Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xalq yazıçısı Elçinin “N.S.-nın ayaqları” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Aqşin Yenisey
“Xalq yazıçı”sı Elçinin “N.S.-nın ayaqları” hekayəsi mənə ilin əvvəlində Kulis.az-da yayımlanan “Kəlləmayallaq” hekayəmi xatırlatdı. “Kəlləmayallaq” hekayəsində də anormal doğulan və əlləri üstə yeriyən, bu qüsuruna görə sosial şəbəkə fenomeni və reklam çarxlarının ulduzu olan, cəmiyyətin anormallığa marağı sayəsində qüsurunu zənginliyə çevirən azərbaycanlı bir uşaqdan bəhs olunurdu.
“Kəlləmayallaq” Umberto Ekonun “Axillesdən romatizmə qədər ədəbiyyat gözəl olanı qəhrəman seçirdi, romantizmdən sonra eybəcər olanı seçdi” fikrinin təsiri ilə yazılmışdı. Eko, Hüqo haqqında yazdığı essedə deyir bu fikri və Hüqonun eybəcər qəhrəmanları Qvazemodanı, Quinpleni misal göstərir.
Ancaq burada bir məsələ var; zahirən eybəcər olan ədəbiyyata daxili gözəlliyi ilə daxil olur. Yəni ədəbiyyat üçün maraqlı olan eybəcərin fizioloji təsviri deyil, psixoloji təsviridir. Hüqo bu işin öhdəsindən ustalıqla gəlir. Elçin əfəndi, ümumiyyətlə, bu hekayədə hədsiz yekə ayaqların öz sahibində yaratdığı psixoloji vəziyyətlərə maraq göstərmir. Cənab Armnstronqun özü kimi mövzunun şou tərəfinə qaçır. Bu da hekayəni oxuyanda alayarmıçıqlıq hissi yaradır. Sanki yazıçının bizə demək istədiyi budur; Azərbaycanda ayaqları yekə olan bir adam var və o, bu yekə ayaqlarına görə dünyada məşhurdur. Mən əminəm ki, bu hekayənin orijinalı, yəni yazıçının təsəvvüründə olan variantı daha mükəmməldir. Bu baxımdan əsl hekayə Elçinin yazdığı deyil, yazmadığı hekayədir.
Nərgiz Cabbarlı
Elçinin yaradıcılığı, xüsusilə də hekayələrində bir neçə aparıcı tendensiya var ki, hər zaman qabarıq görünür. “N.S.-nın ayaqları” hekayəsi də o seçilən xəttlərdən birini – “absurd xətti”n varlığını bir daha xatırlatdı. Düzdür, geniş kontekstdə götürdükdə yaradıcılığın müəyyən bir mərhələsində bu istiqamət daha qabarıq olub. Amma Elçin elə bir yaradıcılıq xüsusiyyətinə malik yazıçılardandır ki, müəyyən təkrarlanan obrazlara, təkrarlanan detallara, simvollara, xarakterlərə təkrar-təkrar qayıdış onun üçün xarakterikdir və gözləniləndir.
“N.S.-nın ayaqları”nda anadan olanda adi çağalardan qətiyyən fərqlənməyən, lakin ayaqlarının günbəgün böyüyən və «97×31»-ə çatan ölçüsünə görə cəmiyyətdə, ailəsində tənhalaşan birindən söhbət gedir. Özü öz “eybəcərliyi” ilə fəxr edən birisindən. Yalnız anası ilə “bağ”ı görünən, “anasını qucaqlayıb, gözlərini yumanda, anasından gələn doğma, mehriban, isti bir qaranlıq içində ayaqları gözlərinin qabağına gələn” N.S.-dən.
Amma bu eybəcərliyin gündən-genə böyüməsi də, doğma atanın onu qəbul edə bilməyərək ondan üz döndərməsi də (eybəcərliyə göz yummağa, onu görməzdən gəlməyə çalışmaqla qurtulmaq istəməsi!), bu faktı başqa birinin deyil, məhz Amerikadan olan impressario cənab Bred Arminstronqun diqqətini çəkməsi də, məhz onun bu faktı Avropada, Yaponiyada və s. tanınan şousunda dünyaya təqdim etməsi də – təsadüfən edilən, yaxud hadisələrin gedişatından doğan gedişlər deyil. Hekayəni oxuduqca, nə ilə nəticələnəcəyi marağı ilə sonluğa yaxınlaşdıqca bu qədər “absurd”un gətirəcəyi həqiqət zərbəsini gözləyirsən.
Çünki məntiq bunu deyir. Çünki Elçin yaradıcılığında bu hər zaman var. Və… son özünü gözlətmir. Luvr muzeyinə gedib çıxan, Monna Liza rəsminin qarşısında toplaşan insanların diqqətini ayaqlarının tappıltısı, tərpənişi ilə cəlb edən N.S.nin atasına yazdığı sözlər hər şeyi müəllifin əvəzinə öz yekununa vardırır: “Əziz ata! Mən çox xoşbəxtəm. Bu gün Luvrda Mona Lizanın qarşısında toplaşıb, ona baxan insanlar bir anın içində arxalarını Mona Lizaya çevirib, məni əhatə etdilər. Onlar mənim ayaqlarıma baxırdılar. Artıq Mona Lizaya baxan yox idi”.
Məqsədli diqqət və müzakirə obyektinə çevrilən (həm də qlobal səviyyədə!!!), isanları sənətdən, gözəllikdən, ali olan estetik nələrdənsə (gəlin lap “dəyər” deyək!) uzaqlaşdırmanın öz amacə, öz (idarə edilən!) siyasəti, öz amalı var! Yəni gündən-günə böyüməkdə olan eybəcərlik həyatımızı, gündəmimizi, yaşamımızı getdikcə elə bir səviyyədə zəbt etməkdədir ki, hamımız ona baxmaq, onun əsirinə çevrilmək üzərəyik. Əslində, cəmiyyətlə, gedişatla səsləşən və cəmiyyətimizdə baş berən çox prosesləri xatırladan tanış mənzərədir. Hekayədə ifadəsini tapdı…
Təbrik edirəm!
İlham Əziz
Hekayə çox maraqlı problemlə başladı. Hekayənin gedişatının sürreal olacağını gözləyirdim. Yazıçı birdən realizmə dönüş elədi. Hekayədə yaxşı, Elçinə xas detallar vardı. Ayaqlarının daim uzandığını görən uşağın, ayaq izlərini görən ananın hissləri yaxşı işlənib. Yazıçı intellektuallığını bir az önə çıxarıb. Belə exsperimental hekayələrin yazılmasını alqışlayıram.
Şəhriyar del Gerani
Düşünürəm, İlyas Əfəndiyevdən gətirilən sitat qəti şəkildə yerinə düşməyib. “Görəsən, biz hara gedirik?” – sıradan bir sual cümləsidir və bu cümlə bu cümləni işlədən insana müəlliflik hüququ vermir. Şübhəsiz, İlyas Əfəndiyev böyük yazıçı, dramaturqdur. Sadəcə, gətirilən sitat yerinə düşməyib. Necə ki, “Axşamınız xeyir, necəsiz?” – yazıb Viktor Hüqo qeydini etmək absurd görünər, amma “Xoşbəxt olmaq kifayət deyil. Özün-özünlə sülh şəraitində yaşamalısan” – sitatının altından Hüqo yazsan, məntiqli olar. Bu, belə.
