Eldar Baxışın torpağa münasibəti budursa…

Eldar Baxışın torpağa münasibəti budursa…

Kulis.az Zamin Hacının “Qərib birdən yoxa çıxar” adlı yazısını təqdim edir.

Yazıçı Azad Qaradərəli hələ keçən ay zəng vurub məni Eldar Baxışın 75 illik yubileyi mərasiminə dəvət eləmişdi. Buna görə ona təşəkkürümü bildirdim, mütləq gələcəyimi söylədim, hələ imkan olsa, qəbir ziyarətinə getmək arzumu çatdırdım. Azad Qaradərəli dostluğa çox sadiq adamdır və deyəsən, bu boyda ölkədə, 2500 yazıçısının quruldaşmağa… üzr istəyirəm, qurultaya hazırlaşdığı ərazidə Eldar Baxışın yubileyi başqa heç kəsin yadına düşmür.

Həmçinin, Eldar Baxışın bəxti olsa 48 yaşında ölməzdi ki? Həyatı min cür faciə içində keçməzdi ki?

“Uzan Andayın yerində,

Mən o yeri boş görməyim”.

Ölümə müraciətlə yazıb. Oğlu Andayı 6 yaşında aparan Ölümə üz tutaraq. Bu, bizim poeziyanın ən kədərli şeirlərindən biridir.

Sonra ana yurdunu da ermənilər işğal eləyib, dağıdıb.

“Dərəsi dərə deyil,

On min, yüz min ölçülü

qaloşdu,

dağı dağ deyil,

papaqdı;

bu torpaq ki var

ayağımızın altında

bu torpaq zor torpaqdı!”

Eldar Baxışın ana torpağa münasibəti budursa, onu itirib neçə il yaşaya bilərdi? Uzağı iki il. O da hansı məşəqqətlər içində.

Yazmışdım axı yubiley keçən ay olmalıydı, qəfildən sərhəddə qırğın düşdü. Ermənilər sanki indiyəcən şairdən qisas alırlar. Eldar Baxışın patriotik-təbliğati şeirlərində də qəribə şirinlik var:

“O nədir yazmısan Zori Balayan,

“Bala” da bizimdi, “zor” da bizimdi.

Ölmək istəyirsən gəl Qarabağa,

Kəfən də bizimdir, gor da bizimdir”.

Birinci Qarabağ savaşı, Meydan hərəkatı dönəmində bu çox populyar şeirlərdən biri idi.

Burada oxuculara bir sirr də açım ki, əslində, bu mətn mənim şairin yubileyində çıxışımın yazısı olmalıydı. Ancaq şənbə günü, Bakıda, Səməd Vurğunun ev muzeyində (sağ olsun muzeyin yiyələri, orda yer veriblər) keçirilməli tədbirin baş tutacağına nəsə heç bir ümidim yoxdur. Qəfildən nəsə olacaq sanki. Həm ona görə burda yazıram, həm də mənim danışmaq qabiliyyətim çox zəifdir.

Eldar Baxışı ilk dəfə haçan oxumuşam, yadıma gəlmir. 1989-cu ildə indiki İqtisadiyyat Universitetinə qəbul olunmuşduq, bir gün hansısa tələbə yeyib-içmək məclisində qrup yoldaşım və əziz dostum, hazırda ölkəmizin ən yaxşı şahmatçılarından biri Loğman Quliyev gözləmədiyimiz halda şeir oxumağa başladı:

“Bostanım olmadı, bağım olmadı,

Şamamam olmadı, tağım olmadı,

Yıxılıb ölərdim, ağlım olmadı,


Vurdum, gəldim, çıxdım otuz yaşıma”.

Məclisdəkilər, hərəsi riyaziyyatı beş barmağı kimi bilən, quru iqtisadiyyat, faizlər, nə bilim, debit-kreditlə əlləşən tələbələr şeirdəki gözəlliyə heyran qalmışdılar. Ağzı açıq dinləyirdik.

Eldar Baxış Qubadlıdan idi, bizdə bəziləri o regionda hamını ucdantutma “kürd” adlandırır, ancaq Eldarın şeirlərindəki tərtəmiz türkcə bizim hansı şairimizdə, yazıçımızda var?

“Hanı o kəpənək, hanı o sevgi? –

Yaşamır, yaşamır, sərçə balası.

Bu ağ kəpənəklər o kəpənəyə,

Oxşamır, oxşamır, sərçə balası”

Eldar Baxışın “Sərçə balası” bizdə çox məşhur şeirlərdən biridir. Mən bunu da ilk dəfə 1990-larda, Azərbaycan Dövlət Radiosunun efirindəki hansısa verilişdən eşitmişəm. Şeiri eşitdim, bunun sehri məni necə tutdusa şairin kitabını axtarmağa başladım. Ancaq kitab nə gəzir… Deyəsən, son 30 ildə Eldar Baxışın şeirləri kitab halında heç buraxılmayıb. (Şəxsən məndə, yoxdur). Sonra da biz özümüzü “şair xalq” adlandırırıq. Gülməli olmayan lətifə…

İndiki vaxtlara, internetə şükür eləyin, mən həmin gün məcbur oldum qəzet köşkünə gedim, radio-televiziya proqramları dərc edən “Ekran-Efir” qəzetini alım. (Burada o qəzetin redaktoru olmuş gözəl insan Məmməd Aslanın xatirəsinə də bir salavat zikr eləyək). Çünki radio verilişlərinin adətən səhərisi gün, ya da həftə sonu təkrarı olurdu. Xülasə, uyğun vaxtda artıq əlimdə kiçik diktofon, radionun qarşısında əyləşib “Sərçə balası”nı səs yazısına alırdım.

Sonra isə qəribə bir əhvalat oldu: mən şeiri diktofondan kağıza köçürdüm və birdən başa düşdüm ki, artıq onu tam əzbər bilirəm! On üç bəndlik şeir öz-özünə yaddaşıma həkk olunmuşdu. Eldar Baxışın türkcəsi bu qədər şirindir, doğmadır, əzizdir. Su kimi canına hopur, qəti əziyyət vermir.

Bir də hardasa 30 il qabaq Akif Əhmədgilin yazdığı misra yadımda qalıb: “Danış, Eldar Baxış. Gətir qələmlərimizi toqquşduraq”.

Sonda hər birinizə diqqətiniz üçün təşəkkür edirəm və çıxışımı Eldar Baxışın Məhəmməd Hadiyə (və özünə) həsr elədiyi şeirin bir bəndiylə bitirirəm:

“Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

Dağda qar olmaz, qar olmaz”.

Share: