Kulis.az Simran Qədimin “Oxumaq öyrənməkdirmi?” adlı essesini təqdim edir.
“Kitabı müəllif yaradır, onun aqibətini isə cəmiyyət”.
Viktor Hüqo
Gözlərimizi sözlərin, cümlələrin üzərində sürətlə gəzdirib ard-arda səhifələri çevirmək, tələm-tələsik bir kitabı bitirib o birisini əlimizə almaqla nəsə öyrənmək olmur. Kitabların çoxluğunu, zamanın azlığını nəzərə alanda say artırmağın mənasızlığı daha aydın görünür. Keyfiyyəti kəmiyyətin ayağına verib yeri gəldi-gəlmədi “bu kitabı da oxumuşam, onu da bitirmişəm!” demək, önə çıxmaq instinktiylə əlimizdə kitab sosial şəbəkələrdə şəkil paylaşıb başqalarından “üstün” olduğumuzu özümüzə və başqalarına göstərməyə çalışmaq hələ oxuduqlarımızı mənimsədiyimiz anlamına gəlmir.
Oxuduğunu mühakimə etməmək oxumamaq deməkdir.
Hər zaman yanlışlıqlarla, məntiqsizliklərlə, təhriflərlə, manipulyasiyalarla qarşılaşa bilərik. Ona görə də əgər diqqət etməyib skeptik, şübhəçi yanaşmanı əldən versək, arayıb-araşdırmaq bacarığını, vərdişini qazanmasaq, asanlıqla aldadılacaq, zombiləşərək yalanlarla, cəfəngiyatlarla dolu dərin-dərin uçurumlara yuvarlanacağıq. Digər bir məqam: lap hər şey qaydasında olsa, təhrifdən, manipulyasiyadan söhbət getməsə belə, düşünmədən, mühakimə etmədən oxumaq oxuduğunu başa düşməmə, yanlış anlama, tamam fərqli şəkildə yozma ehtimalını artırır.
Önəmli olan nə qədər oxumaq deyil, nəyi, niyə, necə oxumaqdır.
Mütaliədə fikir verilməli müəyyən nüanslar var: əvvəlcə oxuduğumuz sözlərin, cümlələrin mənasını başa düşmək, ardınca vacib bildiyimiz məqamları yadda saxlamaq, zehnimizə həkk etmək, sonra isə lazım gələndə öyrəndiklərimizi çətinlik çəkmədən beynimizin bir küncündən götürüb həyatın müxtəlif istiqamətlərində tətbiq etmək. Məsələn, oxuduğumuz materialları adi söhbət edirmiş kimi asanlıqla danışmaq istəyiriksə, bir şeyi nəzərə almalıyıq: üzündən bircə dəfə oxumaqla –xüsusən mürəkkəb mətnləri – anlamaq, yadda saxlamaq və danışmaq mərhələlərindən keçmək mümkün deyil. Beyin diqqətini eyni anda müxtəlif səmtlərə yönəldəndə çox tez, həddən artıq yorulur, bezginlik hissi yaranır, xərclədiyimiz zaman və enerji boşa gedir.
Oxuduğumuz cümlələrin nə anlama gəldiyini başa düşməkdən ötrü əsas şərt diqqətlə, aram-aram oxumaqla yanaşı, savadımıza, bilik səviyyəmizə uyğun kitablar seçməkdir. Həddən artıq qəliz, bizə tamam yad ifadələrlə, terminlərlə zəngin mətnlər mütaliədən soyumağımıza, kitaba qarşı “allergiya” yaranmasına səbəb olursa, sadə, bəsit, asan qavranılan əsərlər vaxt itkisinə, zehni tənbəlliyə gətirib çıxarır. Bilik səviyyəmizdən bir azca artıq olan, yeni, fərqli təfəkkür qapıları açan, amma, eyni zamanda, anlaya, qavraya bildiyimiz kitablar seçməyimiz daha məqsədəuyğundur. Çətinlik çəkdiyimiz yerləri isə hissə-hissə, fasilələrlə, müəyyən detalları aydınlaşdırmaq üçün internetdən araşdırma apararaq oxumaq olar.
Mükəmməl oxucu çox kitab oxuyan deyil, oxuduğunu dərindən mənimsəyəndir.
Oxuduqlarımızı – hamısını olmasa da, ana fikirləri, mətnin nüvəsini – yadda saxlamaqdan ötrü əsas şərt mütaliə zamanı bolluca qeydlər aparmaqdır. Gərəkli saydığımız məqamları, çıxardığımız nəticələri ya kitabın üzərində çəkinmədən işarələməli, ya da kənarda – istər xüsusi ayırdığımız dəftərdə, istərsə də mobil tətbiqlərdə – qısaca yazmalı, sonradan isə təkrar-təkrar təkrarlamalıyıq. Bir şeyi hər növbəti dəfə yenidən oxuyanda beyin fərqli məqamlara, gözdən qaçan, heç fikir verilməyən detallara diqqət yetirir, bilgini get-gedə yaddaşın daha dərin qatlarına, etibarlı guşələrinə həkk edir.
Ən iti zəkaların da hafizəsi məhduddur, yaddaşı acgözlüklə yox, saf-çürük edərək, səliqə-sahmanla doldurmalıyıq.
Oxuduqlarımızı lazım gələndə çətinlik çəkmədən beynimizin bir küncündən götürüb həyatın müxtəlif istiqamətlərində tətbiq edə bilməkdən ötrü isə əsas şərt təsadüfi, qarma-qarışıq, xaotik mütaliənin əvəzinə, düşünülmüş, planlı, məqsədyönlü “oxu proqramı”na üstünlük verməkdir. Aldığımız bilgilər gündəlik yaşamımızla, işimizlə, şəxsi inkişafımızla kəsişdikcə nəzəriyyədən təcrübəyə, əmələ keçid yaranar, özümüzə dəyər qatdığımızdan, xərclədiyimiz zaman və enerjinin boşa getmədiyindən əmin olarıq.
Oxumağın ehtiyacdan yaranması bir reallıqdır. Axı bir şeyi dərinliklərinəcən bilməyə ömür yetmirsə, hər şeyi necə bilmək olar?
Bu gün hər an, hər saniyə smartfondan yapışıb quqllamaqla, vikipediyanı, interneti ələk-vələk etməklə son dərəcə nəhəng, ucsuz-bucaqsız məlumat okeanına yelkən aça bildiyimiz bir zamanda – Data dövründə yaşayırıq. İndi başlıca məqsəd nələrisə öyrənməkdən, beyində lazımsız bilgi məzarlığı yaratmaqdan çox, yeni-yeni düşüncə fırtınaları qoparmaq, zehni vitaminlə zənginləşmək, ideya artilleriyalarıyla silahlanmaqdır. Hər dəfə oxuduğumuz kitabın sonuncu səhifəsini çevirəndə dönüb geriyə baxmaqda, suallarla özümüzü sınamaqda, təftiş etməkdə böyük fayda var: mən buradan nə aldım? Hansı məlumatları, mövzuları, düşüncə tərzlərini öyrəndim? Emosional spektrlə necə tanış olub, hansı emosiyaları yaşadım?
Dəyişən dünyada, aramsız transformasiyalara uğrayan müasir dövrümüzdə insanların həyata uyğunlaşması, cəmiyyətə inteqrasiya etməsi üçün vaxtaşırı bilik və bacarıqlarını, dünyagörüşlərini, təfəkkürlərini dəyişdirmələri, format etmələri tələb olunur. Bu mənada, “Niyə kitab oxumalıyıq?”, “Hansı kitabları oxumalıyıq?”, “Kağız, elektron, ya audio kitablar?”, “Oxu proqramını necə qurmalıyıq?” kimi suallardan sonra “Oxumaq öyrənməkdirmi?” mövzusuna üz tutmaqla belə bir nəticəyə gəlmək olar: əsas məsələ tək öyrənmək yox, həm də öyrənməyi öyrənməkdir.