Boşboğaz futbol şərhçiləri – Vüsal Bağırlı yazır…

Boşboğaz futbol şərhçiləri – Vüsal Bağırlı yazır…

Kulis.az Vüsal Bağırlının “Əsl futbol şərhçisi necə olmalıdır?” adlı yazısını təqdim edir.

(Bizim kanallardakı idman şərhçiləri üçün mini dərslik)

İdman kanallarımızı izləyərkən, şərhçi-icmalçının parazit sözlərindən, vulqar ifadələrindən bezən tamaşaçı oyun başlayan kimi “nə deyir, ə, o!?” deyinərək, qaş-qabağını turşudur, mısmırığını sallayır və tezcə kanalı dəyişir. Şərhçilərimiz bu cür şit və çiy ifadələrdən geninə-boluna istifadə edərək, izləyiciləri əməlli-başlı bezdirir, olan-qalan azartı, bütün oyun marağını yerli-dibli məhv edirlər.

Bizim şərhçilərin diletant futbol yanaşması təxminən bu cürdür: oyun, mübarizə, təhlükəli qol vəziyyətləri, qayda pozuntusu, oyunçunun konkret epizodda sərgilədiyi fərdi driblinq, ağlasığmaz fint ustalığı qalır bir tərəfdə, o, reklamdan, əmlak alqı-satqısından, ipoteka kreditindən, toyuğun, yoxsa yumurtanın daha tez yaranmasından dəm vurmağa.

İdman kanallarda şərhçilərin zay və bayağı boşboğazlığı fonunda, bir neçə il əvvəl, Asif Bağırovla “Doktor” Ziyanın həvəskar qaydada şərh etdikləri oyunlar indi xeyli keyfiyyətli və maraqlı görünür. Onların bəzi ifadələri – “Hakan Şükür sözün hər iki mənasında başla oynadı” və yaxud “12-13 dəqiqəlik fasilə zamanı bir fincan çay və ya qəhvə içməyə vaxtınız var” kəlmələri indi də futbol azarkeşlərinin xatirindədir.

Bir şeyi unutmayaq ki, burnunda nə isə mızıldanıb, sonra, boğazının damarlarını şişirdərək, var gücüylə “qooool” qışqırmaq izləyiciyə, tamaşaçıya əsla maraqlı deyil. Müasir dövrdə müxtəlif ölkələrin oyun şərhlərini müqayisə etmək imkanı əldə etmiş tələbkar tamaşaçı maraqlı, həyəcanverici futbol oyununa baxmaq istəyir, istedadsız bir aktyorun mono teatrına yox. Ümumiyyətlə, yerli kanallarda oyunları izləyərkən, ya TV-nin səsini maksimum azaltmalı ya da yanınıza hər ehtimala qarşı “Valokordin”, “Valerian”, “Kardiolin” kimi sakitləşdirici dərmanlar qoymalısınız. Bu sizin əsəblərinizi qorumağınıza kömək edəcək.

Bəs öz işini sevən, əsl peşəkar idman, futbol şərhçisi işini necə qurmalıdır?

Xarici ölkələrdə işə yeni başlayan şərhçilərin ilkin metodu ilk əvvəl, televiziya və ya kompüter qarşısında əyləşərək oyunu şərh etməkdən, sonra səsi diktofona yazmaqdan, onu dəfələrlə, təkrarən dinləməkdən, sonda isə danışdıqlarını analiz etməkdən ibarət olur. İşə təzə başlayanlar bu üsulla öz zəif cəhətlərini bilir, “Axilles dabanlarını” müəyyən edir və özlərini kənardan müşahidə etmək imkanı qazanırlar.

Əslində, şərhçinin oyuna peşəkar münasibəti, ona tapşırılan oyundan bir neçə gün əvvəldən başlayır. Əvvəlcə o, oyun haqqında sıravi məlumatlar toplayır: kim zədəlidir, stadionun tamaşaçı tutumu, hava şəraiti və ya komandaların son oyun göstəriciləri necədir və sair.

Bildiyiniz kimi, internet dövrü şəraitində komandalar haqqında məlumat toplamaq asan bir məşğuliyyətə çevrilmişdir. Bu cür informasiya bolluğundan düzgün yararlanan şərhçi, hər zaman izləyicinin, futbol həvəskarının köməkçisi olmalı, faydalı izahatlar verməli, oyuna marağı daha da artırmalıdır.

