O kino layihəsi qanunsuz və nəticəsizdir

O kino layihəsi qanunsuz və nəticəsizdir

O kino layihəsi qanunsuz və nəticəsizdir

Sevda Sultanova, kino-tənqdiçi

Kulis.az Sevda Sultanovanın “Həyatın mənasızılığı və pulsuz kinomuz” adlı yeni yazısını təqdim edir.

Ümumən baxanda, həyatda yaşamaq üçün məna tapmaq çətindir. Amma ömrü necəsə başa vurmaq, mənasızlığa qatlanmaq lazımdır. Ona görə dostlar, həyatımızı həm mənalandırmaq, həm də ədalətsizliyə “yox” demək üçün tənqidlərimizi davam etdiririk.

Yaxınlarda Mədəniyyət Nazirliyinin adı dəyişdirilmiş kino şöbəsinin müdiri Rüfət Həsənovun Rusiyadan gətirdiyi rus dostlarının mentorluq etdiyi “İnteract” təlim layihəsi bitdi. Və nazirlik bəhbəhlə onun final gecəsini keçirdi. Kino şöbəsi iştirakçılara, layihə sayəsində qazandıqları bilgiləri reallaşdırmaq üçün film layihələrinə maliyyə ayırmadı. Bir daha xatırladım: layihəyə 385 min manat xərclənib. İştirakçıların qoltuğuna blokont, fləşkart, qələm, fincan, çərçivəyə salınmayan sertifikat verib, bir iki şirniyyat yedizdirib yola salıblar.

“İnteract” layihəsi tendersiz keçirilib, qanunsuzdur və kinoya ayrılan vəsait nəticəsiz bir işə xərclənib, büdcənin detalları haqda məlumat verilməyib.

Ümid edirəm ki, Maliyyə nazirliyi pulun bu cür səmərəsiz xərclənməsini nəzərə alaraq, kinoya ayıracaq pulu dəfələrlə azaldacaq. Maliyyə naziri Samir Şərifovun bir il əvvəl səsləndirdiyi “Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir” haqlı iradına Mədəniyyət nazirliyi təəssüf ki, indiyədək əməli fəaliyyəti ilə cavab verməyib.

Onsuz da, bu gün kino bir sənət növü olaraq nazirliyin maliyyəsindən kənarda inkişaf edir. Hilal Baydarov, Elvin Adıgözəl, Türkan Hüseynova, Nurlan Həsənli, Amil Amal, İlkin Yusif, Nihad İsa və başqaları müstəqil maliyyə ilə çəkirlər.

İstedadlı rəssam, rejissor Rəşad Babayev bu yaxınlarda magik realizm metodunda ilk tammetrajlı bədii filmini öz hesabına çəkib.

Saida Haqverdiyeva hər iki Qarabağ müharibəsini əks etdirən, qələbədən sonra mövzu üzrə ekranlaşdırılmış hələ ki, yeganə film olan “Köhnə çamadanlar” tammetrajlı bədii debütünü Sosial Müdafiə Nazirliyinin və yaxın çevrəsinin maddi yardımı hesabına çəkib.

Təhminə Rafaella, İkinci Qarabağ müharibəsi fonunda ailə dramından danışan “Banu”nun maliyyəsini xaricdən tapıb.

“DokuBaku” festivalında Mətləb Muxtarovun qalib gələn “12/35“ sənədli filmi “Chaikhana” platforması ilə ortaq işdir.

O zaman Mədəniyyət nazirliyinin kinoya faydası nədir, maliyyə hara gedir?

Bu ilin avqustunda “Azərbaycanfilm”in direktoru Nazim Hüseynovun açıqladığı büdcələrin cəmini təxmini hesablasaq, bu il büdcədən – Qarabağla bağlı sənədli filmlərə, “Qarın qulu”, İnteract layihəsi də daxil olmaqla 1 milyon yarımdan çox pul xərclənib. Üstəlik, sənədli filmlər pitçinqsiz, müsabiqəsiz keçirilib və verilib “Azərbaycanfilm”ə.

3 milyonu da türk şirkətinə veriblər ki, əvəzimizdə serial çək.

Ötən il müstəqil kino-studiyalar üçün nəzərdə tutulan müsabiqəyə ayrılmış 300 mindən qaliblərə hələ də vəsait çatmayıb. Və üstəlik, münsiflərin də qonorarı verilməyib.

Digər milyon yarımla isə nə baş verməsi aydın deyil.

Film istehsalına, debüt layihələrə pul vermək əvəzinə nazirlik “Şuşa söhbətləri” adlı Şuşaya praktiki, mənəvi faydası olmayan “Aşıq Pəri məclisi” formatında layihə edir. Layihənin büdcəsi məlum deyil, hər halda, mən rast gəlməmişəm.

Nəsə, Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Tarixi Zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusunda görüş olub.

Yanılmıramsa, layihənin rəhbəri nazirliyin mətbuatla işinə cavabdeh Məryəm Qafarzadədir. M.Qafarzadə tədbirdə deyib ki, layihənin məqsədi Şuşa mədəniyyətinin dirçəlişi üçün layihələr həyata keçirmək, mövzu üzrə mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdən ibarətdir.

Tədbirdə çıxış edən Rüfət Həsənov deyib ki, son iki ildə nazirlik 70-dən artıq film istehsalata buraxıb. Bunlardan 30 ekran əsəri tammetrajdır. “Whatsapp” statusumda sual vermişdim ki, sənədli filmlər də daxil olmaqla hansı 30 tammetrajlı filmdən söhbət gedir?

Güman ki, statusu kimsə “skrin” edib lazımi ünvana göndərəndən sonra nazirliyin rəsmi saytından “tammetraj” sözü çıxarılıb. Amma başqa saytlarda qalıb axı.

Qısacası, 30 tammetrajlı sənədli film yoxdur, bədii film heç yoxdur, varsa da, adı var ancaq (Başıbəlalı, “Həyat, deyəsən, gözəldir” filmindən söhbət gedir). “Görünməyən qəhrəmanlar” silsiləsinin çoxu 44-46 dəqiqədir ki, bunlar tammetraj sayılmır.

Tədbirin ən maraqlı hissəsi təkliflər bölümü olub və oxuduqlarımdan belə anladım ki, cəmi bir təklif verilib. “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev təklif edib ki, “Dərviş Parisi partladır” filmi fransızcaya dublyaj olunub Fransada göstərilsin. Yəni bu film Fransada Qarabağı Azərbaycanın əzəli torpağı kimi tanıtmasında rol oynayacaq. V.Əliyevin dediyindən o nəticə çıxır ki, xarici siyasətimiz o qədər zəifdir ki, tək ümid qalıb 1976-ci ildə çəkilmiş “Dərviş Parisi partladır” filminə.

Sualım M.Qafarzadəyədir:

Sözügedən görüşdə bu təklifdən başqa Şuşa mədəniyyətinin dirçəlişi üçün hansı önəmli təkliflər səslənib, məhz bu layihənin sayəsində nə kimi praktiki işlər görülüb və hansı mədəni məhsulların həyata keçirilməsi reallaşıb?

Share: