“Qarabağda nəsli kəsilməkdə olan bir neçə heyvan növü var. Məsələn, ceyranlar vaxtilə, tarixən orada yaşayıblar. Həmin işğaldan azad olunmuş ərazilərimizdə tarixi bir şansdır ki, biz onları qaytarıb bərpa edirik”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov deyib. O bildirib ki, respublikada ceyranların sayı vaxtı ilə Mərkəzi Aran düzənliyində, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində 10 minlərlə olub:
“1960-cı illərdə bu say cəmi 200 başa gəlib çatmışdı. O vaxt onların bərpasına başladılar. 1961-ci ildə ilk yasaqlıq yaratdılar. Akademik Həsən Əliyevin rəhbərliyi ilə proqram quruldu və ciddi işlər görüldü. Əvvəlcə yasaqlıq, daha sonra isə qoruq yaradıldı. 1985-ci ildə artıq 3500 ceyran bərpa olunmuşdu. 90-cı illərdə yenidən təlatümlü vaxtlar başladı və ceyranların sayında azalma müşahidə olundu. 2003-cü ildə Şirvan Milli Parkı yaradıldı və daha da böyük ərazilər qatıldı. 65 min hektar ərazi ceyran üçün mühafizə altına alındı. Bizim keçənilki son təhqiqatlarımız göstərir ki, təkcə Şirvan Milli Parkında 6500 civarında ceyran var”.
Elşad Əsgərov onu da qeyd edib ki, hazırda harada bərpası mümkündürsə, orada işlər aparılır:
“Ceyranlar tarixən çox yerdə yaşayıblar. Məsələn, Ceyrançölün adında ceyran var, lakin özündə qalmayıb. Nəsli tükənib. İndi biz həmin ərazilərdə ceyranları bərpa etməyə başlayırıq. Hətta bu ceyranlardan Gürcüstana da vermişik, orada da artıb. Hazırda da işğaldan azad olan torpaqlarımızda bu işləri icra etməyə başlamışıq. Qarabağda Arazboyu düzənliklərdə həmişə ceyran olub. İlk buraxılış dünən oldu və bu davam etdiriləcək”.
Onun sözlərinə görə, təkcə ceyran yox, başqa nəsli kəsilməkdə olan heyvanların da bərpası olacaq:
“Başqa heyvanlar da var ki, onların da nəsli kəsilməkdədir və həmin ərazilərdə bərpası olacaq. Məsələn, maral hələ Böyük Qafqazda, Zaqatala, Balakən və İsmayıllıya qədər olan meşələrimizdə var. Həmin ərazilərdə qoruqlar və milli parklar var. Amma Kiçik Qafqazda demək olar ki, çox yerdə nəsli kəsilib. Biz həmin ərazilərdə də bərpa işləri aparacağıq.
2001-ci ildən Naxçıvanda ov qadağan olunduğu üçün orada heyvan aləmi yaxşı bərpa olunub. Məsələn, keçilər orada yaxşı bərpa edilib. Hətta gedib kəndlərə də çıxırlar. Çünki kəndlilər onlara əl vurmurlar. Elə Naxçıvanda olan heyvanlardan Kiçik Qafqaza gətirərək bərpasını aparacağıq”.