Düşünürəm, hekayə uğurlu alınıb, maraqlıdır. Düzü, “Black mirror” serialının mövzularını, motivlərini xatırlatdı. Di gəl, ustaca işlənib. Əlbəttə, Elçin müəllimdən qeyri-usta mətn gözləmək də bizə yaraşmaz. Bu incə tapıntı isə son dərəcə diqqətimi çəkdi: “N.S.-nın ayaqları artıq ayaqqabı ölçüləri ilə yox santimetr ilə ölçülürdü və professor K.S. on dörd yaşlı oğlunun uzunluğu 58 sm olan yalın ayaqlarını parketdə şappıldada-şappıldada gəzməyinə dözə bilməyib, ailəsindən getdi”.
Çox adama elə gəlir ayaq ölçüsü santimetrlə ölçülür, amma elə deyil. Ayaq ölçüsü santimetrlə ölçülmür. Ayaqqabı ölçülərinin xüsusi metodologiyası var. Düşünürəm, “Adiliyin təntənəsi” havasında yazılan gözəl bir hekayə alınıb. Ustada can sağlığı, beləcə yepyeni nəfəsli yaradıcılıq şövqü dilərəm. Eşqlər!
Zamin Hacı
Fikrimcə, bu “hekayə” Qoqolun 1836-cı ildə çap olunan “Burun” povestinin çox uğursuz və mənasız plagiatıdır. Mən Elçin müəllimin həddindən artıq zəif yazıçı olmasını təxmin edirdim, lakin bu qədəri mənə də şok oldu. Görünür bizdə belə adamlar var, fikirləşirlər daha məşhurlaşmışam, nə cızmaqara eləsəm camaat “bəh-bəh”lə qabağına çəkəcək, nuş eləyəcək. Bəlkə də, müəllif hekayədə qəhrəmanın ayağını yox, başqa orqanını uzatsaydı daha maraqlı mətn ortaya çıxardı. Lakin onda belə cəsarət yoxdur.
Ramil Əhməd
Sürəti ilə ayaqlaşmaq üçün təngnəfəs olduğumuz dünyamızda ədəbiyyatın, sənətin nüfuzdan düşməsi məni hüznləndirir. İroniya ilə dolu bu hekayədə dünyanın dəyişən dəyərlər sisteminin orijinal bir şəkildə sorğulanması çox xoşuma gəldi. Bu dəyişimin böyük ayaqlarla simvolizə edilməsində məna qatları dərindir. Hekayədə ailə, cəmiyyət, ümumən dünya olaraq yaşadığımız dövrün mənzərəsi tam şəkildə göstərilir. Hətta hekayənin təhkiyəsindəki zamanın sürəti də dünyadakı prosesə uyğunlaşdırılıb. Bu təhkiyənin özü də zamanın parodiyasıdır elə bil. Nəinki N.S.-nin ayaqları dünyanın özü böyük bir “97×31” şousudur indi və təəssüf ki, biz də bu şounun bir parçasıyıq, ən azı izləyici kimi!
Narıngül Nadir
Elçin Əfəndiyevin “N.S. -nın ayaqları” hekayəsi mövzu və ideya baxımından maraqlı görünür. Oxuyarkən hiss olunur ki, hekayənin məzmunu müəllif tərəfindən əvvəlcədən düşünülüb, necə deyərlər, qəlib hazırlanıb. Birinci cümlə və final çərçivəsi arasındakı mətnin öhdəsindən gəlmək, “hazır qəlibə materialı tökmək” isə təbii ki, Elçin Əfəndiyev kimi peşəkar yazıçı üçün olduqca asan bir məsələdir. Açığı, mətndəki energetikanı, spontanlığı, təhkiyə cazibəsini görə bilmədim. Məncə, Elçin Əfəndiyevin əvvəlki əsərlərindəki spontanlıq, axıcı təhkiyə, poetika ona yazıçı uğuru qazandıran əsas xüsusiyyətlərdəndir.
