizdə ərsiz qadın hamilə qalarsa, onu nələrin gözlədiyini hamımıza aydındır: O, ailəsi tərəfindən rədd edilə, qətlə yetirilə, fiziki, psixoloji zorakılığa məruz qala, cəmiyyətdə ciddi qəbul olunmaya bilər və s. Yəni Annanın karyera ya uşaq seçimi məsələsi, bizdə olum ya ölüm dilemması ilə əvəzlənir. Hansı daha faciəvidir? Roman avtobioqrafikdir, Anna Anni Eronun prototipidir və gəncliyində abort aktının əsas səbəbi, Nobelə gedən yolda əngəli qaldırmaq, müəlliminə dediyi kimi ev xidmətçisi olmaq istəməməkdir…

Rejissor səbəbi elə gərginlik dalğasında verir ki, adam ekrana girib, hadisəni yarıda kəsmək, müdaxilə etmək istəyir: “Anam, bacım, həmcinslərim Anna, Odri… Tanrı xətrinə, nə özünüzə, nə tamaşaçıya bu mənasız işgəncəni, zülmü verməyin. Uşağı doğ, apar uşaqlar evinə. Ya anana (Sandrin Bonner) ver, onsuz da boş-bekar adamdır. Ya da dayə tut. Bu, elə bir situasiyadır ki, çıxış yolu var. Azərbaycanda qadınlar uşaq da doğur, karyera da qurur, ev işlərini də görür. Ona görə sizin isterikanız, depressiyanız bizə əhəmiyyətsiz görünür”.

Hərçənd, hekayənin digər tərəfi artıq ciddi münasibət tələb edir. Qadının öz bədəninə sahiblənməsini, abort hüququnun tanınmasını, bədəniylə istədiyi kimi rəftarı nəzərdə tuturam. Burda motiv doğrurdan da, universallaşır və eyni zamanda başqa sual doğurur: Odri Divan vacib məsələni hansı ifadə vasitələriylə, estetikayla, üslubla göstərir? Bir an belə fokus Annadan yayınmır, tamaşaçıya ondan dincəlməyə imkan verilmir. Qəhrəmanın bədəni mümkün olan bütün rakurslardan göstərilir, hətta az qalır, operator (Laurent Tangy) kamerasını Annanın vaginasına dürtüb, dünyanı bizə bir də o nöqtədən göstərməyə çalışsın.

“Hadisə”də bədən hekayənin qayəsini açmaq, inkişaf etdirmək üçün vizual ifadə vasitəsi, dramaturji təyinat deyil. Bədən, sadəcə, psevdo dokumental manerada çəklimiş faktdır. Onda bəs, niyə həyatdan primitivcə köçürülmə faktını bədii kino adlandırmalıylıq? Hadisənin bədii tərəfi, yozumu, onu reallıqdan fərqləndirən nədir? Hanı rejissorun bizi sarsıda biləcək bədii reallığı, baxışı?

Eyni proses 2020-ci ildə Venesiyada Qızıl Şir mükafatını almış Xloya Çjaonun “Köçərilər yurdu” filmində baş verir. Əhvalatın təsvir həllini, qəhrəmanları haqqında danışamağa söz tapmayan əldəqayırma, şişirdilmiş rejissorlar hekayələrində fərdin fizioloji, bioloji həyatının aspketlərini göstərməklə kifayətlənir və indi müasir dünyamızda bu, bədii kino adlandırılır.

Filmboyu Anna yeyir, Anna gərgindir, Anna yorğundur, Anna sevişir, Anna həkimə gedir, Anna çimir, Anna vaginasıyla əlləşir, dölü ordan necəsə qorpamaq istəyir, Anna əzab çəkir və bu səhnələr süni gərginliklə yüklənərək monotonca təkrarlanır. Yuxarıda dediyim kimi, kamera ancaq Annanı izləyir və bu zaman daraldılmış kadrlardan, kəskin montaj sıçrayışlarından (Anna evdə yeyir, ardıyca barda rəqs edir, daha sonra universitetdədir və s.) istifadə olunur: sosial-ictimai mühit, kadrdankənar həyat duyulmur, rejissor mizanlardan, kadrın dərinliyindən, estetik prinsiplərdən imtina edir. Çünki kadrlarda ancaq Anna mövcud olmalıdır.

Sıxılmış rakurslar, tamaşaçının diqqətinin daha çox qəhrəmana yönəldilməsi fəndindən ustad rejissorlar da istifadə edib. Amma o filmlərdə aktyorlar manipulyasiya olunmur, mizanlar, məkanın dərinliyi, estetik baxış gözardı edilmir, hadisə vizual səviyyədə qurulur, qəhrəmanları ruhi vəziyyətinin dərinliyi əks olunur.

“Hadisə” vəziyyətlərin təkrarından ibarətdirsə, onda səhnədən səhnəyə qəhrəmanın emosional-fiziki dəyişikliyi nəsə bir absurdluğa çatdırmalıydı. Ən azı ritm bunu diktə edirdi. Lakin kamera sonlara doğru yenə sadistcə Annanın döldən xilasını göstərir və finalda o, təhsilinə davam edir. Divan birxətli işləyib və tək məna budur: görürsünüz, qadın necə əzab çəkir, bizim abort hüququmuzu tanıyın. Amma, inan Odri, bu şüarı səsləndirməkdən ötrü 100 dəqiqəlik həngaməyə ehtiyac yoxuydu..

Hə, bir də, filmdə bütün kişilər alçaq, təcavüzkar, istifadəçidir. Bayağı bir feminist yanaşma.

Anni Ernonun sözügedən romanını oxumasam da bəzi hissələrinə nəzərə yetirdim. “Mənim həyatımın həqiqi mənası məhz bundadır: bədənim, hisslərim və fikirlərim mətnə çevrilsin, daha doğrusu, nəsə anlaşılan və ümumi bir şeyə; varlığım beyinlərdə və talelərdə tamamilə ərisin”.

Belə anlaşılır ki, yazıçı şəxsi travmasını yaymaq, bəşəriləşdirmək istəyib və Divan bunu çox istedadsız şəkildə kinoya gətirib. Halbuki, bir rejissor ədəbi əsəri ekranlaşdıranda müəllifliyə iddia edirsə, o zaman onun özünün müəllif intonasiyası olmalıdır.

Abort teması Mayk Linin “Vera Dreyk”, Kristian Mundciunun “4 ay, 3 həftə və 2 gün” ekran əsərlərində də işlənilib. Müəlliflər abort xəttinə etik, mənəvi, dövrün siyasi ictimai konformizmi kimi məsələləri yükləyirlər.

…Fransız kinosu siyasi-ictimai-sosial-fəlsəfi, süni görünməyən intellektual filmləriylə seçilib. Təəssüf ki, günümüzdə fransız kinosu “Hadisə” kimi sənət hadisəsi olmayan filmlərlə təmsil olunur.

Share: