Bakıda avtomobildən 40 min dollar pul oğurlanması hadisəsinin detalları bəlli olub.
Trend-in məlumatına görə, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb.
Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov avtomobildə olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəzaya düşən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.
11:18
Bakıda maşından oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Digər hadisə isə Nəsimi rayonunda qeydə alınıb. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.