Təranə MUSAYEVA
(Hekayə)
Uzandığı yerdən otağın tək pəncərəsinə gözünü dikmişdi. Ölkədən kənarda yaşayan iki oğlu bu gün – sabah gəlməli idilər. Hər halda votsappla görüntülü danışanda elə demişdilər. Ana incik olsa da sevincindən içi içinə sığmırdı. İllərlə köçüb uzaqlarda köç salsalar da yenə balaları idi.
Ataları sağ olanda hamı ocaq başında olardı. Ata rəhmətə getdikdən sonra pərən-pərən düşdülər. Əvvəlcə kiçiyi işsizlikdən Rusiyaya – Vladimir şəhərinə getdi. Dostunun tapdığı altı aylıq suvaq işində işləyib geri dönəcəkdi. O gedəndən altı ayın tamamına az qalmış böyük qardaşa çoxdan nüraciət etdiyi uzaq diyardan – Kanadadan viza gəldi. Kiçik qardaşı nə də olsa az sonra anasının yanına dönəcək, ana tək qalmayacaq, deyib getdi.
Getdi… Beləcə ananın doğulduğu gündən bəri onunla bağlı xəyallarının qapısına qıfıl vurdu. Gedişi elə ani oldu ki, ana onun üçün gözaltı etdiyi qızların adını çəkib birini evinə gəlin gətirməyə belə macal tapmadı. Beləcə ən az beş il Vətəninə qayıtmaq şansı qazanmadan Vətənini tərk edib getdi.
Doğrudur, o gedəndə qardaşı gələnə qədər tək qalmasın deyə qonşu kənddə ərdə olan bacısının oğlunu anasının yanına qoyub getdi; ancaq Rusiyada altı aylıq iş bitdikdən sonra yenidən bir illik iş götürən qardaş geri dönməyəndə bacıoğlu da geri – öz evlərinə döndü. Səfurə ana nəvəsinin ailəsindən, məktəbindən, dost-tanışlarından daha artıq ayrı qalmaması üçün təkidlə onu evlərinə yolladı… – ‘Mən uşaq deyiləm, tək qalmaqdan da qorxmuram. Öz evim, öz obamdı. Yenə məktəb tətillərində, həftə sonları gələrsən’ – deyib nəvəsini onlara baş çəkməyə gələn ata-anasına qoşub evlərinə yollamışdı. Çünki Niyaz evin böyük oğlu idi və evin çöl-bayırla bağlı bütün işlərində Birinci Qarabağ savaşından sol əlinin dörd barmağını itirmiş atasına yardım edərdi. Savaşlarda itkilər müxtəlif olur – kimi bədəninin görünən və görünməyən üzvlərini itirir, kimi şərəfini, ləyaqətini itirir, kimi insanlığını, kimi də bütün həyatını. İtki itki olsa da bəziləri üçün bu itkilər qazanc kimi də ola bilir – xüsusən şərəflərin itkisi qazanca dönə bilir.
Müharibə çox ağrılı prosesdi; eyni zamanda istər bu prosesin getdiyi zaman dilimində, istərsə də bitdikdən sonra açılmayan düyünlər, qapalı qutular çox olur. Bunlar gizli qalmayıb insanlar arasında söz-söhbət şəklində dolansa da müəyyən dairələrdə – bu çözümləri, düyünləri açacaq olan yerlərə gedib çıxa bilmir, beləcə bu zaman dilimində edilən şərəfsizliklərin çoxu cəzasız qalır. Çünki insanlar bildikləri məsələləri dilə gətirib pis olmaq istəmirlər. Lap elə Safura ananın kürəkəninin ailə içində danışdığı söhbət olsun. Qarabağ savaşının ilk aylarında onunla eyni batalyonda vuruşan biri qızğın döyüşlərin birində yox olur. Adamdan ən kiçik iz belə qalmır. Bir qolu, başı, saçından bir tutam – yox, heç bir iz qalmır. Əvvəlcə əsir düşdüyünü güman edirlər, amma vəziyyəti, vuruşduqları yeri, erməni düşmənləri ilə yaxınlıq dərəcəsini düşünəndə belə bir təxminin boş olduğuna qənaət gətirirlər. Yəni, adam yağlı əppək olub o gecə göyə çəkilir. Təbii ki qeydlərə “itkin” kimi keçir. Atəşkəs dönəmində ailəsinin müraciəti ilə – uşaqlarının da az yaşlı olmasını nəzərə alıb ona “Şəhid”lik statusu verilir. Verilir verilməsinə, amma günlərin bir günü Rusiyanın ucqarlarına çörək axtarmağa gedən bir Qazi həmkəndlisinə rast gəlir. Adam cəbhədən qaçıb Rusiyaya gedib, orda başqa adla pasport alıb, evlənib, ailəsi də burda Şəhid statusundan yararlanır. Bu yuxarıdakı şərəfsizliyin tam bariz nümunəsidir. Bilirsən, amma heç nə edə bilmirsən!
*
Üç gün sonra Safurə ananın rəhmətlik yoldaşının il mərasimi olacaqdı. Oğlanlarının bu qədər ildən sonra ata ocaqlarına gəlmələrinin bir səbəbi də bu idi. Bəlkə havalarən soyuq keçməsinə görə, bəlkə ananın övladları ilə bağlı düşüncələrinə görə, bəlkə də neçə ildi həyatla tək başına mübarizə apardığına görə idi, bədəni sızıldayır, hər yeri ağrıyırdı. Neçə gündü davam edən bu narahatlığı Safurə ana vecinə almamışdı. “Keçər” – deyib işində-gücündə olmuş, oğlanlarının gəlişinə hazırlığını görmüşdü. Bu gün – tam da onların gələn günü canına düşən titrəmə onu yatağa saldı. Beləcə yatağında uzanıb gözlərini otaqdakı tək pəncərəyə dikmişdi.