Hekayə, əslində, qloballaşan dünyanın getdikcə şouya, qeyri-ciddiliyə meyllənməsinə bir işarədir. Müəllif göstərir ki, artıq ciddi sənət əsərləri diqqət çəkmir, insanların zövqü deqradasiyaya uğrayıb, onlar hər yerdə yüngül əyləncə axtarırlar. Belə bir mənasızlıq bazarında Bred Arminstroq kimi işbazlar, cəmiyyətin nəbzini tutan adamlar isə təbii ki, qazanırlar.
Fikrimcə, sonuncu abzas, N. S.-nın atasına göndərdiyi yazı, hekayəyə artıqlıq gətirir. Çünki “…o bir topa insanın hamısı arxasını Mona Lizaya çevirib N.S.-nı dövrəyə aldı və xeyli müddət dağlışmadı” cümləsi artıq mətnin finalını yetərincə işarə edir.
Əli Novruzov
Ayaq fetişini heç vaxt başa düşməmişəm, ona görə də hekayə mənə bir şey demədi. Amma indi liberal zəmanədir, hər mövzuda yazmaq olar və lazımdır. Qoy Azərbaycan ədəbiyyatında da bu mövzuda bir əsər olsun, dünyadakı yeni təmayüllərlə mütləq ayaqlaşmalıyıq.
Bircə hiss olunur ki, hörmətli Elçin müəllimin Avropa və Amerika haqqında təsəvvürləri keçən əsrin 60-cı illərinin İnostranka jurnalı səviyyəsində qalıb. Tövsiyə edərdim ki, Nyu York Taymsa abunə olsun. Birinci ili 40 dollardır, ikinci ildən 100 dollar olur.
Orxan Həsəni
Son vaxtlar yazılan hekayələrin xarakterinə fikir versək, belə məlum olar ki, ədəbiyyatımız daha çox sosial-maddi problemlərdən güc alır. Kasıblıq azarına düşmüş adamların hekayəsi bədii həllini axtarır. Mirmehdi Ağaoğlunun “İşıq” hekayəsində olduğu kimi, bəzən, bu mövzudan uğurlu hekayələr də çıxır. Bu tendensiyanın cəmiyyətdə baş verən sosial dəyişikliklərin ədəbiyyatda təzahürü olduğunu düşünürəm. Və geniş araşdırma tələb etdiyindən əminəm. Yəqin ki, yaxın zamanlarda bu barədə əhatəli yazacam. Elçinin hekayəsi isə xarakter etibarilə son vaxtların tendensiyasından tamamilə fərqlidir. O konkret ideyanı götürmüş, onun bədii həllini açıq situasiyada həll etmək istəmişdir. Hekayənin qəhrəmanı uşaqlıqdan ayağı anormalcasına böyüyən N.S adlı obrazdır. N.S-nın ayaqlarındakı anormalıq atasının ondan imtinasına səbəb olur. Vaxt keçir, il dolanır və qəhrəmanın anormallığı şöhrət qazanmasına səbəb olur. Qastrollar başlayır və N.S Luvr muzeyinə daxil olur. Müəllif N.S-nın ayaqları ilə Mona Liza portretini qarşılaşdırır. Müqayisə nəticəsində insanlar N.S-nın ayaqlarını seçirlər.
Elçin bu hekayədə pop-kültürün tənqidçisinə çevrilmişdir. O, heç bir zəhmət çəkmədən məşhurluq əldə etmiş bir şəxsin nəhəng sənət əsəri ilə müqayisədə üstün tutulmasını göstərməklə müasir aləmin sənətə və həyata baxışını ifadə edir. Hekayənin bütün qapı-pəncərələri açıq idi. Müəllif şərhə ayaq yeri qoymamışdır. Bu mənada hekayəni asanlıqla birqatlı adlandıra bilərik.
Ümumən, hekayənin bədii atmosferdən, bədii çalardan yetim olduğunu düşünürəm. Ədəbiyyatımızın klassiklərindən biri olan, mənim də zaman-zaman sevərək oxuduğum Elçinin digər hekayələri ilə müqayisədə “N.S-nın ayaqları” xeyli zəif təsir bağışladı.