Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Report xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– Futbolçuları və azarkeşləri təbrik edirəm. Vacib 3 xal qazandıq. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik.
Miçel yenidən zədələndi?
– Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.
“Qəbələ” ilə keçirilən oyunla müqayisədə bu matç daha gərgin keçdi…
– “Qəbələ” ilə oyun, onun gedişatı fərqli idi. Fasilədən sonra ilk matçımız idi. Həmin matçda hər hansı kiçik səhvdə rəqib bizi cəzalandıra bilərdi. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq.
Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbiləşdirirdi…
– Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.
Kubokun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?
– Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.
Müstəqil.Az