Düşənbə və Bişkek ümumi sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının işini aktivləşdirməyə və yaranan bütün problemləri yalnız diplomatiya yolu ilə həll etməyə razılaşıblar.
Bu barədə cümə axşamı Tacikistan Prezidenti Emoməli Rəhmonun mətbuat xidməti onun Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşü çərçivəsində Qırğızıstan dövlət başçısı Sadır Japarov və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından sonra məlumat verib.
Liderlərin görüşünün bir hissəsi bağlı qapılar arxasında baş tutub. Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, prezidentlər Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Onun sözlərinə görə, Moskva bölgəfə vaxtaşırı baş verən vəziyyətin kəskinləşməsini narahatlıqla qəbul edir.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqının dağılmasından sonra orada onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 663 km-dən artıq məsafə üzrə müəyyən edilib və razılaşdırılıb. Bəzi ərazilərdə vaxtaşırı mübahisələr, münaqişələr yaranır.
Mənbə: TASS