Ticarət beynəlxalq əlaqələrin, ölkələr arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayır. Əlverişli coğrafi mövqedə və ticarət dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda da ticarətin tarixi qədimdir. Şərqlə Qərb arasında İpək Yolu ticarət marşrutu üzərində qərarlaşması Azərbaycana hər zaman geniş imkanlar yaradıb.
Bəs bu gün Azərbaycanın xarici ticarət əlaqələri necə inkişaf edir?
Oxu.Az xəbər verir ki, ölkəmizdə karbohidrogen asılılığını aradan qaldırmaq üçün geniş islahatlar proqramının uğurla aparılması bu sahədə əsaslı dönüş yaradıb. Aparılan islahatlar sayəsində iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı uğurlu nəticələr əldə olunub. Bu gün Azərbaycan daxili tələbatı ödəməklə yanaşı, dünya bazarına qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı məhsulları ixrac edir. Ölkəmiz həmçinin kosmik xidmətləri ixrac edən azsaylı ölkələr sırasında yer alır.
Azərbaycanın güclü iqtisadi potensialı, yaradılmış əlverişli biznes və investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin fəaliyyətə başlaması, qeyri-neft məhsulları ixracının stimullaşdırılması, təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrinin dinamik inkişafı üçün əsaslı zəmin yaradıb. Nəticədə ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası daha da böyüyür, ticarətin əmtəə strukturu genişlənir.
Statistikaya nəzər salsaq, ticarət tərəfdaşlarının sayının və ixrac olunan məhsulların çeşidlərinin artmasını müşahidə edərik. Bu amillər ölkəmizin xarici ticarət sahəsindəki uğurlarını əks etdirir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39,81 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 10,29 milyard ABŞ dolları, ixracın həcmi isə 29,52 milyard ABŞ dolları təşkil edib. Xarici ticarət saldosu müsbət 19,23 milyard ABŞ dollarına, ticarət tərəfdaşlarımızın sayı isə 178-ə çatıb ki, bu da dünyanın əksər ölkələri ilə səmərəli ticari əlaqələrimizin mövcudluğunu göstərir.
Həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 73,3 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə iki dəfə artıb.
Müsbət tendensiya qeyri-neft ixracının coğrafi şaxələndirilməsində və çeşidinin genişləndirilməsində də müşahidə olunur. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsulları ixrac etdiyimiz tərəfdaş ölkələrin sayı 5,7 faiz, qeyri-neft məhsullarının ixrac çeşidi isə 11,1 faiz artıb. Göründüyü kimi, qısa müddət ərzində məhsul çeşidinin sayında əhəmiyyətli artım olub. Qeyri-neft məhsullarının ixracı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Burada hansı sahələr üzrə daha çox məhsul ixrac edildiyi də maraqlıdır. Məlumat üçün qeyd edək ki, qeyri-neft məhsullarının ixracının 29,4 faizini ilkin kənd təsərrüfatı məhsulları, 7,7 faizini kənd təsərrüfatı emalı məhsulları təşkil edib. Sənaye üzrə ixrac isə 62,9 faiz olub.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizin qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşları Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə, ABŞ, Qazaxıstan, Niderland, Rumıniya, İtaliya, Bolqarıstan və digər ölkələr olub. Beləliklə, qlobal kataklizmlər fonunda ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması, sahibkarlığa dəstək tədbirlərinin intensivləşdirilməsi, sərmayə cəlbediciliyinin artırılması, yeni və rəqabətyönümlü istehsal sahələrinin, sənaye zonalarının inkişaf etdirilməsi, aqrar sahədə innovasiyaların tətbiqi və digər amillər qeyri-neft məhsulları istehsalının və buna müvafiq olaraq ixracın nəzərəçarpacaq dərəcədə artmasına, habelə xarici ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafına, bu sahədə yüksək nəticələrin əldə olunmasına münbit zəmin yaradır.
Yetər ki, biznes dairələri ixrac imkanlarını reallaşdırmaq, ixrac müstəvisində daha geniş təmsil olunmaq və yeni bazarlara çıxış əldə etmək üçün təşəbbüs və səylərini artırsınlar. Dünyanın yeni iqtisadi-siyasi reallıqları isə yeni imkanlar, yeni qapılar açır. Sahibkarlar, dövlət şirkətləri isə bu imkanları lazımınca dəyərləndirməli, istehsalı və ixracı daha da artırmalıdırlar ki, həm özləri qazansınlar, həm də iqtisadiyyatımız güclənsin.