Moldova polisi bazar günü hökumətin, parlamentin və prezidentin istefası tələbi ilə keçirilən kütləvi etiraz aksiyası zamanı Kişinyovun əsas küçəsi olan Böyük Stefan bulvarında nəqliyyatın hərəkətini kəsən nümayişçiləri dağıtmağa başlayıb.
Polis çadır şəhərciyini mühasirəyə alaraq oradakı insanlardan dağılışmağı tələb edib. Nümayişçilər “Ayıb olsun”, “Biz xalqıq” şüarları səsləndirərək çadırları tərk ediblər. Bundan sonra təhlükəsizlik qüvvələri çadırları yolun hərəkət hissəsindən yığışdırıblar.
Xüsusi təyinatlı polis bölmələri daha sonra parlament və prezident administrasiyasının binalarının yaxınlığında yerləşən 350 çadırın hamısını yığışdırıblar. Nümayişçilər polisə müqavimət göstərməyiblər.
Qeyd edək ki, parlamentin qarşısında çadır şəhərciyi sentyabrın 18-də keçirilən etiraz aksiyasından sonra qurulub.
Mənbə: TASS