Kulis.az Zamin Hacının “Geriyə baxıb, daşa döndüm” adlı yazısını təqdim edir.
“Şah Abbas cənnət məkan,
Tərəziyə verdi təkan.
İki qoz, bir girdəkan”.
(nağılımızdan)
Atabəylər dövləti haqda serial çəkiləcəkmiş. 24 seriya nəzərdə tutulan film AzTV-nin projesidir. Bu baxımdan maliyyə sarıdan vəziyyət, yəqin, yaxşı olacaq. Tarixçi alimlərimiz, Türkiyədən kinoçəkənlər və başqa yoldaşlar da işin içindəymiş. Sitat: “Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb”.
Kino çəkirsənsə, azad olmalısan. “Qonşu dövlətlərlə münasibət faktoru” nə deməkdir? Belə çıxır serialı qorxa-qorxa çəkəcəklər. “İran, Rusiya nə deyər?” mənasında. Bu, bizim kino sektorunun böhranını göstərir. Nəinki öz mədəniyyət nazirliyimizdən, başqa dövlətlərin mədəniyyət nazirliyindən gələcək prikaz və fətvalardan çəkinirlər.
Sabir Rüstəmxanlı, deyəsən, bir dəfə intervüsündə gileylənmişdi ki, “Cavad xan” filmini telekanallar göstərmir, çünki Rusiya səfiri narazı qalarmış.
İnsafən, o film o qədər zəif, bəsit filmdir ki, onun göstərilməyini heç mən də istəmirəm, ancaq bu başqa temadır.
Hərçənd, bizdə tarixə həmişə siyasi konyunkturdan yanaşma olduğundan yaxşı nəticələrə ümidim, ümumiyyətlə, azdır. Hətta, bəlkə, ən doğrusu bizim tarixçi alimləri o serialdan uzaq tutmaq olardı. Mən uşaq olanda bizə SSRİ tarixi keçirdilər, baş-beynimizi Buz döyüşü, Kulikovo, nə bilim, yapon-rus müharibələri kimi səydəş və lazımsız temalarla doldururdular. Bu yaxında 8-ci siniflər üçün “Azərbaycan tarixi” kitabına baxırdım. Onu oxuyan uşaqların, savadlı adamlar demiş, koqnitiv dissonans yaşayacağına şübhə etmirəm. Nəyə görə?
Kitabın hansı səhifəsini açırsansa, orda “Osmanlı üstümüzə yürüş elədi”, “Osmanlı filan ərazimizi işğal elədi” tipli cümlələr, başlıqlar doludur. Osmanlı da türk dövləti olub, Səfəvilər də. Bunun biri o birinə dava açıbsa, prosesin adına necə “işğal” deyə bilərik?
O zamanlar sanki BMT səviyyəsində tanınan dövlət sərhədləri varmış… Elə bir dövr idi hamı hamı ilə dalaşırdı. Bəlkə, indiki Azərbaycan ərazisində yaşayan kəndlilərə o zaman Osmanlı Səfəvilərdən daha xoş olub, haradan bilirik? İki qardaş, hətta daha dərinə getsək eyni kökdən gəlmə tayfalar ərəblərin dini üstündə təfriqəyə düşüb, bir-birini qırıblar. Bunu indi uşaqlara ağızdolusu tədris eləməyin mənası nədir? Üstəlik, uşaq dərsdən çıxıb evdə, televizorda Ərdoğanla İlham Əliyevin Zəngilan səfərinə baxıb sevinirsə…
Yeri gəlmişkən, həmin 8-ci sinif dərsliyində bir epizod da diqqətimi çəkdi. Hətta buna bir az güldüm. Şah Abbas haqda yazmışdılar. Oranı aldı, buranı aldı… Təbii, uşaqlarının gözünü çıxartması, hakimiyyət uğrunda qohum-əqrəbasını, vəliəhdini öldürməsini yazası deyildilər ki? Uşaqları qorxutmaq olmaz. Ancaq bu saysız və indidən baxanda çox mənasız görünən döyüş tarixçələrini, rəqəmləri oxuya-oxuya, yazıq uşaqların test imtahanlarında nə çəkdiyini fikirləşə-fikirləşə bir də baxırsan yazılıb:
“Şah Abbasdan sonra hakimiyyət Şah Səfiyə keçdi”.