Kənardan asan görünən şərhçilik yetərincə çətin peşədir və bir sıra biliklər, vərdişlər tələb edir. Saat yarımlıq reportaj müddətində, aradakı 15 dəqiqəlik fasiləni nəzərə almasaq, o dayanmadan danışmalı, zəvzəməli, yeri gələndə qışqırmalı, həyəcanını, emosiyasını ortaya qoymalıdır.

Seyrçinin yorulmaması və oyundan maksimum zövq ala bilməsi üçün kommentatorun aydın səsi, natiqlik bacarığı, dəqiq və düzgün diksiyası, incə yumor hissi olmalıdır. Sözlərin aydın deyilişi, emosionallıq, intonasiya, bol lüğət və söz ehtiyatı isə vacib şərt sayılır.

Tamaşaçı bəzən yersiz təkrarlanan faktlardan, rəqəm və statistikaların quru ardıcıllığından bezir. Buna görə də, şərhçi meydanda baş verənlərdən yayınmamaq şərtilə, kənar hadisələrdən bəhs etməyin (statistik məlumat və faktlar) balansını dəqiq bilməlidir. Məlumat ardıcıllığı və intonasiya dozası isə əsla həddini aşmamalıdır.

O, oyun qaydalarını anlamalı, komandaların tarixi və hal-hazırkı durumu və futbolçular haqqında məlumatlı olmalıdır. Şərhçinin hər zaman oyunun axarını, nəbzini tutmaq bacarığı olmalı, quru-sönük keçən matçı öz emosiyası ilə canlandırmalıdır.

Şərhçi heç vaxt unutmamalıdır ki, ekranın, monitorun digər tərəfində minlərlə, bəlkə də, milyonlarla azarkeş var. Bəzən derbi və ya çempionluq uğrunda gedən oyun belə, gözlənənlərin əksinə, maraqsız keçə bilər. Fəqət şərhçinin əsas ustalığı, oyunun yeknəsəqliyini pərdələmək, gizlətmək bacarığıdır.

Şərhçi üçün improvizasiya, hazırcavablılıq əsas şərtlərdir. Məsələn, bir dəfə Rusiyanın Matç TV kanalında İspaniya çempionatının oyununu izləyirdim. Canlı yayım zamanı gözlənilməz hadisə baş verdi, kadr itdi, boz, sayrışan ekran fonunda yalnız səs qaldı. Bu zaman rus şərhçi peşəkar hazırcavablılıq nümayiş etdirib, “indi gəlin ehtimal edək görək epizoddakı hücum nə ilə bitəcək!?” deyə, işi tamaşaçının fantaziyasına yönəltdi və çətin vəziyyətdən uğurla çıxdı.

Eyni zamanda, peşəkar şərhçi rasizm və təhqirə yol verməməli, məsələlərə obyektiv, bitərəf və tolerant yanaşmağı bacarmalıdır. O, oyunun vaxtı bitməyincə, hesabdan asılı olmayaraq, qələbəni elan etmir, hadisələri yersiz qabaqlamır. Şərhçi xəstə və kefsiz olsa belə, bunu tamaşaçıya hiss etdirmir. O, efirdə həmişə enerjili, gümrah və pozitiv görünür, səsində gərginlik sezdirmir. Oyun zamanı şərhçi hansısa komandanın tərəfini saxlayırsa belə, bunu izləyicilərdən gizlətməli, neytrallığı sonadək saxlamalıdır.

Əgər sən şərhçisənsə, əvvəlcədən ünvanına səslənəcək söyüşü, lənəti və ya pis sözləri qəbul etməli, udmalısan. İşinə peşəkar yanaşan şərhçiyə bu özünü yaxşı olmasını sübut etmək üçün əlavə stimuldur.

Ümumiyyətlə, idman şərhçisi, real zaman rejimində oyunda baş verənləri obyektiv və düzgün analiz edərək, emosiyaları və improvizələri ilə zənginləşdirən jurnalistdir, araşdırmaçıdır.

Yazımı məşhur idman şərhçisi Kote Maxarazenin sözləri ilə tamamlayıram:

“Mən öz incik ovqatımı və pis əhvalımı şərhçi kabinəsinin içərisinə buraxmıram”.

Share: