Müəllim öyüdü… – Fuad Biləsuvarlı

Müəllim öyüdü… – Fuad Biləsuvarlı

/ Poema.\

Şagirdin uğuru səadətidi,
Qazancımız onun əziyyətidi.
Atanın övlada nəsihətidi,
Müəllim öyüdü, müəllim sözü.

Məktubuna hər bir yanda baxılsın,
Adlarına cild-cild kitab yazılsın.
Qulaqlarda sırğa kimi taxılsın,
Müəllim öyüdü, müəllim sözü.

Səpir yolumuza gözündən işıq,
Sənəti zirvəyə verir yaraşıq.
Yox bizdə onlarda olan danışıq,
Müəllim öyüdü, müəllim sözü.

Bizi kamil edən, kamallı edən,
Mübarizli edən, amallı edən.
Bizi el içində sanballı edən,
Müəllim öyüdü, müəllim sözü.

Ləklərdə sırayla düzülən bir tağ,
Ətirli, çəmənli, gül-çiçəkli bağ.
Edib hər bir zaman üzümüzü ağ,
Müəllim öyüdü, müəllim sözü.

Dilin qabar edir dərs başa salır,
Şagirdçün həmişə od kimi yanır.
Bir ömür boyunca köməyim olur,
Müəllim öyüdü, müəllim sözü.

Tərəqqi medalı hər birinizə,
Verilsə sevinmək qalacaq bizə.
Çıxartdı bizləri günlü gündüzə,
Müəllim öyüdü, müəllim sözü.

Nələrə qadirsiz oturum sayım,
Ola bilmərəm ki, sizlərin tayı.
Şəfəqin paylayan günəşim, Ayım,
Müəllim öyüdü, müəllim sözü.

Ömründə sevmədiz bəzəyi, süsü,
Ağartdız həmişə nə qədər üzü.
Adam elədiniz nəhayət bizi,
Müəllim öyüdü, müəllim sözü.

Ziyanızdan işıq aldı ziyam da,
Sözünüzdən xeyir tapdıq hər yanda.
Müəllim olubdu evdə babam da,
Bizə həmişəlik töhfə qalan da,
Müəllim öyüdü, müəllim sözü.

*** ***

Biz sizinlə həm bütöv, tam,
Ola bildik müəllimlər!
Əlimizdən siz tutdunuz,
Qoymadınız yıxılmağa,
Balanıztək sevdiz bizi,
Yenə durduq ayağa biz,
Güc topladıq özümüzə,
Gələ bildik müəllimlər!

Tanıtdınız yeri, göyü,
Asimanı, ulduz, Ayı.
Sayənizdə hər bir şeyi,
Bilə bildik müəllimlər!

Dərs zamanı yurd, Vətəndən,
Danışdınız qəlb, ürəkdən.
Əhsən sizə ey öyrətmən!
Sizin kimi el-obanı,
Sevə bildik müəllimlər!

Xətt çəkildi dərdimizə,
Sahibləndik elimizə.
İndi də qoşulub sizə,
Gülə bildik müəllimlər!

***** *****

Dincini almadan çalışdılar hey,
Dərslərdə durmadan danışdılar hey.
Şagirdləri üçün alışdılar hey,
Odlardan köz aldı müəllimlərim!

Həmişə onlarda söz ehtiyatı,
Dillərində vardır şeir, bayatı.
Tükənən zamanda darda qalmadı,
Tanrıdan söz aldı müəllimlərim!

Ağsaqqal kimi də qabağa düşüb,
Çox işi yoluna qoya da bilib.
Şagirdlər içində bir qızı seçib,
Oğluna qız aldı müəllimlərim!

Qaranlıq gecədən gündüzə çıxdım,
Mərd, xeyirxahların əlini sıxdım.
Beləcə şərin də evini yıxdım,
İşlərim düzəldi müəllimlərim!

**** ****

Bizə çinar kimi şax, düz durmağı,
Öyrədən kəslərə salamlar olsun!
Şagirdlər unutqan olmasın heç vaxt,
Ustadlarını da hey yada salsın.

