Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə terroruna həsr olunmuş “Günahsız qurbanlar” tamaşasının nümayişi keçirilib.
Tamaşanın nümayişində Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Bərdə, Gəncə, Mingəçevir, Ağcabədi Regional “ASAN xidmət” mərkəzlərinin rəhbərləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri, Bərdə rayon Gənclər İdman İdarəsinin əməkdaşları, o cümlədən digər idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət, təhsil işçiləri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdən öncə Bərdə Şəhidlər Xiyabanı, erməni terroru zamanı Bərdə şəhərində şəhid olanların xatirəsinə həsr olunmuş “Xatirə lövhəsi” ziyarət olunub, həlak olmuş hərbi və mülki şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Bərdə Xalq Teatrının rejissoru Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi mənfur erməni silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı zamanla terror və soyqırım aktları törədərək hərbi cinayətlər həyata keçirmələrini bir daha göstərmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlanan Vətən müharibəsindəki Şanlı Qələbəmizi təbliğ etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək və insanların mədəniyyət, teatr sahəsinə cəlb olunmasını təmin etməkdir.
Təsirli səhnələr ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.
Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Bərdə Regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışaraq əməyi keçənlərə təşəkkürlərini çatdırıblar.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə Regional “ASAN xidmət” mərkəzi adından tamaşada xidməti olan şəxslərə Fəxri Fərmanlar, dəyərli hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Müstəqil.az