Qardaşım, o boyda hökmdar hara yox oldu? Niyə bunun haçan ölməyi, necə ölməyi haqda bir cümlə də yazmırsınız? Bəlkə, Şah Abbas-cənnətməkan (nağıllarda deyilən kimi) heç ölməmişdir, hazırda yaşayır?
Bunlar hamısı qəribədir. Qonşularla münasibət məsələsinə qayıtsaq, Türkiyə parlamentində AKP-dən Mahir adlı deputatın Atatürkün dil, əlifba islahatına tənqid yağdırması da bizim üçün aktualdır. Deyir, gül kimi ərəbcə, farsca danışırdıq, əlifbamız ərəb hərfləriydi, Atatürk gəldi, bunları dəyişib bizi kökümüzdən ayırdı. Deyir, nəticədə biz əski əlifbadakı irsimizdən uzaq düşdük.
Sanarsan, Osmanlı dövründə milyonlarla kitab dərc edilibmiş, türklər bunsuz qalıb. Oxşar iddialar bəzən bizdə də səslənir. Halbuki, Quttenberqin ixtirasına bu bölgələrdə əsrlər boyu “şeytan arabası” gözüylə (lap Əlisəttar Atakişiyevin ölümsüz filmindəki kimi) baxıblar. Rəqəmlər var: Atatürkə qədər Türkiyədə camaatın cəmi 5 faizi oxuma-yazma bilirmiş.
Latın əlifbasına keçid isə bütün türk xalqları üçün fövqəladə önəmlidir. Bu əlifba dəyişməsinin önəmini 19-cu əsrdə Axundov hamıdan qabaq başa düşmüşdü. Osmanlı sarayına gedib qəbula yazılmışdı, eşidən olmamışdı. Axundovun öz dilindən eşidək:
“Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar”.
AKP-li deputatın, yaxud orda deyilən kimi, millət vəkilinin osmanlı dilinə həsrəti lap gülməlidir. Siz Tanrı, görün bundan nəsə başa düşürsünüz:
“Amed-i medid ve ahd-i ba’iddir ki daniş-gâh-ı istifadede nihade-i zanu-yı taleb etmekle arzu-yı kesb-i edeb kılıp gerçi irre-i ahen-i berd-i gûşiş-i bî-müzd zerre-i fulad-ı fu’ad-ı infihamı hıred edemeyip şecere bî-semere-i isti’daddan yek-bar-ı imkân intişar-ı nüşare-i asar-ı hayr-ül me’ad as’ab-ı min-hart-ül katad olup ancak piş-nigâh-ı ihvan ve hullanda hem-ayar-ı nühas-ı hassas olan hey’et-i danişveriyi zaharif-i tafazzul ile temviye ve tezyin edip bezm-gâh-ı sühan-gûyanda iksar-ı sersere ile ser-halka-i ihvab-ı hava-ayin olmuş idim”.
Deputat bunu qaytarmaq istəyir.
Bir dəfə Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin hansısa məqaləsini dərc elətdirmişdi, heç nə anlamadım. O qədər qəliz, ərəb-fars sözüylə doluydu. Bu da həmin İstanbul mühitindən irəli gəlirdi. Bizim tarixdə bu mövzuda “füyuzatçılar” və “mollanəsrəddinçilər” davası olub. İndinin özündə bəzi ziyalı yazıçılarımız var, “önəmli” yerinə “vacib”, “durum” yerinə “vəziyyət”, “uğur” yerinə “müvəffəqiyyət” yazmağımızı istəyirlər. Deyirlər guya bu, ana dilimizi Türkiyənin təsirindən qoruyacaqdır. Biabırçı bir durumdur, heç bilmirsən nə deyəsən. Farsın, ərəbin təsiri türkün təsirindən önəmliymiş. Az qalır desinlər erməni dili daha gözəldir.
Bəlkə də, belə deyən adamların qanını yoxlamaq lazımdır.