*
Doqqazın səsinə gözlərini açan kimi otağa ildırım sürətilə girən qızı Gülzarı gördü.
-Aaaa…… Ana, sən niyə yatırsan? İndicə gələcəklər. Bilirsən də Moskvadan gələn təyyarə Bakıya daha tez çatmışdı. Vidadi ən az baş saat aeroportda oturub Türkiyə vasitəsilə Bakıya gələn qağamı gözləyib ki, evə birlikdə gəlsinlər. Dur, dur ayağa, səni belə yataqda görməsinlər.
Gülzarın gözlərindəki duyğulu sevinci görməmək mümkün deyildi. Bədəni payız yarpağı kimi əsir, bir yerdə qərar tuta bilmirdi. Saçlarını yenicə boyatdığı gicgahlarındakı boyadan məlum olurdu. Əynindəki donunun tikişləri sığallanmadığı üçün təzə tikildiyi məlum olurdu. Hər zaman qalın corablı ayaqları bu gün zərif, incə ət rəngli corabla örtülmüşdü. Gülzar danışa-danışa çoxdandı boya görməyən dırnaqlarının boyasına baxıb süfrəni hazırlamağa girişdi.
*
– Qağa, mənim yanımda ən yaxşı rus dərmanları var. İkisini verək anaya, içsin sabaha heç bir şeyi qalmayacaq!
– Vidadi, sən nə danışırsan? Nə rusu? Adə, rus qalıb, dərmanı da qalsın? Sən görənlər rusun xod gedən zamanlarında idi e. İndi Allah bilir nədən, nələrdən hazırlarıyırlar o dərman deyib aldıqlarını! Yoo, verə bilmərəm, anamı zəhərləyər o dərmanlar.
– Qağa, sabah atamın qəbri üstə getməliyik, sağalmalıdı ana. Bir də rusların indiki vəziyyətini dərmanları ilə niyə ölçürsən e sən?
– Dediklərini mən də bilirəm. Sağalacaq anam. İndi ona bir Amerikanski dərman verəcəm, içən kimi olacaq bizim uşaqlığımızda olan kimi. Sabah da qəbr üstə gedəndə heç atam belə onu tanımayacaq.
Gülzar sakit səslə söhbətə qoşuldu:
– Cəlal soyuqlayanda Bakıdan dərman gətirmişdilər onun üçün, elə Bakı istesalıdı, ondan qalıb, verim bəlkə? Anında tərlədəcək, qızdırmasını da aşağı salacaq və yatıracaq. Yata bilsə sabaha tam sağalar.
– Nə Bakı ay qız, dəli olmusan? Bu cür qiymətli Amerika, Rusiya istehsalı dərmanlar olan yerdə sən Bakı istehsalından danışırsan?…
…
Safurə ana qonşu otaqda dərmanlarla bağlı edilən söhbətləri uzandığı yerdən dinləyirdi. Əli əsə-əsə güllü ipək üzlü yorğanı üstündən kənara atıb çılpaq ayaqlarını aşağı salladı və çarpayının yanına qoyulmuş tərliklərinin içinə saldı. Yana əyilmiş yaylığını açıb təzədən başına bağladı və əl atıb çarpayısının ayaq tərəfindən qalın yun jaketini götürüb əyninə geyindi.
Yatdığı otaqdan əvvəlcə şüşəbəndə, ordan da mətbəxə keçdi. Stolun üstündəki çaynikin içinə dolabdan götürdüyü itburnu, zoğal axtası, çobanyastığı, quru nanə töküb dəm alması üçün az atəşin üzərinə qoydu. Balaca qazana termosdan isti su töküb azacıq duz əlavə elədi; su qaynayanda əvvəldən kəsdiyi quşdili xəngəlləri qazana töküb elə ocağın yanında gözləməyə başladı. Bir neçə dəqiqədən sonra mavi çöl çiçəkli boşqabdakı gavalı turşulu xəngəli qaşıqla ağzı yana-yana içdikdən sonra üstündən də bir stəkan dəmlədiyi çaydan içdi. Başının yaylığını açıb üz-gözünün tərini sildikdən sonra yenə ehmalca yatağına qayıdıb yerinə girdi.
Bu müddətdə anaya veriləcək dərmanla bağlı bir qərara gələ bilməyən övladları ananın özündən soruşmaq üçün otağına girəndə onun yatdığını gördülər. Sakitcə çay işmək üçün mətbəxə keçəndə mavi güllü boşqabı və yarımçıq içilmiş çayı gördülər.
*
Safura ana sabah yerindən əvvəlki gumrahlığında hamıdan əvvəl qalxıb çay süfrəsini hazırladıqdan sonra həyat yoldaşının qəbrini ziyarət etmək üçün geyinməyə başladı. Bir müddət paltarlarına göz gəzdirdi. Böyük oğlunun Kanadadan, kiçik oğlunun Rusiyadan alıb gətirdikləri bir-birindən bahalı paltarları, jaketləri, baş örtüklərini səliqə ilə bir yana qoyub, iyirmi il əvvəl rəhmətliyin onunçun Bakıdan alıb gətirdiyi inciçiçəkli paltarı əyninə geyinib ağ zərif saplarla işlənmiş örpəyini başına örtdü. hər ikisi 37 nömrə olan biri Amerika, biri Rusiya, biri Çin istehsalı olan ayaqqabıların heç biri 37 nömrəli ayağına olmadığı üçün elə o zamanlar rəhmətlik Ənvərinin aldığı Bakı 2 saylı ayaqqabı fabrikinin istehsalı olan ayaqqabılarını ayağına geyindi…