“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” klubu Fransa Liqa 1-də növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda XI turda “Brest”i qəbul edib.
Oyunda hesabı qonaqlar açıblar. Fadiqa 18-ci dəqiqədə fərqlənib.
Sonradan toparlanan “Nant” 35 və 36-cı dəqiqələrdə ardıcıl iki qol vuraraq rəqibin müqavimətini qırıb.
İkinci hissədə daha iki dəfə (71 və 88-ci dəqiqələrdə) fərqlənən komanda yekunda 4:1 hesablı qələbəni bayram edib.
Liqa 1-də bundan əvvəlki ardıcıl beş oyunda qalibiyyətə həsrət qalan “Nant” nəhayət 3 xal qazana bilib.
Bu nəticə ilə xallarının sayını 10-a yüksəldən “Nant” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.