**** ****

Özümüz müəllim yaşına çatdıq,
Ömrün soyuğuna, qışına çatdıq.
Söz yox ki, o, mənzil başına çatdıq,
Yenə unutmadıq müəllimləri!

Harda məskunlaşıb, harda qalsaq da,
Nə qədər bilikli, elmli olsaq da.
Özümüz qocalıb, yaşa dolsaq da,
Yenə unutmadıq müəllimləri!

Xəyalən keçmişə qayıda bildik,
Yatmış xatirəni oyada bildik.
Həyatda çox şeyi unuda bildik,
Amma unutmadıq müəllimləri!

Tez-tez evlərinin qonağı olduq,
Ürəyi istəyən hər şeyi aldıq.
Öləni yad etdik, sağa zəng vurduq,
Yenə unutmadıq müəllimləri!

Əkdiyi ağacın meyvə, barıyıq,
Üzlərində həya, ismət, arıyıq.
Onların ən əziz balalarıyıq,
Yenə unutmadıq müəllimləri!
**** ****

Göydə ulduzların içində adı,
Bəzən məşəqqətli olur həyatı.
Bizə bəs eləyir elmi, savadı,
Şərəfli ömür var, müəllim ömrü!

İkinci atamız, anamız bizim,
Ömrümüz, günümüz, mənamız bizim.
Elə dünya boyda dünyamız bizim,
Şərəfli ömür var, müəllim ömrü!

Kəsməz tələbənin qiymətin, balın,
Xoş edər kefini, hətta əhvalın.
Hərdən istəyirəm müəllim olum,
Şərəfli ömür var, müəllim ömrü!

Bir sözü dağları, daşları oyar,
Öyüdü kəlamtək qızıltək əyar.
Müəllim olanlar xoşbəxt, bəxtiyar,
Şərəfli ömür var, müəllim ömrü!

Nəcib arzularla dolu ürəyi,
Süfrəsində halal duzu, çörəyi.
Bizə öyrətdilər Vətən sevməyi,
Şərəfli ömür var, müəllim ömrü!

**** ****

Göydən doğan günəş üzünüzdü lap,
Qızıldan qiymətli sözünüzdü lap.
Şagirdlər oğlunuz, qızınızdı lap,
Mənim həmkarlarım, müəllimlərim!

Yurdumun qeyrətli kişisi, qızı,
Sizlərdə görmüşük doğrunu, düzü.
Başlarda tac kimi gəzdirək sizi,
Mənim həmkarlarım, müəllimlərim!

Bilik, savadınız sərvətimizdi,
Bizi biz edən də qiymətinizdi.
Göylərə ucalan sənətinizdi,
Mənim həmkarlarım, müəllimlərim!

Sizin ziyanızdan nur almışıq biz,
Sizdən bəhrələnib, ucalmışıq biz.
Vaxt gəlib sizlərtək qocalmışıq biz,
Mənim həmkarlarım, müəllimlərim!

Zülümlər görsə də itirməz özün,
Şagirdlər daima ağ edər üzün.
Harda demək lazım o bilər sözün,
Mənim həmkarlarım, müəllimlərim!

Dağları, dərəni adlayıb keçən,
Özünə ən yüksək peşəni seçən.
Gəncliyə, gənclərə nurlu yol açan,
Mənim həmkarlarım, müəllimlərim!
**** ****

Nüfuzunu qoruyaraq saxlayan da müəllimdi,
El dərdini öz gözüylə ağlayan da müəllimdi.

Nankorluğa göz yummadan haqq tərəfə qaçan kəs də,
Nahaq qəlbin odlayan da, dağlayan da müəllimdi.

Ey şagirdlər qədrin bilin sizə bilik öyrədənin,
Sizin üçün gözəl günlər ağlayan da müəllimdi.

Sizdən ötrü canlarından keçməyə də hazır olan,
Sizə qarşı cahilləri daşlayan da müəllimdi.

Kişi kimi söz verərək sözlərinin üstə duran,
Sözlərindən, vədlərindən qaçmayan da müəllimdi.

Şair Fuad borclu hər an öz ustadı Dəmir bəyə,
Gecə-gündüz şagird üçün yatmayan da müəllimdi.

Müəllif: Fuad Biləsuvarlı

Share: